“Əbuhübb. Monamor”

 

Aydın Talıbzadənin yeni romanının təqdimatı keçirildi

 

Aprelin 24-də “Aydınlığa doğru” İctimai Birliyində tanınmış teatrşünas, sənətşünaslıq elmləri doktoru Aydın Talıbzadənin yeni kitabının - “Əbuhübb. Monamor” romanının təqdimat mərasimi keçirildi.

 

Tədbiri giriş sözü ilə açan birliyin rəhbəri Solmaz Əmirli əvvəlcə tədbir iştirakçılarını A.Talıbzadənin həyat və yaradıcılığından bəhs edən video-çarxa baxmağa dəvət etdi. Sonra kitab haqqında fikir bildirmək üçün söz tənqidçilərə, dramaturqlara, oxuculara verildi.

Tanınmış dramaturq Əli Əmirli Aydın Talıbzadənin “Əbuhübb: Monamor” romanını ədəbiyyatımızda güzəştə ehtiyacı olmayan yeni hadisə kimi dəyərləndirdi: “Bizdə bir vərdiş yaranıb: hamı bir ağızdan deyir ki, ədəbiyyatımızda hadisə ola biləcək əsər yoxdur. Son iyirmi beş ildə yaranmış yaxşı-pis, bütün əsərlərin üstündən insafsızcasına qalın bir xətt çəkilir. Bunun nə qədər yanlış bir iddia olduğunu asanlıqla, çox düşünmədən təkzib etmək mümkündür. Mən tənqidçi olmasam da, bir oxucu kimi dediyim zaman kəsiyində yaranmış və heç olmasa ölkə səviyyəsində ədəbi hadisə olan xeyli əsər adı çəkə bilərəm. Amma sözüm onda deyil, mən diqqəti haqqında danışdığım romanın üzərinə çəkmək istəyirəm. “Əbuhübb. Monamor” müasir roman janrının bütün tələblərinə artıqlaması ilə cavab verən əsərdir: fəlsəfi tutumu, ictimai məzmunu, dəqiq və aydın strukturu, parlaq personajları, kəskin süjet xətti, çevik və bütöv kompozisiyası ilə yeni ruhlu müasir bir əsər! Heç bir güzəştə ehtiyacı olmayan ədəbi hadisə!”

Ə.Əmirli onu da bildirdi ki, roman tam fərqli bir dildə, fərqli bir strukturda yazılıb və çox mətləblərə işıq salır: “Əbuhübb. Monamor” iki bitkin romanın kəsişməsidir: “Bu romanı oxuyub biganə qalmaq və onun haqqında yazmamaq da mümkün deyil. Roman əslində iki romandan ibarətdir, hərəsinin də öz adı: “Əbuhübb. M+O+N+A+M+O+R”. Kifayət qədər mürəkkəb adlardır, hər ikisi də əcnəbi dildə, amma çox dəqiqdir, yerindədir. Romanın ilk səhifəsindən müəllif təhkiyəsi oxucunu ovsunlayır; ekspozisiyaya ehtiyac görməyən müəllif oxucuya nəfəs almağa imkan vermədən onu birinci romanın qəhrəmanı Tolti bəylə üz-üzə qoyur. Bəzən gözəl tənqidçi, teatrşünas kimi tanıdığımız insanlar ədəbi yaradıcılığa müraciət edəndə biz deyirik ki, yazdığın budur? Aydın müəllim həqiqətən də sübut etdi ki, gözəl əsər yazmağı bacarır. Əlbəttə, bu istedadın diapazonunun genişliyindən irəli gəlir”.

Tənqidçi Tehran Əlişanoğlu roman haqqında fikirlərini bildirdi: “Əbuhübb. Monamor” haqqında tələsik fikir demək mümkün deyil. Roman fərqli dildə yazılıb, onu təhlil etmək üçün hələ də lazımi sözlər, terminlər tapa bilmirəm. Bu kitabın ədəbiyyatda çox ciddi dönüş olduğunu söyləyə bilərəm. Yetər ki, insanlar bunu oxusun”.

Səmimi müzakirə formasında keçən təqdimatda müəllif Aydın Talıbzadə “Əbuhübb” romanının ideyasını çoxdan içində gəzdirdiyini söylədi. O, əsərin dil qatları haqqında maraqlı məqamlara toxundu və “biz dostar üçün yazırıq və onların fikri mənim üçün hər zaman önəmlidir”, - deyib oxucuların fikirlərini eşitmək istədiyini bildirdi.

Rejissor Elçin Musaoğlu romandakı gənc və istedadlı rəssam Tuncal obrazının həyatdan götürüldüyünü qeyd edərək əsər haqqında maraqlı fikirlər səsləndirdi.

Xalq artisti, rejissor Ramiz Həsənoğlu da roman barədə yüksək fikirlər söylədi, onun həm də kinematoqrafik bir əsər olduğunu dedi.

Yazıçı Təranə Vahid romanın ədəbi mühitdə əks-səda yaradacağını bildirdi: “Bu, çoxqatlı bir romandır. Əslində fərqli zamanda və fərqli məkanda baş verən, fərqli süjet xətti olan iki romanın bir kitabda kəsişməsidir. Yüksək peşəkarlıqla qələmə alınıb. Süjet xətti, hadisələr o qədər canlıdır ki, oxucu hər sözün, hər hadisənin rəngini, nəfəsini, səsini hiss edir. Sanki filmə baxırsan. Aydın müəllimin bu əsəri müasir roman janrının ən gözəl nümunələrindən biridir. Yeni bir yol, yeni bir başlanğıcdır”.

Qeyd edək ki, “Əbuhübb. Monamor” kitabı “Qanun” nəşriyyatında çap olunub. Bu, Aydın Talıbzadənin bir neçə il əvvəl “Azərbaycan” jurnalında çap olunan “Kəpənək modeli 102” romanından sonra ikinci romanıdır. Əsərdə hadisələr iki dövrdə baş verir: Cingöz xanın yaxınlarından olan Tolti bəy var-dövlətini və yaxınlarını itirir. O, sufi xanəgahında sonralar şeyx-kəbir olacaq oğlu və eyni zamanda nəvəsi ilə gəlib çıxır. Bu oğlanı dərvişlər Əbuhübb adlandırır. Romanın “Monamor” adlanan ikinci hissəsində Tuncal adlı sufi dünyagörüşlü rəssamdan bəhs olunur.

Tədbirin sonunda Aydın Talıbzadə kitabın təqdimatında iştirak edən hər kəsə və təqdimat mərasimini keçirən “Aydınlığa doğru” İctimai Birliyinə təşəkkürünü bildirdi.

 

Mehparə

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 15.