Fəxriyyə Məmmədovanın fərdi sərgisi açılıb

YAY qalereyasında fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın “Dua*s” adlı fərdi sərgisi açıldı.

Keramikaçı və dizayner ixtisası üzrə təhsil almış Fəxriyyə Məmmədova Azərbaycan Rəssamlar İttifaqı və Fotoqraflar Birliyinin üzvüdür. 2012-ci ildən YARAT Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələrin iştirakçısıdır. Fotokameranın hüdudsuz imkanları kreativ dizaynerin əlində, onun xırdalıqlardakı gözəlliyi və əhəmiyyəti ortaya çıxara bilmək bacarığı sayəsində yaradıcılığı üçün qeyri-məhdud imkanlar açıb.

“Dua*s” sərgisi yalnız gündəlik həyatın rakursları, detalları ilə deyil, həm də maraqlı işləmə texnikası ilə cəlbedicidir. Sənətkar fotoslaydları şəffaf kuba əridib qatır və onlar bir-biri ilə kəsişdikdə başqa ölçülü məkandan baxış təəssüratı yaradır.

Bizi əhatə edən dünyada hər element, hər cizgi əhəmiyyətli ola bilər. Bunun üçün ona başqa bucaqdan baxmaq gərəkdir. Getdikcə sürətlənən zaman daxilində baş verən nəhəng informasiya axınında gözəl anı tutmaq hərdən çətin olur.

“Dua*s” layihəsində Fəxriyyə Məmmədova öz modelini təqdim edir. Onun işlərində zaman sanki “sehrli mücrülər”də qorunur. Yəni, zaman çoxahənglidir, çoxtəbəqəlidir və baxış bucağından asılı olaraq, işıq və çalarlarla bərq vurur. Fəxriyyə Məmmədovanın işləri son illər Azərbaycanın müasir incəsənətinə dair bütün sərgilərdə yer alıb. YARAT Müasir İncəsənət Məkanının layihələri ilə yanaşı, “Fly to Baku” sərgilərində, habelə 2013-cü ildə 55-ci Venesiya İncəsənət Biennalesində Azərbaycanı təmsil edib.

YAY qalereyasında fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın “Dua*s” adlı fərdi sərgisi iyunun 5-dək davam edəcək.

 

Mehparə

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 7.