20 ilin “Olaylar”ı

 

Aprelin 24-də Mətbuat Şurasında “Olaylar” qəzetinin və eyniadlı informasiya agentliyinin 20 illik yubiley tədbiri keçirildi.

Şura sədri Əflatun Amaşov tədbiri açaraq yubilyar kollektivə və “Olaylar”ın baş redaktoru, yazıçı-dramaturq Yunus Oğuza təbriklərini çatdırdı. Bildirdi ki, Yunus Oğuz hələ «Olaylar»ı yaratmazdan öncə də mətbu fəaliyyətlə məşğul olub. Bu fəaliyyət cəmiyyətə azad düşüncə tərzinin gətirilməsinə xidmət edib. O, hələ müstəqillikdən öncə qeyri-leqal nəşrlər kimi tanıdığımız «samizdat»ları ərsəyə gətirməklə xalqın milli özünüdərki istiqamətində aparılan proseslərə töhfə verib. Yunus Oğuzun 1995-ci ildə təsis etdiyi «Olaylar» qəzeti və «Olaylar» informasiya agentliyi başlanılmış işin daha mütəhərrik qaydada davamı baxımından əlamətdar səciyyə daşıyıb. Sonra Ə.Amaşov “Olaylar”ın yubileyi ilə bağlı MŞ-nin təbrik plaketini Y.Oğuza təqdim etdi.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli “Olaylar”ı cəmiyyətdə özünü təsdiqləmiş etibarlı informasiya orqanı kimi səciyyələndirdi. Eyni zamanda Y.Oğuzun şəxsiyyətini xarakterizə edən cəhətlərdən və onun tarixi faktları bədii yaradıcılığa gətirmə dəst-xəttindən söz açdı.

Şuranın idarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də təbriklərə qoşularaq cəsarətli qələm adamı kimi 30 ildən bəri tanıdığı Y.Oğuzun fəaliyyətindən bəhs etdi.

Şuranın idarə heyətinin üzvü, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Xalq” qəzetinin baş redaktor müavini Tahir Aydınoğlu və digər çıxış edənlər “Olaylar” qəzeti və informasiya agentliyinin Azərbaycanın müasir jurnalistika tarixindəki yerindən söz açdılar, Y.Oğuzu istedadlı qələm sahibi, publisist və yazıçı kimi dəyərləndirərək ona və rəhbərlik etdiyi kollektivə yeni uğurlar arzuladılar.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 15.