“Kölgənin o tərəfində”

Qara Qarayev müasir musiqi festivalı çərçivəsində multimedial opera nümayiş olunub

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI Müasir Musiqi Festivalı çərçivəsində daha bir əsərin təqdimatı aprelin 23-də Gənc Tamaşaçılar Teatrında gerçəkləşdi. Teatrın səhnəsində Vladimir Tarnopolskinin “Kölgənin o tərəfində” (“Jenseits der Schatten”, 2006) multimedial operası nümayiş olundu. Yeni Musiqi Studiyası Ansamblının (Rusiya) təqdim etdiyi tamaşanın dirijorları İqor Dronov və Fuad İbrahimov idi.

Opera 2006-cı ildə Bethoven festivalının sifarişi ilə Bonn Opera Teatrı üçün yazılıb. Əsərin ssenarisi bəstəkar Vladimir Tarnopolski tərəfindən qədim yunan mütəfəkkirləri Platonun “Mağara haqqında əfsanə” və Pliniusun “Təsviri incəsənətin yaranışı” haqqındakı əfsanəsinə əsaslanır. Platon bizim yaşadığımız dünyanı mağara kimi, bütün insanları isə bu mağaranın məhbusları kimi təsvir edir. Məhbuslar yalnız mağaranın divarında həqiqi dünyadan gələn işığın əks etdirdiyi əsrarəngiz kölgələri görürlər. Bu kölgələri məhbuslar həqiqi dünya kimi qəbul edirlər. Öz əfsanəsi ilə Platon bizə görünənlər və həqiqi dünya arasında mövcud uçurumu ifadə edir.

Pliniusun təsvir etdiyi başqa əfsanəyə görə kölgə təsviri incəsənətin proobrazı kimi çıxış edir. Bir qız müharibəyə yollanan sevgilisinin kölgəsinin ətrafını cızmaqla təsadüfən rəsm yaradır. Beləcə təsviri incəsənət yaranır.

Operanın dramaturgiyası iki xəttin paralel inkişafında qurulub. Birinci üç sənət alleqoriyası (qadın triosu) ilə təmsil olunur. İkinci xətt mağaranın məhbuslarıdır (kişi triosu), onların proobrazları kimi Rodinin Kölgələr heykəlinin (Cəhənnəm qapıları) fraqmenti çıxış edir. Multimedial opera tamaşaçılar tərəfindən maraqla qarşılandı.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 2.