Azərbaycan və Norveçin gənc ifaçılarının konserti

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) ilə Norveçin Bergen Universitetinin Edvard Qriq Akademiyasının Avrasiya kamera orkestri adlı birgə layihəsi çərçivəsində hər iki akademiyanın gənc ifaçılarından ibarət kamera orkestri yaradılıb.

Aprelin 12-dən 18-dək BMA-nın tələbələri layihə çərçivəsində Bergen Universitetinin Edvard Qriq Akademiyasında olublar. Onlar akademiyanın 11 tələbəsi ilə birgə Qara Qarayevin, İqor Stravinskinin, Norveç bəstəkarlarının əsərlərindən ibarət konsert təqdim ediblər, habelə tələbələrin bəstələrini səsləndiriblər.

Aprelin 23-də BMA-nın böyük zalında həmin proqram üzrə birgə konsert olub. Akademiyanın prorektoru, Xalq artisti, professor Yeganə Axundovanın sözlərinə görə, bu konsert BMA-nın 2008-ci ildən sıx əməkdaşlıq etdiyi Bergen Universiteti ilə növbəti uğurlu layihəsidir. O deyib: Bizim bir neçə layihəmiz olub. Bu əməkdaşlıq çərçivəsində müəllim və tələbə mübadiləsi aparılır. Tələbələrimiz Bergen Universitetində bakalavr və magistr dərəcələrində təhsil alırlar. Bu gün Arif Məlikovun tələbəsi Vüsal Namazlının Fəryad əsərinin də təqdimatı olacaq.

Orkestrin nəfəsli alətlərində Norveçin, simli alətlərində BMA-nın tələbələri ifa ediblər. Konsertə Rikardo Odriozola dirijorluq edib.

Mədəniyyət.- 2015.- 24 aprel.- S. 2.