Fotoqraflar BirliyininYay” müsabiqəsi

 

İstirahət və gəzinti fəsli olan yay öz ecazkarlığı ilə hər kəsin yaddaşına bir cür həkk olunur. Bəziləri isti günlərin dadını çıxarmaq üçün dənizə, bəziləri ölkəmizin müxtəlif bölgələrində olan yaşıl meşələrə, dağlara, bir qisim insan da xarici ölkələrə üz tutur. Bəzi insanlar da var ki, yayın istisindən bezərək, payızın, sərin havaların düşməsini səbirsizliklə gözləyirlər.

Azərbaycan Fotoqraflar Birliyi də elə bu müxtəlif zövqləri özündə əks etdirən fotoların yer alacağı “Yay” adlı növbəti müsabiqə elan edib. Müsabiqəyə təqdim olunan fotolarda müəlliflər yay fəslinin müxtəlif mənzərələrini, yay günlərinin insanların yaddaşında hansı xatirələrlə qaldığını, yayı necə gördüklərini əks etdirməlidir. Fotojurnalist araşdırmasından bədii fotoqrafiyayadək nümunələr təqdim oluna bilər.

Müsabiqədə iştirak etmək istəyən hər bir fotoqraf özü haqda məlumatlar da daxil olmaqla, fotolarını 25 sentyabr tarixinədək musabiqeafb@gmail.com ünvanına göndərməlidirlər. Fotolar JPEG formatda, uzun tərəfi 1200 px olmalıdır. Hər fotoqraf müsabiqəyə 5 ədəd foto təqdim edə bilər. Seriya fotolar bir kimi qəbul olunacaq. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Müsabiqəyə 2015-ci il ərzində çəkilmiş fotolar qəbul olunacaq. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququna da malikdirlər.

 

Fariz

 

Mədəniyyət.- 2015.- 5 avqust.- S. 12.