Maestro Niyaziyə həsr olunmuş xatirə gecəsi

 

Avqustun 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ dövlət mükafatları laureatı maestro Niyaziyə həsr olunmuş xatirə gecəsi keçirildi.

Tədbiri giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova açaraq Niyazinin Azərbaycan musiqi sənətində göstərdiyi xidmətlərdən danışdı.

Muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli maestronun həyat və yaradıcılığından söz açdı. Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Azər Dadaşov maestro haqqında xatirələrini bölüşdü. Çıxışlar Niyazinin yaradıcılığını əks etdirən, muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olundu. Eyni zamanda sənətkara həsr olunmuş sənədli filmlərdən fraqmentlər nümayiş etdirildi.

Gecədə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında Niyazinin əsərləri səsləndirildi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 7 avqust.- S. 3.