“XIV əsrə qədər “muğam” sözü musiqi elmində istifadə edilməyib”

 

“İlk dəfə bu sözə musiqi termini kimi Qütbəddin Şirazinin 1306-cı ildə yazdığı ensiklopediyada rast gəlirik”

 

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, şərqşünas Sürəyya Ağayeva UNESCO-nun nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM), Beynəlxalq Etnomusiqişünaslar Cəmiyyətinin, Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Müxtəlif illərdə Bakı Musiqi Akademiyası, Türkiyənin Hacettepe Dövlət Konservatoriyası və Bilkent Universitetinin musiqi fakültəsində müəllim işləyib. Hazırda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisidir.

 

Elmi fəaliyyəti Azərbaycan, Şərq musiqi mədəniyyəti və orta əsr əlyazmalarının araşdırılmasına həsr olunub. Muğam sənətinin tarixi və nəzəriyyəsinə dair Azərbaycan, rus, türk, fars, ingilis dillərində çap olunmuş çoxsaylı kitab və məqalənin müəllifidir.

 

- Sürəyya xanım, siz rus dilində “Azərbaycan muğam ensiklopediyası”nın tərtibçisi, keçmiş SSRİ-də böyük musiqiçi-alim Əbdülqadir Marağai irsinin, əlyazmalarının ilk araşdırıcısısınız. Bu sahədə tədqiqatlarınız barədə nə deyə bilərsiniz?

- “Azərbaycan muğamı ensiklopediyası” Heydər Əliyev Fondunun “Muğam aləmi” layihəsi çərçivəsində 2008-ci ildə nəşr olunub. 2012-ci ildə ensiklopediya rus dilində çapdan çıxıb. Ensiklopediyada dərc edilən məlumatın böyük hissəsi elmi araşdırmalarımın nəticəsidir. Bu kitab tərcümə deyil, yeni bir əsərdir. Məqalələrdə muğam sənətinin tarixinə dair yeni, oxuculara az tanış olan məlumatlar var. Ensiklopediyada qədimdən çağımızadək muğam sənətinin yaranmasının, təşəkkülünün inkişaf mərhələlərinin tarixi icmalı təqdim olunur. Orta əsrlər yazılı qaynaqlarının elmi araşdırılması əsasında Azərbaycan musiqi tarixinə aid önəmli faktlar aşkar etmişəm. Bu faktlar sübut edir ki, muğam sənətinin peşəkar janr kimi təşəkkülü və yazılı qaynaqlarda «muğam» sözünün ortaya çıxması müxtəlif tarixi dövrlərə aiddir.

Ensiklopediyanın üç dəfə təqdimatı olub. İlk təqdimat ötən il Bakıda VI Beynəlxalq Üzeyir Hacıbəyli Musiqi Festivalında, ikinci təqdimat bu ilin aprelində UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (ICTM) iştirakı ilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 150 illiyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində Moskvada, son təqdimat iyul ayında Qazaxıstanın paytaxtı Astanada Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın 43-cü konfransında keçirilib.

1973-cü ildən başlayaraq görkəmli musiqiçi, alim Əbdülqadir Marağainin (1353-1435) beş əsərinin hamısını farsca əlyazmasından oxuyaraq araşdırmışam. Onun əsərləri farsca yazılsa da, bir çox musiqi terminləri ərəbcədir. Orta yüzillərdə farsca və Osmanlı türkcəsində yazılan musiqiyə dair bir çox elmi əsərlərdə ərəb dilində terminlər var. Marağai XIII əsrdə yaşamış Səfiəddin Urməvinin ərəbcə yazdığı “Kitab əl-ədvar” kitabına farsca şərh yazıb, adını “Şərhül ədvar” qoyub, yəni “Ədvarın şərhi”.

- Musiqidə “ədvar” necə anlaşılır?

- Hər bir muğamın əsasında müəyyən səs düzümü durur. Həmin düzümün birinci səsi ilə sonuncu səsi bir-birinə oxşayır, yəni bir dövr təşkil edir. S.Urməvinin zamanında o dövrləşməni insanlara anlatmaq üçün kitablarda dairələr çəkirdilər ki, onun da ərəb dilində cəmi “ədvar” adlanır. Beləliklə, S.Urməvinin “Kitab əl-ədvar” əsəri “Dövrlər kitabı”, başqa sözlə “Musiqi (muğam) haqqında kitab” deməkdir. Bəzi mütəxəssislər yanlış olaraq onu musiqi dövrlənməsi kimi yox, gerçək obyektiv dövr, çağ kimi anlayıblar. Orta çağlarda musiqi sənəti riyaziyyatın içində öyrənilib. O vaxt musiqi haqqında əsəri olmayanı alim saymırdılar. Azərbaycan musiqi tarixinin ciddi şəkildə araşdırılması üçün musiqişünas Şərq dillərini bilməlidir.

- Muğamın şumerlərdən qaldığı doğrudurmu?

- Muğamla bağlı kitab və məqalə yazanlar bəzi faktları qarışdırırlar. Muğam sənətinin təşəkkülü qədim dövrlərdən başlayıb, XIII əsrdən yüksək nöqtəsinə doğru sürətlə inkişaf edib. Di gəl ki, bu tərzdə bəstələnən əsərlər “muğam” sözü ilə adlandırılmırdı. S.Urməvi ilk musiqi alimidir ki, muğamları sinifləndirib, onların adını verib, amma heç bir yerdə “muğam” sözünü işlətməyib. Fərabi (X əsr), İbn Sina (XI əsr) da bu sözü işlətməyiblər. S.Urməvi 12 pərdə və ya dövr, 6 avaz haqqında yazıb. Bəzi araşdırıcılar yazırlar ki, muğam sənəti şumer vaxtından olub. O zaman peşəkar bir musiqinin, yəni muğam janrının təşəkkülü olub.

