Gənc Tamaşaçılar Teatrından daha bir əməkdaşlıq layihəsi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyası Kalmıkiya Respublikasının Milli Dram Teatrı ilə yaradıcılıq əlaqələrini davam etdirir.

İki teatrın direktorları Mübariz Həmidov və Qalina Şurayeva tərəfindən imzalanmış müqaviləyə əsasən sənət ocaqları arasında 2012-2014-cü illərdə qastrol səfərləri həyata keçirilib. Ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Kalmıkiyada Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb. Cavab addımı olaraq Kalmıkiya teatrının bədii rəhbəri Boris Manciyev Gənc Tamaşaçılar Teatrında Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında “Cəhənnəmdən məktublar” tamaşasına quruluş vermək üçün bugünlərdə Bakıya gələcək.

Tamaşa musiqili pritça kimi nəzərdə tutulub. Əsas rolları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov və teatrın gənc aktyorları ifa edəcəklər.

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 6.