Lənkəranda Rəşid Behbudovun 100 illik yubileyi qeyd olunub

 

Prezident İlham Əliyevin dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncama müvafiq olaraq Lənkəranda tədbirlər keçirilir.

Şəhər Mədəniyyət mərkəzində Yurdum, yuvam, məskənimsən, Azərbaycanım devizi altında keçirilən tədbirdə mədəniyyət işçiləri, şəhər sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Rəşid Behbudovun ifasında Azərbaycan mahnısı səsləndirilib.

Mədəniyyət mərkəzinin direktoru Hafiz Mirzə, şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vüsal Nəsirli sənətkarın yaradıcılığından söhbət açıblar. Qeyd olunub ki, Rəşid Behbudov dünyanın ən məşhur konsert salonlarında rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə şöhrət qazandırıb.

Mədəniyyət mərkəzinin Çölləmə rəqs qrupunun, Vaqif bədii qiraət dərnəyinin və Ülfət instrumental ansamblının üzvləri Azərbaycana həsr olunmuş mahnı, şeir və rəqslərdən ibarət geniş kompozisiya təqdim ediblər. Gənc ifaçıların oxuduqları mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Mərasimdə mərkəzin dərnək və kurslarını bitirmiş bir qrup şəxsə diplomsertifikatlar, fəaliyyəti ilə fərqlənən klub işçilərinə təşəkkürnamələr təqdim edilib.

Mədəniyyət. 2015. 5 avqust. S. 2.