Teatrdan yazanlar barədə danışılanlar

 

“Teatrşünasın jurnalistya digər sənət sahiblərindən fərqi onun “peşəkar tamaşaçı” olmasıdır”

 

Son vaxtlar teatr ətrafındakı müzakirələr və yaradıcı prosesi haqqında aparılan təhlillər tam başqa bir məqamı üzə çıxardı. Bir daha aydın oldu ki, elm sahəsi kimi dərin və mürəkkəb olan teatrşünaslıq, onunla məşğul olan peşəkar teatrşünaslar, teatr tənqidçiləri daha operativ olmalı, mətbuatda mütəmadi olaraq bu sahənin ən müxtəlif istiqamətləri ilə bağlı məqalələrlə çıxış etməlidirlər.

 

Hazırda teatrdan yazan jurnalistlərin yazılarından peşəkar teatrşünas yanaşması ummaq da qeyri-mümkündür. Bəs görəsən, bu barədə teatrşünaslarımız nə düşünür? Ümumiyyətlə, teatrşünaslarla teatr yazarlarının məsələyə baxışında hansı fərqlər varbu yöndə ixtisaslaşan jurnalistlər hansı məqamlara diqqət çəkməlidirlər?

ADMİU-nun prorektoru, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin sözügedən məsələ ilə bağlı maraqlı fikirləri var. Alimin fikrincə, teatrdan yazan hər kəs ilk olaraq onu sevməli və hər bir məqaləsində yanğını, böyük anlamda xidmət məqamını unutmamalıdır: “Bizim böyük müəllimlərimiz də bizə məhz bunu aşılayıblar. Tənqidi də, ən kəskin iradı da həmin teatr işinə sevgionun inkişafına qayğı ilə deməlisən. Jurnalistlərin teatrdan yazmasına gəlincə, mən bunu sadəcə alqışlayıram. Teatrdan teatrşünas yazmalıdır fikri kökündən yanlışdır. Bütün zamanlarda ən müxtəlif sahələrin adamları ən azı tamaşaçı rəyləri ilə teatr barədə fikirlərini bölüşüblər. Zaman-zaman böyük alimlərimiz, ədəbiyyatşünaslarımız teatr elmi ilə bağlı maraqlı, bu gün üçün fundamental mənbə sayılan yazılarla çıxışlar ediblər. Hazırda daha çox teatrın cari məsələlərindən yazan jurnalistlər də, təbii ki, zamanla püxtələşə və sahəyə bələd olmağa başlaya bilərlər. Dediyim kimi, təki istək olsun. Amma hər hansı neqativ halya hansısa sənətkarlar arasında nifaq cəhdli yazıları da mən teatr adı altında yazıb-yaradanlara rəva görməzdim”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vidadi Qafarovun fikrincə, jurnalistlərlə teatrşünasların mütəmadi əlaqəsi vacibdirbu, teatrın peşəkar təbliği üçün labüddür: “Mədəniyyət yazarlarının teatrdan yazması çox vacibdir. Çünki bizim peşəkar teatrşünaslarımız say etibarilə o qədər deyil ki, teatrın cari prosesini tam izləyə bilib diktə etsinlər. Bilirsiniz ki, teatrşünaslar daha çox resenziyalar, analitik yazılar, eləcə də bu elm sahəsinin müxtəlif istiqamətləri ilə bağlı elmi məqalələrlə çıxış edirlər. Bu gün mədəniyyət jurnalistikası isə daha çox xəbərlərlə, müsahibələrlə, nisbətən portret yazılarla çıxış edir ki, bu da teatrın təbliğinə, aktyorların stimullaşmasına müsbət təsir göstərir. Əgər bir jurnalist teatrdan yazırsa və o həmin sahədə ixtisaslaşırsa, özündə məsuliyyət hiss etməli və sözün əsl mənasında, həmin istiqamətin peşəkarı olmalıdır. Bu mənada bizim bəzi mədəniyyət jurnalistlərimiz teatrın spesifik xüsusiyyətlərini, hətta terminologiyasını bilmədiklərindən bəzən ciddi səhvlər edirlər. Amma yenə də qeyd edirəm ki, bütövlükdə mədəniyyət jurnalistlərinin Azərbaycan teatrı haqqında yazmaqları lazımdır”.

