"Turizmin əsasları" dərsliyinin təqdimatı keçirildi

 

Avqustun 25-də Azərbaycan TurizmMenecment Universitetində “Turizmin əsasları" dərsliyinin çapelektron variantının təqdimatı keçirildi.

 

Universitetin rektoru, professor Cəfər Cəfərov mərasimdə çıxış edərək bildirdi ki, dərs vəsaiti Vətəndaş Təşəbbüsləri Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində əsasında hazırlanıb. Rektor qeyd etdi ki, turizm Azərbaycanda bir elm sahəsi kimi yeni təşəkkül tapır. Bu sahənin tədris ədəbiyyatı ilə təmin olunması prioritet istiqamətdir: "Bu günə qədər ATMU tərəfindən 200-dən artıq fənn proqramı, dərs vəsaiti nəşr edilib. Bununla belə, görüləsi işlər çoxdur. Bu işi elmi əsaslarla və bütün resurslardan istifadə etməklə görməliyik. Bundan sonra da tədrisin keyfiyyətinin artırılması istiqamətində yeni dərs vəsaitlərinin hazırlanması və nəşri bizim prioritet vəzifəmiz olacaq. Çünki bütün bunlar yüksək ixtisaslı kadr hazırlığına xidmət edir".

 

Cəfər Cəfərov bildirdi ki, "Turizmin əsasları" dərsliyi 10 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan TurizmMenecment Universitetinin tələbələrinə dəyərli hədiyyədir.

 

Layihənin əlaqələndiricisi Çingiz Gulalıyev Vətəndaş Təşəbbüsləri Mərkəzinin indiyədək 20-yə yaxın müxtəlif nəşri hazırladığını diqqətə çatdırdı. "Turizmin əsasları" dərsliyinin hazırlanmasına 2008-ci ildən başlanılıb. 492 səhifədən ibarət olan dərslikdən ali məktəblərin müvafiq ixtisasında təhsil alan tələbələrlə yanaşı sahə üzrə maraqlanan oxucu kütləsi də yararlana bilər.

 

ATMU-nun Turizm biznesi kafedrasının müdiri Bahadır Bilalov turizm təhsilinin inkişafında dərs vəsaitlərinin rolundan bəhs etdi. Onun sözlərinə görə, tədris prosesi üçün dərs vəsaitinin rolu əvəzsizdir: "Tələbələr bizdən təhsil aldıqları ixtisas üzrə konkret material istəyirlər. Ona görə də çalışmalıyıq ki, bu tipli vəsaitlərimiz çox olsun. İşimizi bu istiqamətdə qursaq, universitet olaraq daha böyük uğurlar əldə edə bilərik".

 

Kafedra müdiri qeyd etdi ki, "Turizmin əsasları" kitabı ali məktəblərin bakalavr təhsil pilləsi üçün Təhsil Nazirliyinin təsdiq etdiyi proqram əsasında hazırlanıb. Kitab 10 fəsildən, 57 paraqrafdan ibarətdir. Dərslikdə turizm elminin predmeti, elmi-nəzəri əsasları, tədqiqat metodları, dünyada və həmçinin Azərbaycanda inkişaf tarixi haqqında ətraflı məlumat verilib.

 

Bakı Dövlət Universitetinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri Həbibə Soltanova bildirdi ki, dərslik olmadan dərsin keyfiyyətindən danışmaq mümkün deyil. Ali məktəblərin və müəllimlərin hazırkı tələbələrin tələbatına cavab verməli olduğunu qeyd edən mütəxəssis bu baxımdan "Turizmin əsasları" dərsliyini qiymətli mənbə hesab etdiyini dedi.

 

ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov turizm əmək bazarının ehtiyaclarına uyğun keyfiyyətli təhsilin təşkilindən danışdı.

 

"Bakı Turizm" firmasının direktoru Əlixan Mürvətov və digər çıxış edənlər layihənin yekunlaşması və nəticədə qiymətli bir dərs vəsaitinin hazırlanması münasibəti ilə müəlliflərə təbriklərini çatdırdılar.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 26 avqust.- S. 7.