Şuşa uşaq incəsənət məktəbinin hesabat konserti

 

Aprelin 26-da R.Behbudov adına Dövlət Mahnı Teatrında Niyazi adına Şuşa şəhər uşaq incəsənət məktəbi şagirdlərinin məktəbin məzunu, tanınmış tarzən Gülağa Zeynalovun xatirəsinə və tədris ilinin yekununa həsr olunan hesabat konserti keçirildi.

 

Tədbiri məktəbin direktoru Mirkamil Ağamirov açaraq ənənəvi hesabat konserti haqqında məlumat verdi: “Ötən il yekun konsertimizdə iştirak edən məktəbimizin məzunu, Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin instrumental ifaçılıq sənəti kafedrasının müdiri, istedadlı tarzən Gülağa Zeynalov xahiş etmişdi ki, gələn il konsertimizi onun kafedrası ilə birlikdə keçirək. Biz də təklifi qəbul etmişdik. Təəssüf ki, musiqiçi 2 yanvar 2015-ci il tarixdə dünyasını dəyişdi. Bu xəbər məktəbimizin pedaqoji kollektivini də ürəkdən sarsıtdı. Ona görə də builki yekun konsertimizi unudulmaz sənətkarın xatirəsinə həsr etdik”.

Qeyd olundu ki, Gülağa Tapdıq oğlu Zeynalov 28 aprel 1956-cı ildə Şuşa şəhərində anadan olub. Şəhər musiqi məktəbində tar ixtisası üzrə təhsil alıb. Sonra Xankəndi orta ixtisas musiqi məktəbində oxuyub. 1975-1980-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Əmək fəaliyyətinə Şuşa orta ixtisas musiqi məktəbində başlayıb. Rəsmi tədbirlərdə və el şənliklərində təşkilatçılığı və ifaçılıq qabiliyyəti ilə diqqəti cəlb edib. Şuşa Rayon Mədəniyyət Şöbəsinin müdiri təyin edilib. Şuşa Dövlət Musiqili Dram Teatrının dirijoru olub. Azərbaycan musiqisinin təbliğində böyük səy göstərən tarzən Rusiya, Qazaxıstan, Türkiyə, İran və bir çox ölkələrin konsert salonlarında uğurla çıxış edib. Dəfələrlə ümumittifaq və respublika müsabiqələrinin, festivalların laureatı adına layiq görülüb.

Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov məktəbin fəaliyyətini yüksək qiymətləndirdi, pedaqoji kollektivə təbriklərini çatdırdı. B.Səfərov mərhum G.Zeynalovun ifaçılıq məziyyətlərindən də söz açdı. Bildirdi ki, o, sənətkar və insan kimi bənzərsiz idi, Şuşa ictimaiyyətinin böyük hörmətini qazanmışdı. İşlədiyi Mədəniyyət və İncəsənət Universitetində də böyük hörməti olub.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov, Mədəniyyət və İncəsənət Universiteti aşıq sənəti kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Əhliman Rəhimov, əməkdar artistlər - xanəndə Teyyub Aslanov, tarzən Vamiq Məmmədəliyev, kamançaçı Mirnazim Əsədullayev çıxış edərək xatirələrini bölüşdülər.

Çıxışlardan sonra konsert proqramı təqdim edildi. Mirkamil Ağamirov G.Zeynalova həsr etdiyi şeirini, IV muğam televiziya müsabiqəsinin diplomantı, məktəbin müəllimi Murad Abdüləzimov “Kimlər gəldi, kimlər getdi...” mahnısını, məktəbin müəllimləri Aynur Ağamirova F.Qoyyanın “Pyes”ini, Gümanə Mərdiyeva “Bu ayrılıq nədən oldu” mahnısını ifa etdilər.

Vaxtilə Gülağa Zeynalovun dirijorluğu ilə xalq çalğı alətləri orkestrinin ifasında lentə alınmış Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, C.Cahangirovun “Zərif gülüşüm” və s. əsərlərdən ibarət video-slayd göstərildi.

Qeyd edildi ki, məktəbin ictimai həyatında fəal iştirakına, kollektivə göstərdiyi köməkliyə və tədbirlərdə öz ecazkar ifaları ilə könülləri oxşadığına görə Gülağa Zeynalov vəfatından sonra “İlin ən yaxşı müəllimi” fəxri diplomuna layiq görülüb. Diplom mərhumun ailəsinə təqdim edildi.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 7.