Amerikada kamançanı Azərbaycan aləti kimi tanıtmaqdan fəxr duyuram

 

Kamançanı ayaq üstə ifa etmək mənə daxilən sərbəstlik verir

 

Tanınmış kamança ifaçısı, soydaşımız İmamyar Həsənov ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yaşayır. Milli alətimiz olan kamançanın dünyaya tanıdılmasında böyük işlər görüb. Hazırda yaşadığı şəhərdə keçirilən Dünya Musiqi Festivalının musiqi direktoru vəzifəsində çalışır.

 

- İmamyar bəy, öncə sizi tanımaq istərdik...

- Mən Bakının Mərdəkan qəsəbəsində musiqiçi ailəsində doğulmuşam. Atam Fikrət Həsənovun musiqiyə olan sevgisi bacım Qəməri, qardaşım Rüfəti və məni musiqiyə gətirdi. Mərdəkanda 17 saylı musiqi məktəbinin kamança sinfində oxudum, 1990-cı ildə A.Zeynallı adına Musiqi Kollecinə qəbul oldum. Burada Mütəllim Novruzov və Arif Əsədullayev kimi tanınmış kamança ustalarından dərs aldım. 1995-2000-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Ağacəbrayıl Abasəliyevin sinfində təhsilimi davam etdirdim. Bu illərdə kamançaçı Nərgiz İbrahimova ilə tanış oldum və biz ailə həyatı qurduq.

- Necə oldu ki, yaşamaq üçün Amerikanı seçdiniz?

- 2000-ci ildə Amerikaya daimi yaşamağa gəldim. Bundan öncə bir neçə xarici ölkədə olmuşdum. İstəyirdim ki, dünyanın tanınmış sənətçilərilə bərabər işləyim, maraqlı musiqi layihələri həyata keçirim. Son səfərim Amerikaya oldu, buradakı imkanları gördüm və tale elə gətirdi ki, bu ölkədə qaldım. İndi burada tanınmış universitetlərdə ustad dərsləri keçir və konsertlər verirəm. Azərbaycan musiqisini və kamança alətini təbliğ edirəm. Stanford, Juliyard, İndiana, Corc Vaşinqton, Corctaun universitetlərində və San-Fransiskodakı orta məktəblərdə bu işlə məşğulam.

- San-Fransisko Dünya Musiqi Festivalı haqqında nə deyə bilərsiniz?

- Bu festivalın musiqi direktoruyam. Festival təkcə San-Fransiskoda deyil, dünyanın çeşidli ölkələrində layihələr gerçəkləşdirir. Hər zaman Azərbaycan və Amerika arasında mədəni körpü qurmağa çalışıram. 2013-cü ildə festivalın bir layihəsi olaraq Stanford Universitetinin musiqi departamentində Azərbaycan musiqisindən dərslər keçmişəm. Tələbələr Azərbaycan xalq musiqilərini, mahnılarını öz alətlərində ifa edib dilimizdə oxuyurdular. Festivalın daha bir layihəsi olaraq indi San-Fransiskoda beş orta məktəbdə Azərbaycan musiqisindən dərs keçirəm. 2014-cü ildə dərs verdiyim məktəblərdən birinin şagirdlərini Mərdəkan qəsəbəsindəki H.Z.Tağıyev adına 123 saylı orta məktəbin şagirdləri ilə teleköprü vasitəsilə görüşdürdüm. Mən 8-ci sinfə qədər o məktəbdə təhsil almışam. Uşaqlara Fikrət Əmirovun "Göygöl" mahnısını Azərbaycan dilində oxumağı və musiqi alətləri çalmağı öyrədirdim. Mərdəkan məktəbində isə bu işləri qardaşım, tarzən Rüfət Həsənov görürdü. İki məktəbin şagirdləri telekörpü vasitəsilə birlikdə "Göygöl" mahnısını ifa etdilər.

- Siz kamançanı həm də ayaq üstə ifa edirsiniz. Bunun hansı üstünlükləri var?

- Tarixən kamançanı yerdə oturaraq, alətin altına bərkidilən dayağı yerə dirəyərək çalıblar. Sonralar sənətçilər oturacaqdan istifadə etdikləri üçün kamançanı qıçlarının üstünə qoyaraq ifa ediblər. İndi də bu şəkildə ifa olunur. Mən təhsilimi bu sayaq aldım. Hindistanda bu aləti yerdə oturaraq çalırlar. Avropada stulda oturaraq və ya ayaq üstə ifa edirlər. Kamançanı ayaq üstə çalmaq olar. Mən konsertlərimdə kamançalarımı həm yerdə, həm masada, həm də ayaq üstə çalıram. Kamançanı nə sayaq çalmağım konsertlərin formatından asılı olur. Ayaq üstə kaman çalmaq mənə daxilən sərbəstlik verir. Bu zaman alətin altındakı dayaq uzadılır. Düşünürəm ki, Azərbaycanda da bu qayda yayılacaq.

- Tanınmış pianoçu Çingiz Sadıqovla işbirliyiniz barədə nə deyə bilərsiniz?

