Avropa Oyunları yay turizminə təkan verəcək

 

Birləşmiş Ərəb Əmirliklərində yüksək tirajla dərc olunan "Əl-ittihad" qəzeti Bakıda keçiriləcək I Avropa Oyunlarının yay turizminin inkişafına təkan verəcəyini yazıb.

Azərbaycanın müasir turizm imkanlarından bəhs edən müəllif Nəsrin Dərzi "Sivilizasiyaların mərkəzində füsunkar təbiət" sərlövhəli yazıda may-sentyabr aylarında Azərbaycanın turizm potensialının spesifik xüsusiyyətlərindən bəhs edib. Bildirib ki, Azərbaycan coğrafi imkanlarını turizmin inkişafı istiqamətində dəyərləndirir və yay mövsümünün turistləri üçün təkcə günəşli çimərliklərdə yox, həm də Qafqaz dağlarının ətəklərində, füsunkar təbiətin qoynunda müalicəvi resurslar, istirahət və gəzinti imkanları təqdim edir.

Yazıda iyun ayında Bakıda təşkil olunacaq I Avropa Oyunları böyük idman hadisəsi olmaqla bərabər, həm də turizmin təbliğində və inkişafında yeni mərhələ kimi qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan hazırda postsovet məkanında ən çox üz tutulan turizm ölkələrindən biridir. Bu mənada yay mövsümünə təsadüf edən ilk Avropa Oyunları təkcə idman həvəskarlarının yox, eyni zamanda turistlərin də maraq dairəsində olacaq.

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 3.