Azərbaycan hər bir turistin istəyini təmin etmək üçün məqbul ölkədir

 

Bahadur Bilalov: 4 və 5 ulduzlu hotellər kütləvi turizmin inkişafına imkan vermir

 

Onunla sonuncu dəfə bir neçə il əvvəl müsahib olmuşduq. O zaman Azərbaycanda turizmin inkişafı ilə bağlı bir çox gözləntilərinin olduğunu demişdi, bəzi proqnozlar da vermişdi... Beləliklə, müsahibimiz Azərbaycan Turizm və Menecment Universiteti turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalovdur. Budəfəki söhbətimizə də elə gözləntilərinin özünü doğruldub-doğrultmadığı barədə sualla başladıq.

 

- Demək olar ki, gözləntilərimizin əksəriyyəti həyata keçib. Ölkəmizdə turizm sahəsində böyük inkişaf var və ildən-ilə bu, özünü xüsusən də əsas bazada büruzə verir. Məsələn, 2001-ci ildən indiyə qədər mehmanxana və mehmanxana tipli obyektlərin sayı 94-dən 500-ə qədər yüksəlib, hər il də bu say artır. 10 il əvvəl turizm təhsilli kadrlarla bağlı ciddi problem vardı, artıq bu məsələ də öz həllini tapmaqdadır. Gecələmə yerlərinin sayı ilə bağlı mən bir hesablama aparmışam. Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 35 min yataq yeri var. Bunu bir ilə vuranda, 12 milyon gecələmə yeri edir. Bu, böyük bir rəqəmdir. Yəni ildə bizim 12 milyon turistə xidmət göstərmək imkanımız var.

Turizmin inkişafına bütün dünyada kompleks yanaşmalar mövcuddur, burada müxtəlif parametrlər var. Bunların içərisində maddi-texniki baza, kadr məsələsi önəmli yer tutur. Bu da Azərbaycanda öz həllini yavaş-yavaş tapır.

Əslində turizmin bütün növlərinin inkişafı üçün Tanrı ölkəmizə lazımi imkanları bəxş edib. Amma bunlara baxmayaraq, Azərbaycan dünya turizm bazarında az paya malik olan ölkələrdəndir. Bir çox auditoriyalarda qeyd etdiyim kimi, Azərbaycan turizminin inkişaf etdirilməsində bir nömrəli baryer neftimiz olub. Hələ ötən əsrlərin 80-ci illərində ulu öndərin təşəbbüsü ilə ölkə turizminin maddi-texniki bazasının formalaşdırılmasına başlanılıb, hakimiyyətə qayıdışından sonra Əsrin müqaviləsinin imzalanmasına baxmayaraq, turizmin inkişaf etdirilməsinə Heydər Əliyev tərəfindən xüsusi önəm verilib, yenə də neft faktoru turizmi kölgədə qoyub. Dünyada baş verən geosiyasi hadisələr, neftlə bağlı proseslər Azərbaycan turizminin inkişaf etdirilməsini, ölkəyə turist axınının və bununla da əlavə valyuta daxilolmalarını labüd edib. Qeyd etməliyəm ki, dünya təcrübəsi göstərir ki, hər hansı bir ölkədə turizmin inkişafı üçün mütləq siyasi iradə ortaya qoyulmalıdır. Məlumdur ki, belə bir siyasi iradə Azərbaycanda mövcuddur. Ulu öndərimizin təşəbbüsü ilə sovet Azərbaycanında turizmin inkişafı ilə əlaqədar 4 proqram, müstəqillik dövründə isə bir proqram qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı ilə turizmin inkişafı üçün ikinci Dövlət Proqramı qəbul edilib, 2011-ci il Turizm ili elan edilib və qəbul olunmuş planlara əsasən bir sıra işlər həyata keçirilib. Bütün bunlar turizmin inkişafı üçün siyasi iradəyə bariz nümunədir.

Mütəxəssislərin də yekdil fikri belədir ki, xarici turizmin inkişafı üçün mütləq ölkədə daxili turizm inkişaf etdirilməlidir. Yəni ölkədaxili turistlərlə işləyə-işləyə həm kadrlar püxtələşməlidir, həm də istirahət mərkəzləri, hotellər işi öyrənməlidirlər ki, sonra xarici turistlərə xidmət göstərə bilsinlər.

 

- Deyirsiniz ki, turizmin inkişafı kompleks yanaşma tələb edir. Kompleks yanaşma dedikdə nəyi nəzərdə tutursunuz?

- Əslində ölkə Prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bunun konturlarını cızdı. Burada nədir məsələ? Əvvəla, turizmin inkişafında önəm verilməli məsələlərdən birincisi nəqliyyatdır. Ölkəyə xaricdən turist gələndə istifadə edilən ilk vasitə aviasiyadır. Ölkə rəhbəri AZAL-a qiymətləri endirməklə bağlı göstəriş verdi. Prezidentin ikinci tənqid hədəfi hotellər və onların qiymətləri oldu. İnfrastrukturun içərisində hotel əhəmiyyətli rol oynayır. Əgər gecələmə yoxdursa, deməli, turizm hadisəsi yoxdur. Buna görə də hər bir ölkənin turizminin inkişafı üçün ilk növbədə onun normal hotelləri olmalıdır.

