Atəşgahda yandırılan məşəlin səyahəti başlandı

Avropa Oyunlarına doğru

 

Bakı-2015 I Avropa Oyunlarına doğru gerisayım son mərhələyə qədəm qoyub. Aprelin 26-da qədim Atəşgah məbədində Oyunların məşəlinin alovlandırılması ilə ilin ən böyük idman hadisəsinin həyəcanı da rəsmən başlanmış oldu. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iştirak ediblər.

 

Mərasimdə çıxış edən Prezident İlham Əliyev qitənin ilk Oyunlarının ölkəmizdə keçirilməsinin Avropa Olimpiya ailəsi tərəfindən Azərbaycana göstərilmiş böyük etimad olduğunu vurğulayıb: Bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Vaxtımız məhdud idi. Ona görə dərhal işə başladıq, Təşkilat Komitəsi yaradıldı və bu müddət ərzində böyük uğurla işlədi. Bu gün artıq Azərbaycan və Bakı şəhəri bu Oyunların keçirilməsi üçün tam hazırdır. Bu gün biz tam məsuliyyətlə deyə bilərik ki, iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir. Əminəm ki, biz bu gözəl idman bayramını yüksək səviyyədə keçirəcəyik.

Avropa Oyunlarından iki il sonra, 2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunlarının keçiriləcəyini deyən dövlət başçısının sözlərinə görə, bu, əslində, Azərbaycanın dünyada oynadığı nadir rolu əyani şəkildə ifadə edir: Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qarşılıqlı anlaşmanın bərqərar olması üçün səylərini göstərməkdədir.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də iki ilə yaxın müddətdə Avropa Oyunlarına böyük hazırlıq işinin görüldüyünü vurğulayıb: İlk Avropa Oyunları artıq reallığa çevrilir. Avropa Oyunlarını qəbul edən ölkə Odlar Yurdu Azərbaycan olacaq. Ən cəlbedici elementlərdən biri - ölkənizin milli rəmzi olan alov, eyni zamanda Olimpiya Hərəkatının gücünün və qüdrətinin əsas təcəssümüdür. Kamillik, dostluq və hörmət kimi Olimpiya dəyərləri məşəl estafetində aydın şəkildə əks olunur. Məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar.

Sonra Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırıb. Dövlət başçısı məşəli Bakı-2015 Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verib. Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başlanıb.

Aprelin 27-də Avropa Oyunlarının məşəli Bakıdan Naxçıvana yola salınıb. Məşəl 47 gün ərzində Azərbaycanın 60 regionunu dolanacaq və təxminən 5500 kilometr məsafə qət edəcək. 15 şəhər və rayonda - Naxçıvan, Lənkəran, Cəlilabad, Sabirabad, Horadiz, Quzanlı, Bərdə, Gəncə, Şəmkir, Mingəçevir, Şəki, Qəbələ, Şamaxı, Quba və Qobustanda Alov festivalları keçiriləcək.

Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq. İyunun 12-də Olimpiya Stadionunda I Avropa Oyunlarının məşəli alovlandırılacaq. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi Bakı-2015 brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Avropa Oyunlarında ümumilikdə 6 mindən çox idmançı 20 idman növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. Kamandan oxatma, atletika, voleybol, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və güləş də daxil olmaqla 12 idman növü üzrə yarışlar 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

 

F.Hüseynov

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 8.