Əbədi Köhnə Kişi

 

Ədəbi-bədii, satirik-yumoristik qələmi, şəxsi-ictimai aləmilə xalqa bağlı - Seyfəddin Dağlı...

 

Bəli, məxsusi xarakter-imic yaradıcılığına rəğmən, hələ gəncliyindən Köhnə təltifli bu Kişi öz qələmilə daim şərliyi sancar, qədəmilə müdam düzlüyə varıb həqiqətlər arar, həmişə xeyir işlərə yarardı...

Sağlığında çox məkanda görünərdi. Arif-aqillər gözünə isə olmadığı yerlərdə də görünərdi...

 

Rəsmi-rəyasi sferalarda qara camaat qahmarı, xəlqi qut idi, sənət səltənətində Fiqaro tam, Fiqaro tut, mətbuat aləmində mütəhərrik fərdi bir bunt!..

Bəs cismani yoxluğunda?..

Gözəl ədib, alovlu publisist, vicdanlı jurnalistimizə yönəli bu yanğılı sualıma sükuti-söngülü bir cavab: hələ də sa-kit-lik, la-qeyd-lik...

Bu təəssüf dolu qənaətimin təəccüb dolu səbəbkar-təsdiqçiləri: illərdir onu xatırlayıb-xatırlatmayan müasir qəzet-jurnallar, bəzən (felyetonlarından birinə işarətlə desəm), bağayarpağıyla quzuqulağının fərqsizliyi, müstəqillik illərimizin kərə, sovet dövrünün marqarin tortaları, düşmən qarğaları və Vətən qartalları kimi aktual mövzularda çarpışan bəzi internet portalları və... bu genişlikdə ədəbi-bədii, publisistik-jurnalistik təsərrüfat sahibi haqda iki cüt-bir tək sözdən ibarət vikipediya mətni...

Bu gözəl qələm ustadı və özəl vətəndaşın ÖZü isə hər cür əyər-əyar dəyərlərin -

 

Fövqündə...

 

Təxəllüscə Dağlı olan bu ədib mahiyyətcə həryerli idi; gözəl nəsri-nəqli nümunələrini ağıl-başla iksirləsən, konkret süjet, hədəfi mətləblərdən əlavə, şair çağdaşlarından birinin O zamanmı bitdi bizim dilimizin haralısan damarı da kimi Bütöv Azərbaycançılıq ideyası da dalğalanar.

İdeya sözü dövrünün bu təkrarsız (yeri gəlmişkən, təkrarçılığı sevməyən) ədibi haqda qaçaraq yazdığım ilk yazıdakı bir ifadəni saldı yadıma: Seyfəddin Dağlı bio-fizio-ideoloji surəti, şəxsi-ictimai mentallığı, özünə (və hamıya) məxsusluğu ilə seçilən bir Obraz idi... Bu özəl Obrazı sözlə bir çim də obrazlaşdırmalı olsaq, - o, nəşrlər içrə seçilmiş əsərlər tutumlu ədiblərdən idi. Dost-doğma yaxındaşlarının, sıravi çağdaşlarının müşahidə-qənaət qənimətlərinin xülasəsinə cəhd etsək, - zahirən qəzəb oğlu, daxilən ülfət-məhəbbət dolu İnsan. Heyrəti-surət gözləri snayper, həyat-sənət baxışları super, sözü-vəzi məzə, özü qət təzə Köhnə Kişi. Ədəbiyyat-ədəb aləmində - öz heyranlıq bildirilərindən biriylə ifadələsək, - alayı aləm görkəmli, mətbuat, jurnalistika-publisistika sahəsində kotan görəvli, döyüşkən ziyalılıq səngərlərində artillerist, milli-mənəvi təsir, xəlqi-məhəlli təəssübkeşlik ləngərlərində avtoritet...

Daha nə qalır Seyfəddin Dağlı -

 

Qələmi, Aləmi və Kəlamından?..

 

Təkrar edək ki, haqq-halal bir həyat və yaradıcılıq ömrü yaşamış bu Köhnə Kişi haqda məlumatlar da köhnə olaraq qalır. Düzdür, onun 27 avqust 1921-ci ildə Xızıda dünyayagəlmə, 18 yanvar 1983-də Bakıda əbədiyyətəgetmə tarixçələrini, 1941-dən 1956-ya qədər sovet ordusunda xidmətetmə, Kommunist, Ordu qəzetlərində şöbə müdiri, Dövlət Tele-Radio Komitəsində direktor, sədr müavini, Kirpi jurnalında baş redaktor, Azərbaycanfilm kinostudiyasında (ssenari redkollegiyası), Yazıçı nəşriyyatında redaktor işləməsi faktlarının yeniləşdirilməsinə ehtiyac yox. Bəs biri-birindən maraqlı on beş kitabının, neçə-neçə pyesinin üç gündən bir-beş gündən bir çap və tele-təbliğ edilənlər cərgəsinə üç ildən bir-beş ildən bir daxil ediməsinə nə söz?

