Zənginliyin, sadəliyin simvolu

 

Aprelin 24-də Qax rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Zənginliyin, sadəliyin simvolu adlı xatirə gecəsi keçirilib.

Tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Dilarə Əzizova açaraq Zərifə xanımın alim, pedaqoq, qayğıkeş ana, xeyirxah insan kimi fəaliyyətindən danışıb. C.Cabbarlı adına Mərkəzi kitabxananın əməkdaşı Reyhan Xəlilovanın məruzəsində alimin göz xəstəlikləri sahəsində elmi araşdırmalarından ətraflı bəhs olunub.

Mərkəzi xəstəxananın həkimi Fatma Əhmədova, Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova, Mərkəzi kitabxananın direktoru Güllü Əhmədova, rayon Mədəniyyət evinin metodisti Rəna Məcidova Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən, o cümlədən incəsənətə, mədəniyyətə olan marağından, gözəl pianino ifa etməsindən, ədəbiyyata vurğunluğundan danışıblar.

Mədəniyyət evinin Arzu ansamblı üzvlərinin ifasında mahnılar səslənib. Sonda Zərifə xanımla bağlı video-çarx nümayiş etdirilib.

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 12.