Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edildi

 

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilən “İrs günləri festivalı”nda Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun təqdimatı oldu

 

Aprelin 18-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə layihəsi olan “İrs günləri festivalı”nın açılış mərasimi keçirildi. Festival çərçivəsində Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun təqdimatı oldu. Layihənin əsas məqsədi tarixi ərazilərdə qorunub saxlanılan mədəni irsin təbliği, mədəniyyət qoruqları arasında mübadilənin aparılmasıdır.

 

“Tarixi dəyərlərimizi yeni nəslə olduğu kimi çatdırmalıyıq”

 

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə iştirakçıları təbrik etdi, əlamətdar gün haqqında danışdı: “Bütün dünyada bu gün tarixi yerlərə, bəşəriyyətin tarixi abidələrinə diqqət yetirilir, müxtəlif tədbirlər keçirilir. Sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra dünyanın mədəni xəritəsində öz yerini tutmağa nail olub. Bu gün Azərbaycan xalqının zəngin mədəniyyətinin bir sıra nümunələri artıq bəşəriyyətin mədəni irsinə çevrilib”.

Nazir vurğuladı ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tarixi abidələrin qorunması və bərpası ilə bağlı mühüm işlər həyata keçirilir: “Bu gün Azərbaycan tarixinin dərindən öyrənilməsinə xüsusi diqqət yetirilir. Ölkə başçısının sərəncamı ilə Azərbaycanda yeni mədəniyyət qoruqları yaradılır, tarixi yerlər, abidələr aşkar olunaraq bərpa edilir. Azərbaycan xalqının mədəni dəyərlərinin qorunub saxlanılmasında və tanıdılmasında Heydər Əliyev Fondunun da böyük rolu var. Fondun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə bağlı görülən işlər əvəzolunmazdır”.

Əbülfəs Qarayev xalqımızın əsrlər boyu yaratdığı mədəni irsin, ənənələrin qorunduğunu vurğulayaraq qeyd etdi ki, bu ənənələrimizi, tarixi dəyərlərimizi yeni nəslə olduğu kimi çatdırmalıyıq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev “İrs günləri festivalı” haqqında məlumat verdi: “Bu gün həyata keçirilən tədbirin əhəmiyyəti olduqca böyükdür. Qoruqların idarə olunması, işin səmərəliliyinin artırılması ilə bağlı fikir mübadiləsi aparılmasına ehtiyac var. Gələcəkdə tarixi mədəniyyət qoruqları arasında əlaqələrin gücləndirilməsi istiqamətində işləri davam etdirəcəyik”.

İdarə rəisi qədim Qala qəsəbəsi, burada yerləşən abidələr barədə də danışdı: “Qala qəsəbəsi Azərbaycanın qədim yaşayış və sənətkarlıq mərkəzlərindən biridir. 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən “Qala” qoruğunda abidələr bərpa olunub, arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. 2011-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qoruq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi strukturuna daxil edilib. İdarə tərəfindən ərazidəki 260-dan artıq abidənin öyrənilməsi və bərpası üçün işlər görülür. Qoruğa gələn turistlərin sayında ildən-ilə artım müşahidə olunur”.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbir çərçivəsində Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun təqdimatının keçirilməsinin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Qala qəsəbəsi ilə Lahıc kəndi arasında milliliklə qədimliyin qorunması baxımından bir çox oxşarlıqlar var.

Tədbirdə çıxış edən Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanışlıqdan məmnun olduğunu dedi. “Qala” qoruğundakı abidələrlə tanış olan səfir Azərbaycanın minillik dövlətçilik tarixinin əyani şahidi olduğunu, bu mədəni irsi bütün dünyaya tanıtmağın vacibliyini vurğuladı.

Sonra qonaqlar Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun təqdimat sərgisi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi ilə tanış oldular.

 

Mədəni irsə ehtiramın təcəssümü

 

Festivalda qədim sənətkarlıq mərkəzi olan Lahıc kəndindən gəlmiş misgərlərin, zərgərlərin, xalçaçıların, naqqaş və başqa sənət ustalarının yaratdıqları sənətkarlıq nümunələri, yerli məhsullardan hazırlanmış milli mətbəxə aid təamlar, onların hazırlanma qaydaları nümayiş olunurdu.

Lahıcdan gəlmiş ustalar əl işlərinin hazırlanması ilə məşğul idilər. Dulusçular gildən müxtəlif qablar düzəldir, misgərlər misdən hazırladıqları müxtəlif əşyalar haqqında məlumat verir, milli geyimli qızlar müxtəlif geyim əşyaları toxuyurdular. Qoyun dərisindən hazırlanmış papaqlar, xalçalar, müxtəlif əşyalar nümayiş olunurdu.

Festival iştirakçıları bildirdilər ki, belə layihələr ölkəmizin fərqli bölgələrinin bağlılığını və bənzərliyini nümayiş etdirmək baxımından olduqca əhəmiyyətlidir. Əsmər Məmmədova layihənin davamlı olması arzusunu dilə gətirdi: “Belə tədbirlər biz gənclərə ölkəmizin mədəni dəyərlərinin daha da dərindən təbliğ olunması baxımından çox vacibdir. Milli adət-ənənəmizə uyğun olan müxtəlif ornamentli əşyalar məndə daha çox maraq oyatdı. Heç vaxt görmədiyimiz bəzi əşyalar var ki, onlarla burada tanış oluruq”.

Qala qəsəbəsi sakini Tahir Məhərrəmov qoruqda yaradılan şəraitin mədəniyyətimizə göstərilən yüksək diqqət və qayğının nəticəsi olduğunu vurğuladı: “Belə bir tədbirin təşkili xalqımızın mədəniyyətə, elmə, sənətə olan böyük hörmətinin təcəssümüdür. Burada Azərbaycan mədəniyyətinin bir hissəsi nümayiş olunur, amma diqqət yetirəndə görürük ki, ölkəmizin hər bir guşəsi nə qədər zəngindir”.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2015.- 22 aprel.- S. 8.