Məmmədrza Şeyxzamanov

Teatr səhnələrində minbir cür, kino-ekranlarda Professor, Çalpapaq Kərəm, Şərəfoğlu, Şirin kişi...

 

Xatirələrdə isə şipşirin kişi! Ötən yazımda başdan-başa tamaşa kişi başlığı ilə təqdim etmişdim - bu auraca nur Adamı, səs-sədaca gur Aktyoru, sənətcə, mədəniyyətcə və... elə görkəmcə də görkəmli Obrazı...

O, həyatda da eynən sənətdəki kimi seçilirdi. Yer üzünü hamı quruluşlu batal səhnəyə bənzətsək, Məmmədrza Şeyxzamanovu ayrıca-aydınca görünənlər sırasında görərdik...

 

Həmkarlarına nisbət çox yaşamasına və rollar oynamasına rəğmən onu sənət leksikonumuzdakı baş rol, əsas qəhrəman kimi terminlərin tərəf-müqabili, baş ömürçü-ali sənətçilərdən saymaq da məqbul...

Çağdaş gənc teatrsevərlərçün qeyd edək ki, Azərbaycan səhnəsində ayrıca bir era olmuş Məmmədrza Şeyxzamanovun böyük tamaşalar portreti, təəssüf ki, bu gün teleekranlarda adda-budda göstərilən fraqmentlərlə müşahidə olunur. Obyektiv-subyektiv səbəblərdən o qədər də çox çəkilmədiyi böyük kinoda isə... Bu məqam sözümü, onun özünün də iştirakçısı olduğu filmlərdən birindəki patetik-didaktik (çoxları üçünsə xeyli ritorik) xitabla davam etdirməli olsam, - ekranlarımızı onsuz təsəvvür etmək olarmı?

O, ayrıca bir teatral sir-sifət olduğu kimi, əlahiddəcə bir mental şəxsiyyət idi. Oynadığı hər rolun əsərdəki - teatrya kinodakı tipi ilə həyatdakı prototipini vəhdətə salırdı. Məsələn, o, Əhməd haradadır? filmindəki Şirin kişinin adını bir bədii isim olaraq yaddaşlara, özünə qədər müəllif və rejissor prosedurlarından keçmiş bu obraza əlavə etdiyi nüanslarla isə dadını damaqlara hopdura bilib. Məşhur Bəxtiyar filmindəki barışmaz, tələbkar professorluğu ilə zorən-tələbə Bəxtiyarı məruz qoyduğu rəsmi-akademik seminar-söhbətlərilə ekranın bu tərəfindəki milyonlarla tamaşaçıya çox xəlqi-emosional mühazirə oxumuş olub. Cəmi üç-dörd epizodda görsəndiyi Böyük dayaqda öz ağıryana təhər-tövrü, tabeliyində olan kolxoz sədri (və keçmiş döyüş yoldaşı) Rüstəm kişiyə tövsiyələrinin deyim tərzi ilə, dövrün nifrət subyektlərindən birinə çevrilmiş raykom katibləri kabusunu tamaşaçı-xalq gözündə, az da olsa, qaldırmağa nail olmuşdu. Tütək səsində sinəsinə sıxdığı sazı ilə müharibə ağrı-acılarını, oğul itki-həsrətini necə Ruhaniləşdiribsə, mövzunu iliyinədək ifadə edən sir-sifəti, biri bədbinlik, digəri nikbinlik saçan gözlərilə küll-tamaşaçını eləcə irfaniləşdirərək, sənət və həyat dualizminə cəlb edib...

Yuxarıda bəhs etdiyim ayrıca teatral sir-sifət, əlahiddəcə mental şəxsiyyət məsələsinin hardan, nədən qaynaqlandığına dairbir-iki sözüm var. Belə ki, Məmmədrza Şeyxzamanov sənət-mədəniyyətcə Nizamili, Məhsətili, qeyrət-şəxsiyyətcə Cavad xanlı bir ünvanda doğulmuşdu. Milli damarı ən çətin siyasi dönəmlərdə belə qırılmayan Gəncədə tərbiyə-təlim görmüş, heç nəyə tələsməyib, heç nəyə gecikməyən, heç nədə ifrata varmayan bir mühitdə formalaşmışdı. 1954-cü ildə - otuz doqquz yaşında ikən Mədəniyyət Nazirliyinin əmri ilə Bakıya gəlib, yaşla bağlı zərb-məsəlimizdəki (qırxında öyrənən...) məlum perspektivi pozaraq, Azərbaycan teatrkino aləmi qarşısında açılmaqda olan (o dövrün dəb ifadəsilə desək) geniş üfüqlərdə bənzərsiz rol oynamışdır.

 

Hələ Gəncə illərindən...

 

O otuz doqquz ilin iyirmisi sənət-səhnə ilə bağlı...

qədər hadisələr, olaylar olub o illər...

Məmmədrza ilə birbaşa bağlı olanından başlayaq: 1915-ci il. Üç ildən sonra bu şəhərdə - bir çox millisoy şəcərələr sırasından - Şeyxzamanovlara da böyük fəxarət hisslərilə bahəm, sonda bəlli əzab-əziyyət duyğuları da bəxş edəcək ilk müstəqil Cümhuriyyət doğulacaqdı. Amma hələ bundan bir il əvvəl, iki yaşlı Məmmədrzanın atası dünyasını dəyişəcək, ailənin bütün yükü - qəddar bolşeviklərə qədər evdar qadın, sonra isə bir tikə çörəkpulu üçün toxuculuq fabrikində məşəqqətlər yaşayan anasının çiyinlərinə düşəcəkdi. Cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan təmizləmələr Şeyxzamanovlar nəslinə əl gəzdirir. Onun məmur babası Nağı Şeyxzamanov yaxın qohumları repressiyaya məruz qalır, ailənin taleyinə kədərli izlər düşür, hər xırdalıqlara görə təqiblərə məruz qalır, olmazın problemlərlə üzləşirlər. Bu çətinliklər Məmmədrza Şeyxzamanovun sənət yolunda da keçilməz baryerlər, çəkilməz sıxıntılar yaradır. Elə təkcə bunu demək kifayət ki, öz geniş səhnə-sənət fəaliyyətilə 35-40 yaşlarından layiq olduğu Xalq artisti adına 59-cu sinnində nail olur.

