Gözəl insan, etibarlı dost, bacarıqlı təşkilatçı...

Faiq Babayev onu tanıyanların qəlbində ən xoş xatirələrlə yaşayacaq

 

Aprelin 17-si səhəri Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Bakı Turizm Peşə Məktəbinin direktoru Faiq Babayevi tanıyanlar üçün üzücü bir xəbərlə açıldı. Sakit təbiəti, mədəni davranışı və mehribanlığı ilə hər zaman ətrafındakı insanların sevgisini qazanan Faiq müəllim dünyasını dəyişmişdi.

Faiq Babayev 1950-ci ildə Bakının Mərdəkan qəsəbəsində dünyaya gəlib. 1967-ci ildə M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, təhsil ocağını mühəndis-texnoloq ixtisası üzrə bitirib.

O, 18 yaşında, 2-ci kursda oxuyarkən elə təhsil aldığı Azərbaycan Neft və Kimya İnstitutunda əmək fəaliyyətinə başlayıb. Sonrakı illərdə 2 saylı Texniki Peşə Məktəbində komsomol katibi, Bakı Şəhər Komsomol Komitəsində Pioner və gənclər şöbəsində, Nərimanov Rayon Partiya Komitəsində təlimatçı işləyib. Göründüyü kimi, Faiq müəllim eyni zamanda ictimai fəal bir insan olub.

Ali təhsil aldığı ixtisas üzrə isə 1981-ci ildən işləməyə başlayıb. Həmin vaxtdan 1993-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Texniki Nəzarət Şöbəsində mühəndis kimi fəaliyyətini davam etdirib. 1993-2000-ci illərdə özəl şirkətə rəhbərlik edib.

Fəaliyyət göstərdiyi bütün sahələrdə xalqına, ölkəsinə sonsuz məhəbbəti ilə seçilən Faiq Babayev 2000-ci ildən dövlət qurumlarında çalışıb. Həmin vaxtdan 2006-cı ilə qədər Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində Gənclik Beynəlxalq Turizm Mərkəzində direktor müavini, 2006-2012-ci illərdə isə mərkəzin direktoru işləyib.

Faiq Babayev 2012-ci ildən Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbində çalışırdı. 2013-cü ilə qədər məktəbin tədris istehsalat işləri üzrə direktor müavini, o vaxtdan həmin tədris ocağının direktoru idi.

Faiq Babayevin nəzərində şəxsi problem anlayışı yox idi. Məhz elə bu səbəbdən də dostları onu mərd, sözünün üstündə durmağı bacaran, etibarlı dost, iş yoldaşları yaxşı təşkilatçı, kollektivlə dil tapmağı bacaran, hər bir insanın problemini öz problemi kimi qəbul edib onu həll etməyə çalışan bir rəhbər kimi səciyyələndirirlər. Faiq müəllimi tanıyanlar, onunla uzun illər dost, yoldaş, həmkar olan hər kəs üçün bu gün onun haqqında keçmiş zamanda danışmaq çox çətindir.

O, Bakı Turizm Peşə Məktəbinə rəhbərlik etdiyi qısa müddət ərzində kollektivin rəğbətini qazanmaqla yanaşı, tədris ocağının bir çox təsərrüfat problemlərinin həllinə nail ola bilmişdi.

Faiq müəllim həm də nümunəvi ailə başçısı, üç övlad atası idi.

Faiq Ələskər oğlu Babayevin adı onu tanıyanların, sevənlərin qəlbində hər zaman işıqlı və xoş xatirələrlə yaşayacaq. Allah rəhmət eləsin.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.-  22 aprel.-  S. 11.