Keçmişdən gələcəyə aparan yol

 

Böyük İpək Yolu turizmin inkişafı üçün geniş imkanlar açır

 

Azərbaycan Turizm Assosiasiyası idarə heyəti sədrinin müşaviri Müzəffər Ağakərimovun Qazaxıstanda nəşr olunan «Altyn Korpu» («Golden Bridge») jurnalında məqaləsi dərc olunub.

«Böyük İpək Yolu turizmin inkişafı üçün geniş imkanlar açır» adlı məqalədə müəllif bu tarixi marşrut üzərində yerləşən ölkələrin turizm sahəsində mümkün əməkdaşlığından və bunun sahənin inkişafına müsbət təsirlərindən bəhs edib.

Yazıda Azərbaycanda turizm sahəsinin inkişafından, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) fəaliyyətindən də söz açılır. Bildirilir ki, ölkənin 160-a yaxın aparıcı turizm şirkətini və 100-dən çox hoteli birləşdirən AZTA Rusiya, Qazaxıstan, Türkiyə, İtaliya, Polşa və Gürcüstanın analoji qurumları ilə yaxından əməkdaşlıq edir, onlarla təcrübə mübadiləsi aparır. Assosiasiya BMT-nin Ümumdünya Turizm Təşkilatının assosiativ üzvüdür.

Məqalədə daha sonra Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsindən və bunun ölkəmizdə turizmin inkişafı üçün yaratdığı unikal imkanlardan bəhs olunur: “Azərbaycanın turizm imkanları böyükdür. Bu imkanlardan istifadə etməklə turizmin milli iqtisadiyyatın aparıcı istiqamətinə çevrilməsi sahəsində geniş işlər görülür. Böyük İpək Yolu marşrutu Çindən başlayıb AsiyaAvropa ölkələrinin əksər qismini əhatə edir. Bu marşrutdan istifadə etməklə, həmin ölkələr bir-biri ilə xüsusilə turizm sahəsində geniş əməkdaşlıq əlaqələri qura bilər ki, bu da həmin ölkələrin iqtisadiyyatına külli miqdarda gəlir gətirər. Hazırda Rusiyanın turizm qurumları, eyni zamanda Türkiyə və digər türkdilli dövlətlər - Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də İran bu məsələyə yenidən baxır. Çünki Böyük İpək Yolunun tam olaraq istifadə edilməsi turizm sahəsinin inkişafına müstəsna təsir edə bilər».

Məqalənin sonunda müəllif yazır ki, Böyük İpək Yolu öz başlanğıcını keçmişdən götürsə də, gələcəyə aparan yoldur: «Bu yolla birlikdə gedilsə, əməkdaşlıq edilsə, inanıram ki, bu bizim xalqlarımıza xoşbəxtlik və firavanlıq gətirəcək».

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 21 avqust.- S. 9.