Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi qeyd olundu

Aprelin 28-də Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında aşıq sənətimizin tanınmış nümayəndəsi, Prezident təqaüdçüsü Mahmud Məmmədovun 80 illik yubileyi qeyd edildi. Gecədə folklorşünas alimlər, ustadın sənət dostları və yetirmələri ilə yanaşı, İrandan gələn aşıqlar da iştirak edirdilər.

Tədbiri Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub açaraq Mahmud Məmmədovun aşıq sənətinin inkişafında öz dəst-xətti olduğunu bildirdi. Qeyd etdi ki, Göyçə aşıq mühitinin yetirməsi olan Mahmud Məmmədov aşıqlığın incəliklərini XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri - Hüseyn Bozalqanlı və İmran Həsənovdan öyrənib, neçə-neçə böyük ustadlarla Azərbaycanda və bir sıra xarici ölkələrdə bu sənəti layiqincə təmsil edib. O, Azərbaycan dastanlarını dərindən bilən böyük sənətkarlarımızdandır.

Professor Qəzənfər Paşayev son illər aşıq yaradıcılığına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini, xalq yaradıcılığının bu növünün dünyada tanıdılması üçün böyük işlər görüldüyünü diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycan aşıq sənətinin inkişafında Mahmud Məmmədovun mühüm xidmətləri olub.

Sonra yubilyar çıxış edərək tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. Ömrünü aşıq yaradıcılığının təbliğinə və inkişafına həsr edən aşıq bundan sonra da bu xalq yaradıcılığının çiçəklənməsi naminə çalışacağını dedi.

Gecədə Mahmud Məmmədovun ifa etdiyi aşıq mahnıları, ustadnamələr və dastanlardan ibarət videoçarx nümayiş olundu. Yubiley gecəsi aşıq musiqilərinin ifa olunması ilə davam etdi.

Qeyd edək ki, Mahmud Qasım oğlu Məmmədov 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. 1946-cı ildə ailəsi ilə birlikdə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüb. 1957-ci ildən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov, balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak etməyə dəvət olunub. Həmin il gənc aşıq Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Sonralar ümumittifaq və beynəlxalq festivallarında laureat adını qazanıb.

Mahmud Məmmədovun Azərbaycan teleradiosunda mütəmadi çıxışları ona şöhrət qazandırıb. Aşıq bir müddət AMEA-nın Folklor İnstitutunda çalışıb. 1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən folklor festivalında “Atatürk” qızıl medalına layiq görülüb. Aşığın “Hörmət olan yerdə, məhəbbət olar”, “Allah qəlbə görə verir” adlı şeir kitabları çap olunub.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 29 aprel.- S. 2.