Alqışlar Telman Adıgözəlovundur!..

Nədənsə hər dəfə onun simasını, kinolentlərdən, fotolardan gülümsəyən gözlərini, qulaqlarda cingiltiyə çevrilən şirin söz-sovlarını görüb-eşidəndə ölümsüzlük barədə ah-vaylar edirəm. Sənətkar itkisi tamaşaçı-pərəstişkar düşüncəsində daim ağrılı, kədərli, sənət anlamında isə sadəcə sarsıdıcıdır.

 

“İnsanlar bir-birini əvəzləyir”, lap elə “əvəzolunmaz insan yoxdur” kimi sərt reallıqlar bu zaman sadəcə söz, təsəlli olsa da, onun yeri hələ də boşdur. Ölümünün 5-ci ildönümündə hər bölgənin ləhcəsində danışıb, hamının dilini bilib ürəyinə yol tapan, lakin bircə ölümlə yollaşa bilməyən unudulmaz aktyoru, Xalq artisti Telman Adıgözəlovu xatırlayacağıq.

 

Sənətdə sənətkar

 

O, milli teatr və kinomuzda istedadı ilə tamaşaçını anın içində ram edən, yaxşı mənada aldada bilən aktyorlardan idi. Telman Adıgözəlov ekranda görünən kimi ölkənin hər yanının insanı vahid dildə, həm də hər kəsin danışığında dinən-dindirən adama diqqət kəsilirdi. Beləcə, bütün məmləkətinin insanlarının sevgisini qazanıb sevimlisinə çevrilmişdi o. Ömür yolu sadə olan aktyor mürəkkəb sənət yolunda özünə aid və heç kimin şübhə etmədiyi məktəb yaratmışdı. Bu, məhəllə cahıllarından pirani qocalara hər kəsi güldürən, düşündürən, yeri gəldikdə özünü ən sərt üslubunda - qrotesklə göstərən sənətkar yolu idi...

 

Adidən adi ömür

 

Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda doğulmuşdu. Əslən ordubadlı idilər. Bir az səhhət nigarançılığı, rayonun iqlimi ilə uzlaşmayan uşaqlığı olmuşdu. Nəticədə ailə Bakıya köçmüşdü.

Şaqraq gülüşü, hazırcavablığı, ətrafında baş verən proseslərə fərqli baxışı, bədahətən münasibəti onu yaxın çevrəsinin sevimlisinə çevirmişdi. Beləcə, ilk tamaşaçıları onun gələcək həyat yolunu da müəyyən etmişdi - aktyorluq. Belə də oldu və 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdi.

Gənc aktyor böyük sənət arzuları ilə 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başladı. Qısa zamanda teatr səhnəsində maraqlı obrazlar yaratdı. C.Məmmədquluzadənin "Dəli yığıncağı"nda Zəncirvuran, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"ında Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, U.Şekspirin "Maqbet"ində Flins, M.İbrahimovun "Közərən ocaqlar"ında Xanəhməd, S.Vurğunun "Vaqif"ində Təlxək, Elçinin "Mənim sevimli dəlim" əsərində Professor və s. rolları tamaşaçılar tərəfindən sevildi, alqışlandı.

O, rolun miqyasına, qəhrəman tipajına önəm verməyən, sadəcə səhnədə olmanın səadəti ilə bütün sənət ambisiyalarından uzaq aktyor idi. Onu tanıyanlar, səhnədə tərəf-müqabil olanlar xatirələrində məhz bu məqama yer ayırırlar.

Son olaraq sənət dostu, Xalq artisti Ramiz Novruzun müəllifi olduğu "Hələ "sevirəm" deməmişdilər" tamaşasında oynayan T.Adıgözəlov sanki həm tamaşaçılarına, həm də dramatik aktyor kimi onun potensialından istifadə etməyən, sırf komik çalarlı rollara dəvət edən rejissorlara ismarışını verdi.

O daha çox "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", “Evləri köndələn yar”, “Yarımştat” və s. televiziya tamaşalarındakı maraqlı rolları ilə, hər bir obrazının dilindən səslənən ifadələri ilə dillər əzbərinə çevrilmişdi. "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayan sənətkarın yaradıcılığı layiqli qiymətini də almışdı. 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdü.

 

Ölümü utandıran adam

 

O, həyatın anlamını çoxdan, özü də içində ağlayıb üzündə gülə-gülə dərk etmişdi. Elə etibarsızlığını da. Ona görə hər ad gününü sükutla, kədərlə, tənhalıqla keçirərmiş. Ta dostları onu bu təklikdən qoparanadək. Amma bu da uzun sürmədi, ağrı-acılara, həyatın bütün çətinliklərinə şax, ayaq üstə, mətanətlə baxan aktyor qoxusunu doyunca ciyərlərinə çəkdiyi bir bahar səhərində, 2010-cu ilin 17 aprelində bu dünyaya vida etdi. Onun qəfil gedişindən sarsılan sənət dostu Ramiz Novruz "Həmin gün ölümün özü də sarsılmışdı. Bəlkə də Əzrayıl utanırdı. Telman Əzrayılı utandıran adam oldu. Ölüm ona yaraşmırdı", - deməklə, sanki hər kəsin qəlbindən keçənləri dilə gətirdi.

Həyatının 57-ci baharında dünyadan qəfil gedişi ilə sevənlərini göz yaşına boğdu. Üzündəki xəfif təbəssümü ilə yaddaşları dalayan, əslində ən komik obrazlarının alt qatındakı dramatik aktyor tipinin tapılacağı günə ümid bağlayan sənətkar son obrazı, həyat səhnəsindəki son faciəli rolu ilə əbədi alqışın səadətində köçdü səhnədən...

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 15.