Turizm və Menecment Universiteti Elmi Şurasının iclası

 

Təhsil ocağının 10 illik yubileyinə hazırlıq görülür

 

Noyabrın 27-də Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Elmi Şurasının iclası keçirilib. İclası ATMU-nun rektoru, professor Cəfər Cəfərov açaraq ali təhsil ocağının 10 illik yubileyi ərəfəsində olduqlarını diqqətə çatdırıb. Bildirib ki, 10 il həm də cəmiyyət qarşısında məsuliyyətimizin, fəaliyyətimizin hesabat dövrü deməkdir.

Tədris işləri üzrə prorektor Eldar Aslanov ATMU-nun 10 illik yubileyinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələrin icrası haqqında məruzə ilə çıxış edib. Bildirib ki, universitetin birinci mərtəbəsində 10 illik fəaliyyəti əks etdirən fotostend qurulub, yubileylə bağlı nəşrlər hazırlanıb. ATMU və Azərbaycan Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Müasir dövrdə səmərəli idarəetmənin problemləri” mövzusunda doktorant və müstəqil tədqiqatçıların respublika elmi-praktik konfransı keçirilib. “Turizm və rekreasiya: problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransa hazırlıq yekunlaşmaq üzrədir. Qarşıda duran vəzifələr sırasına bələdçi kurslarının təşkili, “Elektron ATMU” layihəsinin icrası, tələbə qeydiyyat modulunun hazırlanması və s. məsələlər daxildir.

Qeyd olunub ki, ATMU ilə AZTA, AHİK-nin Kurortlar Cəmiyyəti, Respublika Turizm və Ekskursiyalar Şurası və digər qurumlarla əməkdaşlıq müqavilələrinin imzalanması da nəzərdə tutulub.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 9.