Bu boz münasibətlər onu orta məktəbdə müşayiət edib. Lakin hamıdan fərqli qabiliyyəti, istedadı, tərbiyəsi, savadı, biliyi Məmmədrzanın xilaskarına çevrilir. Elə aktyorluğa həvəs toxumları da həmin yarı siyasi-para pedaqoji illərdə səpilibmiş Məmmədrza duyğularına. Belə ki, o, orta məktəbdə ikən teatr studiyasına daxil olur. 1934-cü ildə C.Cabbarlı adına Gəncə Dram Teatrına dəvət olunur səhnəyə (Hind qızında Brahma) çıxır. Bu, gələcək aktyorun professional teatr səhnəsinə atdığı ilk müvəffəqiyyətli addımı olur, ardınca məşhur tamaşalarda ünlü obrazları (Vaqifdə Eldar, Fərhad Şirində Fərhad, Yaşarda İmamyar s.) yaratmağa başlayır.

Əllinci illərin əvvəllərində paytaxtımıza dəvət edilib, Akademik Dram Teatrında işə başlayan M.Şeyxzamanovun şəxsində Azərbaycan tamaşaçısı da müqtədir bir aktyorla tanışlığa başlamış olur. Onlar bu yeni ad-soyadda Göz həkimindəki Şahbazovu, Qış nağılındakı Polikseni, habelə Xosrovu (Fərhad Şirin), Qacarı, Eldarı (Vaqif), Otellonu (Otello), Aydını (Aydın), Qaçaq Nəbini (Qaçaq Nəbi) xeyli yeni nüans ampluada seyr edir, Azərbaycanın teatr ictimaiyyəti isə təzə, ümid, perspektiv ab-havalı söhbətlərdə bulunur.

Çağdaşları da vurğulayırlar ki, M.Şeyxzamanov çox cazibədar nadir aktyorlardan olub. Onun səslər içində seçilən səs-sədasını ayrıca səhnə kino obrazı kimi dəyərləndirənlər var. Mahnı dağlarda qaldı, İblis, Zamanın hökmü tamaşalarındakı tərəf-müqabilləri söyləyirlər ki, M.Şeyxzamanov üçün keçilməz, aşkarlanmaz obraz yox idi. O, müxtəlif xarakter səpkili qəhrəman surətlərini , komik rolları da eyni məharətlə ifa edir, hər obrazın özünəməxsusluğunu bənzərsiz tərzdə yaradırdı. Vurğulayırlar ki, bu, onun öz şəxsi-həyati obrazından da qaynaqlanırmış; xaraktercə bütöv, zəngin dünyagörüşlü şəxsiyyət obrazından! Hər kəs o çox mərd idi fikrini xüsusilə qabardır. Heç kimdən qorxmazdı, deyirlər. Ürəyindən keçən sözü yalnız üzə deyər, heç vaxt kimsənin arxasınca danışmazdı. Düzlüyü çox sevirdi. Kimliyindən asılı olmayaraq, həmişə həqiqətin tərəfdarı olardı. Elə üzünə baxanda görünürdü ki, yerini bilən adamdır. Şit, yersiz zarafatları xoşlamırdı. Amma yaxın adamları, yoldaşları arasında duzlu-məzəli zarafatlarından da qalmazdı. Bir sözlə, o, əsl Azərbaycan kişisinin tipik nümunəsi idi.

 

Ekran...

 

M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə - Bəxtiyar filmində professor Rəcəbov rolu ilə çıxıb. Sonralar Qızmar günəş altında filmində Alı kişi, Leyli Məcnunda Dərviş, Bir qalanın sirrində həkim Eldostu, Onu bağışlamaq olarmıda polkovnik Qurbanov, Qatır Məmməddə Gəncə qubernatoru, Nəsimidə Şeyx Əzəm s.

1963-cü ildə böyük sənətkarımız Ədil İsgəndərov Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi Əhməd haradadır? musiqili komediya filmində Nəcibə Məlikova, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınmış sənətçilər sırasında əsas rollardan birini - Şirin kişini məhz Məmmədrza Şeyxzamanovun timsalında görür.

Həmin filmdə epizodik, sonrakı ekran işlərində isə bir çox yaddaqalan surətlər yaratmış Əbdül Mahmudbəyov xatırlayır ki, əsasən Əhməd haradadır? filmindən görüb tanış olduğu M.Şeyxzamanovun sənəti ilə bahəm şəxsiyyəti onu heyran etmişdi: O, maraqlı insan, əsl teatr kino xadimiydi. Elə yaradıcı sənətkarlardan ki, - böyüklüyünə, peşəkarlığına müqabil heç bir iddiada bulunmazdı. Çox rahat adam, çox yaradıcı sənətkar idi. Onunla çalışmaq da çox asan idi, hamıya xoş təsir bağışlayırdı. Yaxınları, dostları, tanışları arasında belə bir ləqəbi vardı - "Yaxşı kişi".

...Bu dünyada hamının hörmət rəğbətinə tuş gələn bu Yaxşı kişi o dünyaya - Allah rəhmətinə 70 yaşında gedib...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 5 avqust.- S. 15.