Muğam bir neçə hissədən yaranan musiqi əsəridir. VI-VII əsrlərdə Barbəd, İbn Sürəyc və başqa musiqiçilər 7 bölmədən ibarət əsərlər bəstələyiblər. XI əsrdə “Qabusnamə”də bir neçə muğamın adı çəkilir. N.Gəncəvidə də bir neçə muğam adına rast gəlirik. O, qədim muğların - kahinlərin təranələri haqqında məlumat versə də, əsərlərində “muğam” sözünü işlətməyib. XIV əsrə qədər “muğam” sözü musiqi elmi əsərlərində istifadə edilməyib. Halbuki o vaxt artıq bu janr təşəkkül tapmışdı, ancaq yüksək nöqtəsinə çatmamışdı və başqa adlarla tanınırdı.

- İlk dəfə “muğam” sözünə harada rast gəlinir?

- İlk dəfə bu sözə musiqi termini kimi Qütbəddin Şirazinin 1306-cı ildə yazdığı ensiklopediyada rast gəlirik. Şirazi musiqiçi olmasa da, o dövrün qaydasına görə əsərində musiqi nəzəriyyəsinə aid bir bölmə var. O, “Dürrət əl-tac li ğürrət əd-Dibac” (“Dibaca ən yaxşı tac incisi”) adlı fəlsəfi əsərində “muğamat” sözünü işlədir, ancaq açıqlamasını vermir. İlk dəfə “muğam” sözünə, geniş izahatına, muğam və şöbələrinin adlarına, eləcə də onların səslərinin xüsusi işarələrlə qeyd olunmasına Ə.Marağainin əsərlərində rast gəlirik.

- İxtisasca musiqişünassınız, ancaq orta əsr fars qaynaqlarını oxuya bilirsiniz. Fars dilini necə öyrənmisiniz?

- Gənc işçi kimi Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun musiqi şöbəsinə işə qəbul oldum, sonra aspiranturada oxudum. Məşhur xalçaçı alim Lətif Kərimovun dil öyrənməyimdə böyük rolu oldu. O, təkcə xalçaçı deyildi, həm də dərin şərqşünas idi. Müxtəlif institutlardan alimlər gəlib onunla məsləhətləşirdi. Lətif müəllimə dünyanın məşhur muzeylərindən xalça sənətilə bağlı müraciət edirdilər, o da yardımçı olurdu. Bu yardımın qarşılığında Lətif müəllim onlardan dünyanın məşhur kitabxanalarında saxlanılan Ə.Marağinin əlyazmalarının surətini istəyərdi. Beləliklə, Lətif müəllim Marağainin bütün əsərlərini ölkəyə gətirtdi. Həmin əlyazmaları, risalələri oxumaq gərək idi. O vaxt yazılan əsərlərin mətnlərində nöqtə, vergül olmayıb. Həm də orta əsr fars dili müasir dildən çox fərqlidir. Oxumaqda, anlamaqda çətinliklər vardı. Lətif müəllim və institutumuzun o vaxtkı direktor müavini, memar Əbdülvahab Salamzadə dissertasiyamda Ə.Marağainin musiqiyə aid nəzəri əsərlərini araşdırmağımı təklif etdilər, razılaşdım. Ardınca indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə bir il tələbələrlə birlikdə fars dilini öyrəndim. Lətif müəllim ikinci elmi rəhbərim oldu. Birinci elmi rəhbərim musiqişünas, sənətşünaslıq üzrə elmlər doktoru olmalıydı. O zaman Azərbaycanda belə bir musiqişünas yox idi. Daşkənddən professor Tamara Semyonovna Vızgo elmi rəhbərim oldu. Beləliklə, 1979-cu ildə Moskvada “Əbdülqadir Marağai və onun musiqi-nəzəri irsi” mövzusunda sənətşünaslıq üzrə namizədlik dissertasiyasını müdafiə etdim.

- Marağainin əsərləri dilimizə çevrilibmi?

- Hazırda mən çevirirəm. Əslində dissertasiyamda və məqalələrimdə Marağainin əsərlərindən müəyyən parçaların tərcüməsini və şərhini vermişəm. Onun haqqında 1983-cü ildə kitabçam çıxıb. Bu kitab Marağai haqqında Azərbaycanda nəşr edilən ilk qaynaqdır. Bir çox alimlər ona istinad ediblər. İkinci kitabım Türkiyədə çıxıb. XVII əsərdə Osmanlı türkcəsində yazılmış, müəllifi bilinməyən bir risaləni tərcümə və şərh etmişəm. Bu risalə musiqi elminin fərqli istiqamətinə aiddir, yanlış olaraq Marağinin əsəri kimi göstərilib. Həmin risalədə də muğam tarixinə aid zəngin məlumatlar var.

- Bu yaxınlarda yeni bir mükafata layiq görüldünüz...

- Uzun illərdir AMEA sistemində çalışıram. Bu yaxınlarda AMEA-nın və institutumuzun 70 illiyi münasibətilə elmi-ictimai sahədə göstərdiyim yüksək uğurlara görə fəxri fərmanla təltif olundum. Bu, elm sahəsində zəhmətimə verilən dəyərli mükafatdır.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 12.