Bizim Əzimzadə zirvəmiz...

 

Karikatura və satirik qrafika banimiz, “iç üz”ləri elə “çöl üz”lərdən tanıyıb-tanıdan korifeyimiz

1880-ci il aprelin 30-da Novxanı kəndində anadan olmuş, uşaqlıqda qarşısıalınmaz rəsm ehtirasına görə mollaxanadan qovulub, ibtidai təhsilini rus-tatar məktəbində almış, yaradıcılığı boyu Azərbaycan (Təbriz) miniatür və rus rəssamlıq məktəbləri ənənələrindən bəhrələnmiş, peşəkar rəssamlığa “Molla Nəsrəddin” jurnalında başlayıb, digər məcmuələrdə də davam etdirmiş dəmir intizamlı, palıd bər-bədənli, polad xarakterli sənətkar...

 

Gəlin, onun böyük yaradıcılıq irsinə öz dövrü üçün məşhur poemalardan birinin bir misrası pəncərəsindən də baxaq: “Bakının dərdi var, - Bakı xəstədir...”

Hə, bütün dövrlərdə olduğu kimi, o vaxtların da sənətkarları ovaxtlarkı Bakının, bakılıların hal-əhvalını əks etdirməyə, gələcəyə çatdırmağa çalışıblar. Ədiblər qələm-dəftərə alıblar, rəssamlar fırça-kağıza. Birincilər onların “iç” üz-işlərini, daxili xur-xüsusiyyətlərini, xarakter “interyer”lərini, ikinclər isə “çöl” aləmlərini, sir-sifət səhnələrini, “fasad” fəsadlarını. Bunların hər ikisi gərəkli idi, vacib idi. Hər ikisi xalqın ədəbiyyat və incəsənət səfinə qoşulur, nəticə etibarilə milli mədəniyyət nəfinə işləyirdi. Ancaq həm də bir fərqlə; qələmlilər çox (hətta “plandan” artıq), firça-karandaşlılar isə “barmaq hesabından” da az. Və “haman o fırçalı” azlardan biri - bu yazı qəhrəmanımız həmin o qələmli çoxluğun “Bənzərəm bir qocaman dağa ki, - dəryadə durar!” müəllifinə tay! Hansı ki, ali təhsil-tədrislə yox, “təbii seçmə üsulu ilə” yetişib, nəinki o azlar içrə, habelə, öz sahəsi üzrə dövrünün bütün Azərbaycan və Yaxın Şərq dünyası üzrə -

 

Zirvə nümayəndə!

 

O çağlarkı sir-sifətimizdəki fizioloji-psixoloji qüsurları güzgülərdən təmiz, təbiblərdən dəqiq, psixoloqlardan fəhmi görüb-göstərmiş bu qüdrətli sanitar-sənətkarın baş mövzusu sosial təzadlar, xalqını geri çəkən adətlər, məişət-məşğuliyyət “muşqulatlar”ı idi. O öz bənzərsiz şəkillərilə, zaman-zaman müxtəlif səbəblərdən sahibsiz uşaq kimi başsız qalan xalqımızın mental tərbiyəsinə işləmiş bu tip mənfilikləri elə bu xalqın özünə güldürürdü; gah kəskin kinayə, gah tər-təbəssümlü yumor, gah da yumşaqca istehzalarla... Özü də əsil ovçu fəhmilə bəlirlədiyi mövzuları ecazanə işləmələr və o karikaturalara qoyduğu son dərəcə koloritli, dadlı-duzlu adlarla: “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar”, “Köhnə Bakı tipləri”, “100 tip”... Hələ bu nəhəng karandaş sahibinin öz (və bütün gələcəyimizin!) dipdiri qələm çağdaşı - dahi M.Ə.Sabirin “Hophopnamə”sinə 1914-cü ildə çəkdiyi (bununla da kitab qrafikası sənətimizin əsasını qoyduğu) illüstrasiyalar, teatrlarçün geyim eskizləri, tamaşalarçün dekorasiyalar, əsərlərinin bir sıra dünya muzeylərində nümayiş etdirilməsi. 1920-ci ildən 1943-ə - ömrünün sonunadək Azərbaycan Rəssamlıq Texnikumunda tələbələrinə ata nəvazişli müəllim, 1932-dən 1937-yə qədər dədə-baba qayğılı direktor işləməsi...

Yox, əziz oxucular, mən bu saysız-hesabsızları sayıb-sadalamaqdan belə “yoruldum”sa, güman ki, siz də mütaliədən təntidiniz. ...Amma indi gör, o mürəkkəb zəmanədə bu qədər işlər görüb, bu miqdar şəkillər çəkmiş rəhmətliyin özü nələr çəkib! Yox, bu məsələdə sizə gözağrısı verməyəcəm, bircə cümlə ilə yekunlaşdıracam: 1940-cı ildə Bakıda keçirilən ilk fərdi yaradıcılıq sərgisində tamaşaçılar onun 1200-dən çox əsərinə tamaşa etmişdilər...

