Bakıda sağlamlıq turizmi ilə bağlı workshop keçirildi

Aprelin 22-də «Qafqaz Baku City Hotel»də sağlamlıq turizmi ilə bağlı «Turbiznes» adlı workshop keçirildi. Rusiyanın «Turbiznes» təşkilatı, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi və Azərbaycan Turizm Assosiasiyasının birgə təşkil etdiyi tədbirdə sağlamlıq turizminin imkanları təqdim olundu.

 

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin əməkdaşı Yuliya Konoplenko qəzetimizə açıqlamasında bildirdi ki, workshopda Azərbaycanın 40-a yaxın turizm şirkəti iştirak edir. Onun sözlərinə görə, iştirakçılara Avstriyanın termal su mənbələri, Avropaya ekskursiya turları, ekzotik istiqamətlər, sağlıq turları barədə məlumat veriləcək, eyni zamanda Almaniyanın ən yaxşı hotelləri, Ştutqartın tarixi-mədəni abidələri, Kosta-Blankada (İspaniya) yerləşən və «Avropanın turizm fenomeni» adını almış Benidorm haqqında təqdimat ediləcək.

Tədbirin təşkilatçısı Rusiyada fəaliyyət göstərən «Turbiznes» təşkilatının koordinatoru Kristina Sivovanın sözlərinə görə, bu onların Bakıda reallaşan 5-ci tədbiridir: “Budəfəki tədbirdə Rusiya, İspaniya, Almaniya və digər ölkələrdən 10-dan çox şirkət öz imkanlarını təqdim edir. Burada «GCH Hotel Group», «TIME Europe GmbH», «Hotel Loipersdorf Spa & Conference», «Profkurort», «Ştutqart & Cənub-Qərbi Almaniya», «Radisson Royal», Benidorm Turizm Ofisi və digər müalicə turizmi ilə məşğul olan mərkəzlər var».

Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndirən qonaq ölkəmiz haqqında təəssüratlarını da bölüşdü: «Bu, Azərbaycana 3-cü səfərimdir. Hər dəfə Bakıya gələndə şəhərinizin daha da gözəlləşdiyinin şahidi oluram. Buradakı dostlarımın köməyi ilə müxtəlif məkanlara getmək imkanım olur. Turistlərə təqdim etməyə o qədər gözəl yerləriniz var ki, bunlarla istənilən insanı heyrətləndirmək mümkündür».

Tədbirdə iştirak edən «OK Tours» şirkətinin şöbə müdiri Ramiz Qafarov müxtəlif ölkələrdən olan həmkarları ilə görüşün əhəmiyyətini vurğuladı. Artıq 5-ci dəfədir «Turbiznes» workshopunda iştirak etdiklərini deyən şirkət nümayəndəsi qeyd etdi ki, bir çox əlaqələrini məhz bu tipli tədbirlər vasitəsilə qurublar. Onun sözlərinə görə, «OK Tours» eyni zamanda Rusiyanın Mineralnıye Vodı şəhərində fəaliyyət göstərən turoperatorun Bakıdakı rəsmi nümayəndəliyidir: «Azərbaycanlılar bu şəhərə çox səfər edirlər. İl ərzində təkcə bizim nümayəndəliyimiz vasitəsilə 2 mindən çox turist göndəririk. Onu da deyim ki, Azərbaycanın sağlamlıq mərkəzlərinə də Rusiya və keçmiş MDB məkanından gələnlər çoxdur. Təkcə Naftalandakı sanatoriyalara hər il minlərlə insan gəlir».

 

Fəxriyyə Abdullayeva

Mədəniyyət.- 24 aprel.- S. 9.