Turizm, mehmanxana və qida sənayesi

Aprelin 25-də Azərbaycan Turizm və Menecment Universitetində «Turizm, mehmanxana və qida sənayesi: bu günü və gələcək inkişafı» mövzusunda gənc tədqiqatçıların respublika elmi-praktik konfransı keçirilib. «Mehmanxana və restoran biznesi» kafedrasının təşkilatçılığı ilə gerçəkləşən tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib. Tədbirdə Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texniki Universiteti, Kooperasiya və Qərb universitetlərinin tələbələri iştirak ediblər.

ATMU-nun tədris işləri üzrə prorektoru Eldar Aslanov ulu öndərin Vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edib. Prorektor həmçinin Azərbaycanda turizm sənayesinin ixtisaslı kadrlarla təmin olunmasında ATMU-nun rolundan danışıb. «Mehmanxana və restoran biznesi» kafedrasının müdiri Novruz Quliyev konfransın proqramı barədə iştirakçıları məlumatlandırıb.

Sonra konfrans 4 bölmə üzrə işini davam etdirib, məruzələr dinlənilib.

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 4.