Kitabxana işində yeni texnologiyalar dövrü

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada 10 günlük treninqlər təşkil olunur.

 

Avqustun 24-də bu qəbildən beşinci treninq başlanıb. Xızı, Şabran, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Balakən, Lənkəran, Nərimanov, Səbail və Xətai Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri treninqdə həm MARC 21 formatını öyrənəcək, həm də ALİSA-da vərdişlərini mənimsəyəcəklər.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov iştirakçılarla görüşündə treninqin УUltra Technologies" şirkətinin mütəxəssisləri ilə birgə aparıldığını diqqətə çatdırıb. O, iştirakçıları 10 gün müddətində treninqdən maksimum bəhrələnməyə çağırıb.

 

Dinləyicilər Milli Kitabxananın prosesi ilə də yaxından tanış olacaq, kitabxanada olan yeni üsulları, yeni xidmət növlərini əyani izləyəcəklər. Treninqin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək.

 

Avqustun 21-də Milli Kitabxanada ALİSA proqramının test rejimi ilə işləyən Səbail, Nərimanov və Xətai rayon MKS-ləri üçün monitorinq keçirilib. Monitorinqdə Milli Kitabxananın direktoru

 

Kərim Tahirov, direktor müavini Elçin Musayev, kitabxananın əməkdaşları, УUltra Technologies" şirkətinin işçisi Sərxan Məmmədov və MKS-lərin bu proqramla işləyən mütəxəssisləri iştirak ediblər.

 

Milli Kitabxananın direktoru ALİSA proqramının üstünlüklərindən danışıb, Milli Kitabxananın bazasının bütün şəhər, region, hətta kənd kitabxanaları üçün əlçatan olacağını qeyd edib. Monitorinq zamanı məlum olub ki, proqramın ilkin variantında mövcud olan nöqsanlar tam aradan qaldırılıb. Kəhnə bazada olan materialların yeni məlumat bazasına köçürülməsi işi həyata keçiriləcək və bütün kitabxanalar ALİSA proqramının tam, təkmilləşdirilmiş yeni variantı ilə işləyəcəklər.

 

Tədbirdə o da qeyd olunub ki, respublikanın şəhər və rayon MKS-lərinin 50 faizdən çoxu yeni proqramyeni format üzrə treninqlərdən keçiblər və sentyabrın 10-dan başlayaraq bütün MKS-lərdə ALİSA proqramı tətbiq olunacaq.

 

Mədəniyyət.- 2015.- 26 avqust.- S. 12.