“Qafqazda sülh tərəfdarıyıq!”

İrəvan Dövlət Azərbaycan Dram Teatrının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Qafqazda sülh tərəfdarıyıq!” adlı beynəlxalq layihə Tbilisi şəhərində gerçəkləşib.

Aprelin 26-da teatrın heyəti Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Peşəkar Dram Teatrının kollektivi ilə birgə ulu öndərin Tbilisidəki abidəsini ziyarət edib.

Aprelin 27-də Gürcüstan Gənc Tamaşaçılar Teatrının səhnəsində İrəvan teatrının Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Peşəkar Dram Teatrı ilə birgə hazırladığı Nodar Dumbadzenin “Didro” əsəri uğurla nümayiş olunub.

Tamaşaçılar sırasında azərbaycanlı və gürcü ziyalıları, Gürcüstanın ali məktəblərinin azərbaycanlı tələbələri, jurnalistlər, ölkəmizin Gürcüstandakı səfirliyinin, Gürcüstan Respublikası Prezidenti Administrasiyasının, Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin məsul əməkdaşları, digər dövlət və hökumət rəsmiləri, QHT rəhbərləri olublar. Tamaşa böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 4.