Teatrşünas Sevdacan Babayeva teatr haqqında xəbər formatlı yazıları məhz jurnalistlərin verməli olduğunu deyir: “Hər jurnalistdən teatrşünaslıq üzrə ixtisaslaşmasını tələb etmək olmaz. Təbii ki, jurnalist hər hansı bir tamaşadan yazırsa, mövzu barədə geniş bilgili olması onun üstünlüyüdür. Amma bu o demək deyil ki, hər jurnalistdən teatrşünas təhlili gözləməliyik. Jurnalist tamaşa barədə kiçik məlumat, ən yaxşı halda yaradıcı heyətlə müsahibə verməklə işini bitmiş hesab edə bilər. Sırf “tənqid edim” deyə, əsaslandırılmamış fikirləri cümləyə düzmək hələ tənqidçi olmaq anlamına gəlmir. Bu, heç jurnalistika da deyil. Teatrşünasın isə tamaşaya dərin baxmaq, əhatəli təhlil və təqdim etmək imkanları daha genişdir. Bu baxımdan teatrşünasın üzərinə daha böyük məsuliyyət düşür. Teatrşünasın jurnalistya digər sənət sahiblərindən fərqi onun “peşəkar tamaşaçı” olmasıdır. Çünki bu sahənin mütəxəssisi tamaşanın alt qatını “oxuyabilir. Həm də o, dramaturgiyanın, rejissuranın, aktyor sənətinin, resenziyanın, ümumilikdə teatr sənətinin nəzəri və praktik tərəflərindən xəbərdardır. Ancaq nadir hallarda bu fikiröz mütləqliyini “suya düşürür”. Yəni, bəzən olur ki, teatr sənətindən tamam uzaq texniki işçi tamaşanı elə gözəl, maraqlı təhlil edir ki, onun teatrşünas olmadığına heyfsilənirsən. Şübhəsiz ki, bu da savada, intellektə, geniş dünyagörüşünə söykənir.

Teatrşünas Aygün Süleymanova mədəniyyət müxbirlərinin tamaşanı təhlil etməsi üçün teatr elminə yiyələnməyinin gərəkli olduğunu qeyd edir: “Teatr müxbirliyini teatra sevgisi və gözəl zövqü olan hər bir kəs bacara bilər. Bizim hər birimiz muğamı dinlədikdən sonra “gözəl ifa etdi” deyə bilərik, lakin onun xırdalıqlarına vara bilmərik. Teatrşünas professional olduğu üçün tamaşanı “yaxşı” və yapisdeyil, “niyə” və “nə üçün” suallarını cavablandıraraq müzakirə və ya təhlil edəndir. Müxbir sadəcə yaxşı ilə pisi ayırsın, bu da kifayətdir. Təhlil çox vacib prosesdir. Bu prosesdə söz yığımına, şəxsi zövqə yol vermək olmaz”.

AMEA Memarlıq və İncəsənət İnstitutu, teatr, kinoteleviziya şöbəsinin elmi işçisi, teatrşünas Könül Əliyeva hər işi öz peşəkarı görməlidir fikrindədir: “Mədəniyyət müxbirlərinin işi mədəniyyətdən xəbər hazırlamaqdır, hazırlasın, amma unutmasın ki, xəbəri hazırlayanda qəti şəkildə münasibət bildirmək olmaz. Münasibət bildirdinsə, bu artıq xəbər olmaqdan çıxır, yazıya, fikrə, mülahizəyə çevrilir. Yox, əgər münasibət bildirdinsə, onda gərək zəhmət çəkib söylədiklərini məntiqlə əsaslandıra biləsən”.

AMEA-nın dissertantı, teatrşünas Elçin Cəfərov bütün mədəniyyət müxbirlərindən peşəkar teatrşünas analizi, nəzəri təhlil gözləməyi sadəlövhlük hesab edir: “Məncə, hər kəs bacardığı işlə məşğul olmalıdır. Həm də bu savad məsələsindən çox, əxlaq məsələsidir. Hər bir mədəniyyət müxbiri teatr haqqında xəbər hazırlaya, teatr sənətini təbliğ edə bilər, hər hansı teatr hadisəsi, tamaşa, yaxud sənətçi haqqında fikirlərini, təəssüratlarını qələmə ala bilər. Ancaq sahənin, ən azı, əlifbasını bilmədən, spesifikasına bələd olmadan teatrşünaslıq iddiasına düşmək, dəyərli bir yazı yazdığını zənn etmək və teatr adamlarının bununla hesablaşmasını gözləmək gülüncdür.

Təəssüf ki, çox zaman jurnalistlər teatr jurnalistikasının spesifik sahə olduğunu nəzərə almırlar. Yaxşı olardı ki, teatr jurnalistikası ilə teatrşünaslar, ən azından, teatr sənətinin sirlərinə bələd olan insanlar məşğul olsun. Çünki teatr jurnalistikası teatrşünaslıq elminin qollarından biridir (cari teatrşünaslıq). Burada söhbət jurnalistin hazırlıq səviyyəsindən, işə münasibətindən, predmeti bilmə dərəcəsindən gedir. Həqiqətən də, teatrı sevən, vətəndaş mövqeyinə malik olan, öz işini dəqiq, qərəzsiz, vicdanlı, ədalətli və düzgün görən savadlı, əxlaqlı, istedadlı, peşəkar jurnalistlərimiz də var. Və mən onların varlığına çox sevinirəm”.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 6.