- Çingiz müəllimlə ilk dəfə 2005-ci ildə indi çalışdığım festivalda tanış oldum. Onda mən Vaşinqtonda yaşayırdım və bu layihədə azərbaycanlı sənətçi kimi ölkəmizi təmsil edirdim. Çingiz müəllim San-Fransiskoda yaşayır. İlk çıxışımızdan sonra ona təklif etdim ki, ikimizin ifasında bir CD albom yazdıraq. O, təklifimi məmnuniyyətlə qəbul etdi. Çingiz müəllim Bülbül, Rəşid Behbudov kimi böyük ifaçıları müşayiət edib. Belə korifeylərdən sonra məni müşayiət etməsi şəxsim üçün böyük şərəf oldu. Vaşinqton və San-Fransisko arasında hava yoluyla 5 saatlıq məsafə olduğundan bu layihəni gerçəkləşdirə bilmirdik. Mən 2012-ci ildə San-Fransisko Dünya Musiqi Festivalında musiqi direktoru işinə təklif aldıqdan sonra bu şəhərə köçdüm və tezliklə birlikdə məşqlərə başladıq. Bir sıra səbəblərdən yalnız bu ilin sentyabr ayında "Sonsuz məhəbbətim" adlı CD albomumuzu Azərbaycan musiqisevərlərinə təqdim etdik. Bu albom Vətənimizə olan sevgimizin rəmzidir. Albomda Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov, Səid Rüstəmov, Emin Sabitoğlunun əsərlərindən, xalq mahnılarından və rəqs musiqilərindən istifadə etdik. CD-lər Amerikada və internet üzərindən satılır. İstəyirik ki, Azərbaycanda da bu CD-nin satışı təşkil edilsin. Albomu www.kamancha.com saytından əldə etmək olar.

- Bədxah qonşularımız kamançaya da tamah salıblar. Oralarda kamançanı Azərbaycan musiqi aləti kimi tanıda bilmisinizmi?

- Kamança qonşu olduğumuz ölkələrin çoxunda var və onlar da bu aləti özlərininki sayırlar. Qədim alət olduğundan kamançanın yaradıcısı haqqında qəti bilgi yoxdur.

Qarabağ vaxtilə Qafqazın konservatoriyası olub. Azərbaycanın bir çox dahi sənətçiləri burada doğulublar. Qarabağa köçürülən ermənilər də bizim musiqilərimizi öyrəniblər, toy və muğam məclislərində xanəndələrimizi kamançada müşayiət ediblər. Onlar xanəndələrimizi müşayiət edərkən tarzənin ifasını eynilə təkrarlayıblar. Kamança ifaçılarının bacarığı tar ifaçılarınkından aşağı olmasına görə kamançaya "müşayiətçi alət" adı veriblər. Bu fikirləri böyük sənətkarımız, mərhum Habil Əliyev deyirdi. O, kamançaya olan ögey münasibəti aradan qaldırdı, onu bir alət kimi müstəqilləşdirdi. Bunu muğam üçlüyü və solo çıxışları ilə sübut etdi və göstərdi ki, kamança muğam üçlüyündə yalnız tarı müşayiət edən yox, həm də müstəqil bir alətdir.

Amerikada yaşadığım ilk illərdə konsertlərdə, festivallarda məndən kamançanın fars və ya erməni aləti olması haqqında soruşurdular. 15 ildə yerli və başqa xalqların milli, klassik musiqilərini peşəkar sənətçilərlə birlikdə ifa etdikdən sonra kamançanı daha çox Azərbaycan aləti kimi tanıyırlar. Amerikada yaşayıb Azərbaycan musiqisini və kamançasını yalnız azərbaycanlılara təqdim etmək istəyim olmayıb. Ona görə ki, yaxşı musiqi, sənət, alət bir xalqın dəyəri olmaqdan bəşəri sərvətə çevrilir. İşim Azərbaycan və başqa xalqların musiqilərini peşəkar sənətçilərlə birgə sintez etməkdən ibarətdir. Musiqimizi və alətimizi tanıtmaqdan fəxr duyuram.

- Bildiyimə görə, bu il yaradıcılıq baxımından sizin üçün gərgin keçib...

- Bu ilin yayında Bakıda I Avropa Oyunları keçirildi. Azərbaycan Gimnastika Federasiyası yarışda fərdi və qrup halında yarışacaq bədii gimnastlarımızı müşayiət edəcək musiqi kompozisiyalarının hazırlanmasını mənə tapşırdı. Azərbaycan bəstəkarlarının əsərləri əsasında iki kompozisiya yaratdım. Gimnastlarımız milli musiqi kompozisiyalarının sədaları altında qızıl və gümüş medallar qazandılar.

Oktyabr ayı da mənim üçün məhsuldar oldu. Ölkəmizin müstəqillik günü münasibətilə oktyabrın 15-də Kaliforniya ştatının San-Xose şəhərinin meriyası önündə dövlət bayrağımızın qaldırılması mərasimi keçirildi. Şəhərin bələdiyyə başqanı və Vaşinqtondakı səfirliyimizin əməkdaşı, bu mərasimin təşəbbüskarı - San-Xose şəhəri Azərbaycan icmasının başqanı Mehriban Məmmədova çıxış etdilər. Sonra dövlət himnimizin sədaları altında bayrağımız qaldırıldı. Bakıdan dəvət edilən musiqiçilər Rüfət Həsənov, Elşən Dəniz, Kamilə Nəbiyeva, Ehtiram Hüseynov və mənim iştirakımla konsert keçirildi. Oktyabrın 18-də Şimali Kaliforniya Azərbaycan Mədəni Birliyi başqanı Həmid Azərinin təşkilatçılığı ilə ölkəmizin müstəqillik gününə həsr olunmuş konsert düzənlədik. Ayın 21-də isə Vaşinqtonda Qarabağ Fondunun təşkil etdiyi mərasimdə solo musiqi ifa etdim. Qarşıda bir sıra layihələrim var. Gördüyüm işləri davam etdirmək və kamançamızın sehrli səsiylə Azərbaycanımızı dünyada daha çox tanıtmaq istəyirəm.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 13.