Qeyd etdiyim kimi, Azərbaycanda 500-dən çox hotel var. Amma onların içərisində 4 və 5 ulduzlu hotellər üstünlük təşkil edir. Bu isə kütləvi turizmin inkişafına imkan vermir.

Avropa ölkələri üçün Azərbaycan yeni bir turizm istiqamətidir. Amma müqayisə edəndə ki, məsələn, qonşu Gürcüstanda və yaxud Türkiyədə dincəlmək onlara daha ucuz başa gələcək, avropalı turistlər o ölkələri seçirlər. Mən məsələyə kompleks yanaşma dedikdə bunları nəzərdə tuturam.

 

- Prezidentin tənqidindən sonra AZAL elan etdi ki, aviabiletlərin qiymətində endirimlər edib. Sizcə, bunun ölkə turizminə faydası nə qədər olacaq?

- Əslində AZAL-ın yeni qiymətləri ilə köhnə qiymətləri arasında elə bir fərq yoxdur. Azərbaycanda aviabiletlərin qiyməti ən azı Gürcüstanla eyni olmalıdır ki, biz ölkəyə turist qəbulunda qonşularmıza uduzmayaq. Bundan əlavə, istirahət mərkəzlərinin təklif etdiyi turpaketlərin qiyməti də vətəndaşımızın cibinə uyğun olmalıdır ki, onlar da gedib xeyirlərini qonşu ölkəyə verməsinlər. Bu sahə bütün istiqamətlər üzrə rəqabət sevən bir sahədir. Azərbaycan istənilən turistin motivasiyasını təmin etmək üçün məqbul bir ölkədir. Bunun üçün tələb olunan bütün imkanlar var, sadəcə, onlardan istifadə etmək lazımdır.

 

- Bir mütəxəssis olaraq nə təklif edirsiniz?

- İlk növbədə aviabiletlərin qiyməti tənzimlənməlidir. İkincisi, aşağı ulduzlu hotellərin sayı artırılmalıdır. Dünyanın heç bir yerində hotel tikiləndən sonra onun ulduzu müəyyənləşmir. Hotel tikilməmişdən əvvəl onun layihəsi turizmi idarə edən qurumla razılaşdırılır və burada da göstərilir ki, həmin hotel neçə ulduzlu olacaq. Azərbaycanda hotel sahibləri nədənsə yuxarı kateqoriyalı hotellərə meyl edirlər. Əgər biz müasir kütləvi turizmi inkişaf etdirmək istəyiriksə, 2, 3 ulduzlu hotellər daha prestijlidir. 5 ulduzlu hotellər VİP turistlər üçün nəzərdə tutulur. Onlar da imkanlı insanlardır. Hesab edirəm ki, ölkəmizdə kifayət qədər yüksək dərəcəli hotellər var. İndi növbə 2, 3 ulduzlu hotellərindir. Belə hotellərin tikilməsi üçün də sahibkarları stimullaşdırmaq lazımdır. Məsələn, onlara tətbiq edilən verginin miqdarı 4, 5 ulduzlu hotellərinkindən az olmalıdır. Bu təcrübə bütün dünyada var. Bundan əlavə, təklif edərdim ki, heç olmasa, bir il müddətində bütün mehmanxanalar vergidən azad olunsun. Amma bir şərtlə ki, tam şəffaf statistika təqdim etsinlər. Məhz bu zaman hotellərdə qalan turistlərin dəqiq sayını da bilmək mümkün olar.

Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə əsasən belə qənaətə gəlmək olar ki, Azərbaycanda hotel biznesi rentabelli deyil. Amma ildə 20-40 arası yeni hotel fəaliyyətə başlayır. Əgər belədirsə, onda bu maraq hardandır? Dediyim üsullarla bütün bu suallara aydınlıq gətirmək olar. Digər tərəfdən, hansı regiona insanlar daha çox gedirsə, hotellərin sayı həmin regionlarda artırılmalıdır.

Turistlərin gəlişini hesablayarkən, mütləq onların ətraf mühitə vurduğu ziyan da hesablanmalıdır. Və yaxud hesablanmalıdır ki, hər hansı bir tarixi abidəyə ildə nə qədər turist daxil olsa, ona ziyan dəyməyəcək. Hesab edirəm ki, bunların hamısına elmə əsaslanaraq qərar verilməlidir. Bu istiqamətdə tədqiqatlar aparılmalıdır. Belə olarsa, Azərbaycanda turizmin inkişafı davamlı olar.

 

- Regionlarda sahibkarlara aşağı ulduz kateqoriyalı hotellərin tikilməsi üçün yerli icra orqanları da dəstək verə bilərmi?

