Turizm informasiya mərkəzləri şəbəkəsi genişlənir

Son illərdə turizmin sürətlə inkişaf etdiyi bölgələrimizə səfər edən turistlərin sayının artması və ölkəmizdə təşkil olunacaq I Avropa Oyunlarının bu sahənin inkişafına müsbət təsiri nəzərə alınaraq turizm xidməti səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, regionlarda turizm məhsulunun təşviqi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində daha altı Turizm İnformasiya Mərkəzi yaradılıb. Bunlar Qusar, Qəbələ, İsmayıllı, Bərdə, Şəmkir və Mingəçevir turizm informasiya mərkəzləridir. Bununla da ölkəmizdə turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb.

Mərkəzlərin əsas məqsədi daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, informasiya texnologiyaları vasitəsilə ölkəmizin müvafiq regionunun turizm potensialı haqqında məlumatları dünyanın hər bir nöqtəsinə çatdırılmasıdır. Xüsusi saytlar vasitəsilə dünyanın hər bir yerindən insanlar bölgədəki istirahət məkanlarında əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş verə bilərlər.

Turizm informasiya mərkəzləri tərəfindən bölgənin turizm potensialının təşviqi və onların fəaliyyətinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet istiqamətlərdən biridir.

 

Mədəniyyət.- 2015.- 11 aprel.- S. 7.