Min nəfəs, bir səs türk teatrlarını bir araya gətirib

Türkiyənin Konya şəhərində türkdilli teatrların ənənəvi Min nəfəs, bir səs teatr festivalı keçirilir. Bu il 8-ci dəfə təşkil olunan festivalda Azərbaycanı Şəki Dövlət Dram Teatrı təmsil edir. Kollektiv festivalda J.B.Molyerin Xəsis tamaşasını təqdim edəcək. Festivalın proqramına Türkiyə, Azərbaycan, Qazaxıstan, Dağıstan, Başqırdıstan, Türkmənistan, Kipr, Albaniya və Xakasiya teatrlarının tamaşaları da daxildir.

Festivalda fəxri qonaq qismində Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov iştirak edir. Xatırladaq ki, ötən il Milli Dram Teatrı festivalda ölkəmizi Dədə Qorqud dastanının motivləri əsasında hazırlanmış İlahi oyun tamaşası ilə təmsil etmişdi. Festival müddətində məşhur türk dramaturqu Haldun Tanerin xatirəsinə həsr olunmuş beynəlxalq pyes müsabiqəsi də keçiriləcək. TÜRKSOY və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən müsabiqənin münsiflər heyətində professor İsrafil İsrafilov da yer alacaq.

 

Mədəniyyət.- 2015.- 22 aprel.- S. 8.