Muğamın Kanadada fəth etdiyi ürək

 

Muğamın cazibə qüvvəsi heç bir sərhəd tanımır. Onun əsrarəngiz dünyası hətta uzaq Kanadada da əks-səda doğurub. Bu musiqinin sehri milliyyətindən asılı olmayaraq, hər bir insanın qəlbində dərin iz buraxır. Məhz bunun nəticəsidir ki, kanadalı Polina Desyatniçenko bu musiqinin sirlərini öyrənmək üçün böyük məsafələr qət edərək Azərbaycana gəlib.

Polina Desyatniçenko Rusiyada anadan olub, amma 10 yaşından Kanadada yaşayır. Azərbaycan muğamını ilk dəfə 2010-cu ildə Toronto şəhərində dinləyib və bu musiqiyə vurulub. Bu sevgi ilə qısa bir müddətdə, iki il ərzində həm tar alətinin sirlərinə, həm də nəzəri biliklərinə yiyələnib. Hazırda o, “Şur” muğamının improvizasiya tarixi” mövzusunda dissertasiya üzərində işləyir.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçirilən təqdimat mərasimində tarı öz doğma aləti kimi əlinə alıb gözəl ifalar nümayiş etdirən Polina dinləyiciləri valeh etdi. İfa olunan hər bir əsərdə Azərbaycan mədəniyyətinə, musiqisinə sonsuz hörmət və məhəbbət əksini tapmışdı.

Qeyd edək ki, Toronto Universitetini bitirən P.Desyatniçenko Azərbaycanda tarın sirlərini görkəmli tarzən, professor Ramiz Quliyevdən alır. Müəlliminin dəyərli dərslərini dərindən mənimsəyərək öz ifası ilə Azərbaycan musiqisinə yeni-yeni naxışlar vurur.

 

Nərgiz Kərimova,

Musiqişünas

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 7.