Bu, bir qisim üçün busöz!, para qisimçünsə söz!

 

Belə...

 

əziz, hörmətli və başıqarışıq müasir oxucu!

Belə ki, deyirəm, bəlkə elə, çox maraqlı əsərlərindən birinin adı Sabiqlər olan bu sabiq sənətkarı da oxumağınız, Bahar oğlu əsərilə milli ədəbiyyat ailəmizin ən məhrəm-görkəmli üzvlərindən birini tez-tezisvarı tanıtdırmaq üçün yuxarıdakı qaraçuxa üslublu tərcümeyi-hal daha münasibdir? Bəlkə də. Amma, əlbəttə, əgər bir çox sahələrdəkindən fərqli olaraq, əndazələr gözlənilsəydi. Hər yerindən duranın açdığı qəzetstanda hər özündəndeyən haqda palaz-palaz yazılar, tənqid və biblioqrafiya yerinə, tərif və bülbüloqrafiyalar dərc edilməsəydi. Hər min nəfərə bir qəzet, hər yüz sözə yüzbir orfo-morfoqrafik səhv düşən indilərdəki kimi yox, hər sözün, hər cümlənin, hər mövzunun başına fır-fır fırlanan, hər təqdir-tənqidi ifadənin çortuna gedən gözəl yazıçı, azman mətbuçu Seyfəddin Dağlı kimilərinin dövründəki sayaq - hər milyona biri düşməklə, qəzetlərin hamısı oxunsaydı...

Təbii, elədə, bu ədibi çoxdan oxuyub sevmiş köhnələr də, Qərbin gözqamaşdırıcılıq bəndinə düşmüş ultrabənövşəyi təzələr də klassik bir yeninin (müasir teleleksikonca desək) dadını çıxarmış olardı. Mənim bu qeyri-demokratik, senz-senzuralı qənaətlərimə ortaqlara təşəkkürüm, boğazdan yuxarı, müqəddəs Qələmdən aşağı düşünənlərə isə polemik bir xitabım var; hanı bəs indiki qəzetlər, jurnalistlər bolluğunda o vaxtkı S.D imzalı Adı sənin, dadı mənim, Mənziliniz mübarək, Kəcil qapısı, Sabiqlər kimi duzlu (bəzən, yaxşı mənada qırduz!) satirik-yumoristik nümunələr, yaxud onun qələmdaş sağdaşlarının Sarı dana, Məndən ötdü poeziyaları, Yer üzünün Qarabağ düzü, Qızlar layla çala bilmir publisistikaları?..

Həmin o öz nəfslərinə hakim, məxfi saxlamağa məhkum olduqları milli ideyalara qul şəxsiyyətlər və dövrün -

 

Doktrinal diktələri

 

Onun (və bir neçələrinin) gənclik illərinin qismətinə düşmüş diktələr...

Üzdə birüzlü, içdə yüzsifətli dövrün minsifət diktələri!

Yeganə və yazıq həqiqətdə çoxplanlı, çox yalan-palanlı, hədsiz aman-yamanlı idi o diktələr. Məlum Diktator, milli inkişafa hava-su kimi vacib olan ədəbi-bədii, mətbu-informasiya kimi elitar sahə adamlarına, birləşməyə çağırdığı proletarlar adından durmadan diktələr edirdisə, düşüncə aləmi nə etməli idi? Bu diktələrə ikidən bir qulaq verib, beşdən üç yazmaqdan, sinələrində qövr edən hissi diktələri çox zaman eşitməzliyə vurmaqdan başqa qələm-əllərindən nə gələrdi belələrinin? Onlardan biri də Seyfəddin Dağlı idi ki, 1941-ci ildə - iyirmi yaşında müharibəyə getmiş, xalqımızın adına yamanmış periferiya-patava terminlərinə xilaf, velikoruslar içərisində seçilib-fərqlənərək, Armiya qəzetində bezaksent-korrespondent, Diviziya qəzetində baş redaktor olmuşbiron beş ildən sonra qayıtmışdı...

Deyirəm, bəlkə elə bu yüksək savad və qabiliyyətinə, eridusion səviyyəsinə müvafiq qiymətləndirilmədiyinə görə imiş onun - yuxarıda işlətdiyim qəzəb oğlu kimi epitetlərə məruz qalması? Çox güman ki! Bunu onun Dövlət Radio Komitəsində, Bakı Telestudiyasında, AzTV-də işlədiyi yüksək vəzifələrdəki fövri-fraqmental dövriliklər də təsdiq etmirmi? Axı, o vaxtlar hər şeyə haqqı olan bu personanın haqsızlıqlara qarşı çıxmaması mümkünsüz, belə bir davakarın işdə saxlanması isə qeyri-münasib idi...

