Sənətkara əbədi sevgi

Müslüm Maqomayevin xatirəsi yad olundu

 

Avqustun 17-də dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 73-cü ildönümündə sənətkarın Fəxri xiyabandakı məzarı önündə xatirə mərasimi keçirildi.

 

Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, ölkəmizin mədəniyyət və incəsənət xadimləri, müğənninin dostları onun məzarı önünə gül dəstələri və əklillər düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

Tamara Sinyavskaya çıxış edərək böyük musiqiçinin xatirəsinin, bir an da olsa, onu tərk etmədiyini, illər ötsə də, onun unudulmadığını dedi: Bu gün Müslümün 73 yaşı tamam olur. Ancaq mən belə hesab edirəm ki, onun 73 deyil, 37 yaşı tamam olur. O, bu sözləri təkrar etməyi sevirdi: Xatırlayıramsa, yaşayıram. Mən də eyni sözləri demək istəyirəm. O yaşayır, mənim yaddaşımda, xalqın yaddaşında daim yaşayacaq.

Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin Müslüm Maqomayevin ömrü boyu Azərbaycan və Rusiya arasındakı dostluğa xidmət etdiyini bildirdi: Müslüm Maqomayev xalqlarımız arasında dostluğu həmişə möhkəmləndirməyə səy göstərdi və bunu bacardı. O, hər iki xalqın övladı idi. Müslüm eyni dərəcədə həm Azərbaycana, həm də Rusiyaya məxsus idi, çünki hər iki ölkəni öz Vətəni sayırdı. Diplomat çıxışının sonunda Müslüm Maqomayevə həsr edilmiş bir şeiri səsləndirdi.

Xalq artisti, kinorejissor Eldar Quliyev, xalq rəssamları Ömər Eldarov və Fərhad Xəlilov ölkəmizdə vokal sənətinin inkişafında Müslüm Maqomayevin əvəzsiz rolundan, unudulmaz sənətkarın ümumxalq məhəbbəti qazanmasından söz açdılar. Müslüm Maqomayevin öz səsi, ifası və səhnə mədəniyyəti ilə daim yaddaşlarda yaşayacağı vurğulandı.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. Fortepiano sinfi üzrə musiqi məktəbini, sonra Asəf Zeynallı adına musiqi məktəbini, vokal sinfi üzrə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. M.Maqomayev ilk dəfə 1962-ci ildə Helsinkidə dünya tələbə gənclər festivalında diqqəti özünə cəlb edib. O, Buhenvald harayı və Ruslar müharibə istəyirlərmi? mahnılarının ifasına görə festivalın laureatı olub. 1963-cü ildə öz konsertləri ilə, sözün əsl mənasında, Moskvanı fəth edib. 1964-cü ildə Milanın La-Skala opera teatrında təcrübə keçmək üçün bir il müddətində İtaliyada olub. 1966-cı və 1969-cu illərdə Parisin məşhur Olimpiya Teatrındakı çıxışları ilə böyük uğur qazanıb.

Kann (Fransa,1968) və Sopot (Polşa, 1969) beynəlxalq mahnı müsabiqələrinin qalibi olub. 1973-cü ildə ona SSRİ Xalq artisti fəxri adı verilib.

Müslüm Maqomayevin diskoqrafiyasına 40-dan çox qrammofon valı, 15 kompakt-disk, o cümlədən Sənə minnətdaram (1995), Opera və müzikllərdən ariyalar. Neapol mahnıları (1996), Sovet estradasının ulduzları. Müslüm Maqomayev (2001), Məhəbbət mənim mahnımdır. Xəyallar ölkəsi (2011) diskləri və s. daxildir.

Müğənni SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın Şöhrət və İstiqlal ordenlərinə layiq görülüb.

Milyonların sevimlisi 2008-ci il oktyabrın 25-də Moskvada ömrünün 67-ci ilində vəfat edib. Doğma şəhəri Bakıda Fəxri xiyabanda dəfn edilib.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 19 avqust.- S. 3.