Arxeoloji abidələrin inklüziv turizm perspektivləri

 

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək adlı layihə həyata keçirir. Layihə çərçivəsində 22-27 iyul tarixində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-ə yaxın obyektdə araşdırmalar aparılıb, 135 nəfər arasında sorğu keçirilib.

Layihənin ilk mərhələsi sözügedən bölgələr haqqında məlumatın toplanması, ikinci mərhələ bölgələrdə icra hakimiyyəti, əmək və əhalinin sosial müdafiə mərkəzləri, xəstəxana, poliklinika, mədəniyyət və turizm obyektləri, qeyri-hökumət təşkilatları, ictimai birlik və cəmiyyətlər, fiziki imkanları məhdud insanlarümumi əhali arasında sorğulardan ibarət idi.

Sorğular zamanı bölgələrin əksəriyyətində fiziki imkanları məhdud insanların mədəni-maarif ocaqlarından, turizm obyektlərindən istifadəsində əsas maneə kimi xüsusi nəqliyyatın, pandusların, yolların, səkiyə qalxmaq və düşmək üçün cığırların, lift və qaldırıcı qurğuların, imkanı məhdud insanları müşayiət edəcək bələdçilərin olmaması qeyd edilib.

 

Mədəniyyət.- 2015.- 5 avqust.- S. 10.