Romantik ovqat, zərif çalarlar

 

“İçərişəhər” bədii filminin çəkilişləri başa çatıb

 

 İtaliyalı operator: “İnanıram ki, film azərbaycanlı tamaşaçıların zövqünü oxşaya biləcək”

 

“Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçərişəhər” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan, psixoloji dram janrında olan filmin quruluşçu rejissoru İlqar Safat, ssenari müəllifləri Təhminə R. Cəbrayıl və İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

 

Film hələlik geniş baxışa təqdim edilməsə də, artıq haqqında müəyyən fikirlər söylənilir. Sosial şəbəkələrdə yerləşdirilən qısa təqdimatda aktyor oyunu, işıq və operator işi yüksək qiymətləndirilir.

Ekran əsərinin italiyalı operatoru Luca Coassin film haqqında və şəxsi yaradıcılığı barədə suallarımızı cavablandırdı. Bildirdi ki, gənc qızın yaşca ondan böyük olan kişiyə məhəbbətindən bəhs edən film Azərbaycanda geniş əks-səda doğuracaq. “İçərişəhər” romantik ovqatlı və zərif çalarlı bir filmdir.

 

- Azərbaycanda çəkdiyiniz filmdə operator kimi görüntü baxımından nəyə nail olmaq istəyirdiniz?

- İlk növbədə zərifliyə, incəliyə. Çünki İçərişəhər xüsusi mədəni çalarına görə fərqlənir. Artıq ssenari ilə tanış olub rejissor ilə söhbət edəndə filmin vizual həllini bu cür gördüm. Düşünürəm ki, bu filmdə mənim işim yeni bir üslubu tətbiq etməkdən ibarət deyil. Quruluşçu operator rejissor ilə ilk gündən film ərsəyə gələnədək eyni dalğada qalmağı bacarmalıdır. “İçərişəhər” üçün zəriflik vizual realizm anlamına gəlir. Necə deyərlər, “İtaliyada istehsal edilib” zərifliyi.

- Bəs filmdə bizi italyansayağı nə gözləyir?

- Filmin üslubu və çəkilişi üzərində düşündüyün zaman təhsil və təcrübə cığırından kənara çıxa bilmirsən. Mənim bəxtim gətirib ki, kinoda ilk addımlarımda Cüzeppe RotunnoVittorio Storaro kimi ustadlarla işləyib onlardan öyrənmək imkanım olub. İtalyan möhürü filmin interyer səhnələrində və obrazların portretlərində özünü göstərir. Çoxsaylı iri plan çəkilişləri ilə obrazların daxili aləmini aşkar etməyə çalışmışam.

- Rejissor İlqar Safatla işləmək necə təsir bağışlayır?

- İlqar peşəkardır. Onunla zamanı əldə etdiyim təcrübə mənim həm şəxsi, həm peşəkar cəhətdən inkişafımda öz əksini tapdı. Rotunno həmişə vurğulayırdı ki, quruluşçu operator üçün öz baxışını təkmilləşdirmək və eyni zamanda rejissorun gözü ilə görmək çox vacibdir. Bu cəhətdən İlqarın təsvir etdiyi reallığı lentə almaq mənim üçün çox asan idi.

- Hazırda beynəlxalq layihələrdə xarici rejissorlarla işləyirsiniz. Bəlkə bir az bu haqda danışaq...

- İlk dəfə 2004-cü ildə Mərakeşdə çəkilişlər etdim. O vaxtdan bu günə kimi, demək olar ki, əsasən xaricdə çalışmışam. Beynəlxalq heyətlə əməkdaşlıqdan zövq alıram, bu adətən maraqlı tanışlıqlara gətirib çıxarır. Qeyd etməliyəm ki, rejissor ilə işin xüsusiyyətləri hər yerdə eynidir. Çəkiliş və ssenari üzərində işə hər yerdə eyni cür yanaşılır. İstər İtaliya, Mərakeş, Fransa, yaxud elə Azərbaycan olsun. 10 ildən artıq beynəlxalq təcrübəm sayəsində kinonun dünyəvi dil anlamında olduğuna əminəm.

- Hansı səbəbdən “İçərişəhər” filminin rəng işini Sergio Cremascoya etibar etmək qərarına gəldiniz?

- Hər şey dəqiq olmalı idi. Sergio ilə ilk əməkdaşlığımız “Occhi di kristallo” filmində olmuşduo zaman çox anlaşıqlı işbirliyimiz baş tutmuşdu. Rəqəmsal keçidlərdə bir çox prosesləri məhz quruluşçu operator idarə edir və rəng korreksiyası bu istehsalat zəncirinin bir halqasıdır. Bu səbəbdən filmin vizual həllini çəkiliş zamanı yaratdığım ab-havanın çalarları ilə ifadə edə biləcək bir nəfərlə işləmək mənim üçün çox vacibdir. İnanıram ki, film azərbaycanlı tamaşaçıların da zövqünü oxşaya biləcək.

 

Samirə Əsgərova,

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 21 avqust.-  S. 7.