Və... buraqədərki cümlələrimin ikisində obrazlı işarət etdiyim kimi, ağ-ağ kağızlar üzərində say-sanbalca o qədər şəkillər çəkmiş, 1941-ci ilədək son dərəcə populyar bir xoşbaxtlıq yaşamış bu azman sənətkarın hamıdan (təbii ki, Allahdan, hansısa bir ordu komandirindən və kiçik qızından savayı) gizli saxladığı bapbalaca bir “kağız”dan çəkdiyi böyük bir dərd barədə -

 

“Kiçik” bir hekayət...

 

1903-cü ildə qurduğu gözəl, xoşbəxt ailədə beş uşaq böyüyürdü - üç oğlan, iki qız. Abdulla, Həbib, Lətif, Pəricahan, Zəhra. Və bir də çox duyumlu, ailəcanlı həyat yoldaşı Səriyyə xanım. Övladlar savadlı, ali təhsilli, xanımı olduqca tədbirli. Yaşayırdılar - şən, şux, xoşbaxt...

Və bir gün əsrin ən qara xəbəri - müharıbə onların da qapılarını döydü. Bu ailənin üç oğlunun üçü də yollandı cəbhəyə. Bu ailə hər gün xəbər-ətərləri həyəcanla dinləyə-dinləyə yaşamağa başladı. Valideynlər sağ-salamatçılıq ümidində, cəbhədən isə həyəcanlı xəbərlər gəlmədə...

Həmin günlər bu ellər atasının sevimli tələbəsi Mikayıl Abdullayevə də çağırış vərəqi gəlir. Və respublika nüfuzlu bir sənətkar olmasına baxmayaraq, “fəxr edirəm ki, oğlanlarım Vətəni qorumağa gedirlər” - deyə, onlardan, heç olmasa, birinin saxlanılması üçün Mircəfər Bağırova ağız açmayan bu ellər atası bu istedadlı tələbəsini müharibədən saxlatdırmaqçün ona zəng çalır: “Mikayıl Abdullayev gələcəyi olan gənc rəssamdır”, deyir - xahiş edirəm, onun saxlanılmasına kömək edəsiniz”.

M.Bağırov sənətkarın sözünü yerə salmayıb və sonraların ünlü rəssamı M.Abdullayev müharibəyə aparılmayıb.

Əzim müəllim özü isə bir səhər hiss edir ki, qapının ağzında kimsə dayanıb ona baxır. Bu, kiçik qızı Zəhra idi - əlində də üçkünc bir məktub...

...Qoy bu “hekayət”in dili də nağıl dili kimi yüyrək olsun: “Oğlunuz Lətif Əzimzadə Kerç uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub”...

“Anan bilməsin, qızım... Ona deməməliyik. Səriyyə bu dərdə dözə bilməz”.

Atanın “ağlama” da deyə bilmədiyi balaca qız otaqdan çıxıb gedir, bir neçə həftə sonra bu dünyadan çıxıb gedəsi Əzim Əzimzadə isə saatlarla oturduğu stuldan qalxıb otaqdan bayıra çıxa bilmir...

Həmin günlər uzaq çöllərdən keçib bu evə tələsən -

 

Birisi də varmış...

 

Həmin o “qara kağız” səbəbilə, bir müddət sonra (M.C.Bağırovun xüsusi göstərişilə) döyüşən cəbhədən buraxılan, lakin uzun yollarda xeyli ləngiyən, atasını sağ-salamat görməyəcəyi qorxusuna rəğmən ümidini qoruyub-saxlamaqçün bəd fikirləri başından qova-qova gəlib məhəllələrinə çatan və... adamların axın-axın onların evinə tərəf getdiyini görən ortancıl oğul Həbib təşviş dolu baxışlarla bir qadını saxlayıb, soruşur:

- Deməzsiz ki mənə... atam vəfat eləyib?..

Gözləri yaşlı, görkəmi kədərli qadın:

- Sənin atan olub-olmadığını bilmirəm, bildiyim budu ki, Azərbaycanın böyük bir oğlu dünyasını dəyişib. Əzim Əzimzadə vəfat edib...

Bu bənzərsiz fırça-karandaş dahisindən nə qədər danışıb, nəxəntərə yazsan da, əsl portretini çizmək mümkünsüz. Bəs, məlum mahnı sözü olmasın, neyləməli? Heç nə, bu qadir sənətkarımızı bir az da qədir-qiymətləmək üçün, özü kimi təkrarsız iki şairimizin hərəsindən bir misra söyləməli. Biri sağlığında, o biri yoxluğunda yaşamış, lap başda (və elə yazı uzunu) bəhs etdiyim “iç”-“çöl” üzlər dünyasını öz möhtəşəm poeziya-ziya əlavələrilə əks etdirmiş Mikayıl Müşfiqdən və Məmməd Arazdan. O misralardan biri “Şair yeni-yeni sözlər bulacaq, kainat olduqca şeir olacaq”, o biri “Xətainin qılıncını suvardım, - Məmməd Araz karandaşı göyərdi!” Yəni, deməli, kainat olduqca Əzim Əzimzadə imzalı əsərlər də duracaq və indiyədək onun ustad karandaşı ilə göyərib özlərinin özəl-gözəl sənət bağ-bağatlarını yaratmışların sayları da, sanbalları da artacaq...

 

Tahir Abbaslı

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 11.