- Hesab edirəm ki, nəinki icra orqanları, hətta bələdiyyələr də bu işdə maraqlı olmalıdır. Türkiyədə bələdiyyələr özləri öz ərazilərində hotellər tikib istifadəyə verirlər. Bu hotellərin qiyməti ucuz olur. Əldə olunan gəlirlər də bələdiyyələrə gedir. Bundan başqa, çalışmaq lazımdır ki, kənddə yaşayan vətəndaşlar öz evlərini turistlərə kirayəyə versinlər. Onu da qeyd edim ki, İsmayıllı, Qax, Şəki və digər rayonlarda bu məsələ artıq geniş vüsət almağa başlayıb.

 

- Ölkədə hotellərin sayı ildən-ilə artır. Deməli, onların arasında rəqabət də artır. Bəs nəyə görə bu rəqabət qiymət məsələsinə təsir etmir?

- Qiymətlərin bahalığının bir çox obyektiv və subyektiv səbəbləri var. Əslində turizm bazarının heç bir prinsipi Azərbaycan hotellərində işləmir. Mədəniyyət və Turizm Nazirliyi hotellərin qiyməti ilə bağlı yalnız tövsiyə verir, qurum yetkililəri hesab edir ki, bazar özü bunu tənzimləyəcək. Amma mənim fikrimcə, Azərbaycan reallığı bunu tələb edir ki, burada müəyyən bir hədd müəyyənləşdirilməlidir. Məsələn, 3, 4 və 5 ulduzlu hotellər üçün bəlli bir rəqəm qoyulmalıdır.

Bunun bir səbəbi də hotellərdə menecmentin düzgün qurulmamasıdır. Turizmin inkişaf etdiyi digər ölkələrdə belədir ki, mövsümdə hotellərdə bir qiymət tətbiq olunur, qeyri-mövsümdə başqa qiymət. Azərbaycan reallığında isə diferensiallaşmış qiymət siyasəti yoxdur. İlin bütün fəsillərində, həftəsonu və həftəiçi qiymətlər eynidir. Bu da təbii ki, turist cəlb etmək üçün qeyri-düzgün siyasətdir. Nə qədər ki, xidmət sferasında klassik bazar prinsipləri tətbiq olunmayıb, qiymətlər hər zaman mübahisə doğuracaq.

 

- Turizm sahəsinin ixtisaslı kadrlarla təminatı nə yerdədir, Azərbaycan Turizm və Menecment Universiteti bazarın tələb etdiyi qədər kadrlar yetişdirib istehsalata təhvil verə bilirmi?

- ATMU-nun turizm və hotelçilik ixtisasında ildə 120-yə qədər məzunu olur. Amma bununla sənayeni tam təmin etmək mümkün deyil. Düşünürəm ki, yaxın gələcəkdə bu problem də öz həllini tapacaq. Ölkə rəhbərinin ötən ilin dekabrında ATMU-nun yaradılması ilə bağlı sərəncamında öz əksini tapan məsələlərdən biri də bu ali təhsil ocağının kampusunun tikilməsi ilə bağlıdır. Bundan sonra yəqin ki, bu ixtisas üzrə qəbul sayı da artırılacaq. Azərbaycanda turizm sənayesinin tələblərinə cavab vermək üçün ildə ən azı 300-350 nəfər məhz bu ixtisas üzrə məzun buraxılmalıdır. Digər ali təhsil ocaqlarında da turizm və hotelçilik ixtisası üzrə kadr hazırlığına ciddi önəm verilməlidir. ATMU bu istiqamətdə beynəlxalq təcrübəyə önəm verir. Digər ali məktəblərlə öz təcrübəmizi bölüşməyə hazırıq.

Burada bir məqamı xüsusi olaraq qeyd etməliyəm ki, ötən il Azərbaycanda tədris standartları dəyişdi. ATMU yarandığı gündən 6-cı semestrdə aprel ayından sentyabra qədər 20 həftəlik təcrübə müddəti tətbiq edib. Bunu da beynəlxalq təcrübəyə əsaslanaraq edirdik. Ona görə ki, yay turizm mövsümü digər ölkələrdə apreldən başlayır. Yeni standartlar hazırlanarkən Təhsil Nazirliyinin istəyi ilə bu müddət 14 həftəyə endirildi, özü də 8-ci semestrdə. Amma nəzərə almaq lazımdır ki, xidmət sferası elə bir sahədir ki, burada nəzəriyyədən çox, praktik biliklərə önəm verilməlidir. Bu baxımdan xüsusilə turizm və hotelçilik ixtisası üzrə təhsil alan tələbələrin əvvəlki qayda ilə təcrübə keçmələrinə şərait yaradılmalıdır.

İnşallah, ATMU-nun kampusu tikiləndən sonra burada praktik yönümlü işlər daha asan həll ediləcək və kadr hazırlığı ilə bağlı bir çox problemlər öz həllini tapacaq.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 7.