Nəhayət, bu qılıncqələmin ictimai sancıları -

 

Sancmalar dövrü

 

Seyfəddin Dağlının Kirpi jurnalında baş redaktorluq dövrünü Azərbaycan mətbuatının - Molla Nəsrəddindən sonra - silsiləvi hadisəsi, ictimai təfəkkürümüzün (xəmirindəki sovet mayası istisna edilməklə) satira-yumor, felyeton, nəticə etibarı ilə tərbiyəvi-islah qabiliyyətinin mətbu sərgisi də hesab etmək olar. O vaxtların nəinki məlum, hətta naməlum antipodları da Kirpi tərəfindən iynələnmək təhlükəsi yaşayırdılar. Özü də təkcə ayda bir dəfə çıxan Kirpidən yox, daha çox, prinsipial, sözüüzü kimi dönməz baş Kirpiçidən! Eşitmişdim ki, Seyfəddin müəllim günahkarların kandarkəsən, zəng-dəngedən havadarlarından yaxa qurtarmaq üçün day-day-vay-vaylı felyetonları bir-iki nömrə sonraya saxlayar, sonra - jurnalın çap günü özünü harayasa ezam edib, məndən xəbərsiz verilib təəssüfü ilə vəziyyətdən çıxarmış. O dövrün hərzələrini lərzəyə salmaqda yeganə mətbu nümunə olan o jurnalda oxuduğum materiallara, gördüyüm karikaturalara əsasən də bir neçə epizod söyləyə bilərəm. Məsələn, yad bir müəllimə qohum-əqrəbalarından dəfə-dəfə az dərs saatı verən və həmin yadın şikayətlərinə əsasən həftə səkkiz-mən doqquz yoxlamaya gələnlərə həmin qohum-əqrəbasının saatından kəsib qazandığından da artıq məbləğdə rüşvət verməli olan bir məktəb direktoruna felyeton mətni içərisindəki pəncərədə büsbütün Seyfəddin Dağlı üslubunda belə bir redaksiyadan verilmişdi: Hörmətli və mürvətli direktor-müəllim! Gəldi-gedər yoldaşlara etməyə məcbur olduğunuz o hörmətlərin yüzdə birini o həmişəqalar yoldaşınıza bir-iki saat əlavə dərs kimi versəniz, nə dünya dağılar, nə də təmiri üçün heç bir yerə müraciət etmədiyin məktəbiniz!

Bir-iki kəlmə də əsl sənət səviyyəli karikaturalardan. Öncə deyim ki, bu səviyyə baş redaktorun tək elə şəxsi rəğbət hissilə yox, həm də ictimai anlam-amal duyğusuyla redaksiyaya cəlb etdiyi böyük rəssamlar hesabına alınmışdı. Onlardan kimisə unutma ehtimalına görə ad çəkmədən, misallara keçirəm: məhəllə içrə böyüklüyü papağını təvərə böyüklüyündə görən bir cayılın başı üzərindəki vertolyotda (helikopterdə) biri o birinə: Bəlkə elə bu aerodroma enək?.. Qar-çovğun ucbatından ömründə bir kərə nəvəsini məktəbə ictimai nəqliyyatda aparmalı olanbu zaman başı üstündə dayanmış mamılı-matana gözü düşən bazburutlu bir çinovnik: Mənim gül balam, dur yerini ver çiçək xalaya...

 

Kitabları

 

Bir kitablıq fikir yürüdüləsi bu kitablar haqda söz deməyə yer qalmadı... Amma Bahar oğlundan danışmamaq qeyri-mümkün. Oxuyanlar yaxşı bilir - o kitabda necə bir bahar hərarəti, bütöv bir səhnə Azərbaycanı yaratmış dahi Cəfər Cabbarlıya nə tövr müəllif hüsn-rəğbəti, millət məhəbbəti var! Bu kitabı yazmağa başlayarkən qırx yaşı keçməkdə olan Seyfəddin Dağlı bütün təhkiyəvi elementləri, bədii uğurları ilə bahəm, bu dünyanı otuz beşcə yaşında dahi olaraq tərk etmiş təkrarsız Cəfərimizin bu qədər qısa olum aləmini tam verə bilməkdə çətinlik çəkdiyini də duyurmağa çalışıb. Böyük dramaturqun dünyabaxışına təsir edən əsas məsələ-məziyyətlər içərisində Qəhr olsun dünyanın milyonlar içində vücuda gələn səadəti! kimi fəlsəfi postulatlar, Nə bağırırsan, xalq! Varındır (yəni aktrisan - T.A.) - ver, yoxundur - sus, öl! kimi sərkərdəvi halətlərlə birgə, uşaqlıqda gördüyü dini şəbehlərin, eşitdiyi (Necə qan ağlamasın daş bu gün, Kəsilib yetmiş iki baş bu gün!) sədaların da rol oynadığını canlı boyalarla sərgiləmiş belə bir müəllifin özü də, təbii, əbədi bir ədib olaraq qalacaq...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 26 avqust.- S. 15.