Balacaların səhnə dünyasından

 

“Uşaq tamaşalarında müasir elementlərdən çox klassik tamaşa üslubu önə çəkilməlidir”

 

Yetişən nəsillərin mənəvi-estetik tərbiyəsi, yüksək sənət ruhunda formalaşmasında teatr əlahiddə əhəmiyyətə malikdir. Bu mənada respublikada fəaliyyət göstərən kukla teatrları ilə yanaşı, uşaq yaradıcılıq mərkəzləri, filarmoniya və bu tipli konsert birlikləri də uşaqların səhnə ilə birbaşa ünsiyyətində maraqlıdırlar. Dövlət Uşaq Filarmoniyasının fəaliyyəti bu cəhətdən xüsusi qeyd olunmalıdır.

 

Filarmoniyanın nəzdində fəaliyyət göstərən Musiqili Uşaq Teatrı noyabrın 26-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində “Yeddi keçi balası” adlı nağıl-tamaşa təqdim etdi. Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılının motivləri əsasında rejissor Elşad Rəhimzadənin səhnələşdirdiyi tamaşada balacalar həmyaşıdlarına mübarizlik, şücaət və böyükləri dinləməyin xeyirləri barədə müəyyən işartılar da vermiş oldular.

Məlumat üçün bildirək ki, kollektiv bundan əvvəl “Bremen musiqiçiləri”, “Cırtdanın nağılı”, “Yeni il gəlir” adlı tamaşa və kompozisiyalar da təqdim edib.

Balacaların alqışlarla müşayiət etdiyi tamaşadan sonra rejissor Elşad Rəhimzadə ilə teatrın fəaliyyəti barədə söhbət etdik.

Müsahibim teatrın iki il əvvəl Dövlət Uşaq Filarmoniyası rəhbərliyinin təşəbbüsü ilə yaradıldığını bildirdi: “İstedadlı uşaqları toplayaraq ilk tamaşamızı hazırladıq. Ötən ilin yanvarında “Bremen musiqiçiləri” adlı nağıl-tamaşa ilə balacaların görüşünə gəldik. Nümunənin maraqla qarşılanması balaca aktyorlarımızda teatra böyük həvəs yaratdı. Onlar məndən yeni tamaşalar hazırlamağı təkidlə istəyirdilər. Qodu-qodu, Kosa-Keçəl, kilimarası kimi xalq oyunlarından istifadə edərək “Cırtdanın macəraları” adı ilə yeni bir nümunəni təqdim etdik. Novruz bayramı ərəfəsində oynanılan tamaşada 30-dan çox azyaşlı həvəslə iştirak etdi. Beləcə, hər tamaşada uşaqlar daha çox səhnəyə alışırlar”.

Rejissor kollektivdə toplanan balaca istedadların sayının artdığını deyir: “Hazırda teatrımızda 50-dən çox 6-16 yaş arası uşaq öz səhnə bacarığını təkmilləşdirir. Teatra həvəs göstərən uşaqlar arasında seçim edərkən biz ilk olaraq onların ritmikası, səhnə hərəkəti, səs tembri və danışıq qabiliyyətinə üstünlük veririk. Amma bütün bunlardan əlavə uşağın səhnədə sərbəstliyi də vacib amildir və biz çalışırıq ki, balacalara bu mənada özünü rahat ifadə imkanları verək. Ümid edirəm ki, gələcəkdə bu uşaqlar arasından da peşəkar səhnəyə gedən aktyor və aktrisalar yetişəcək”.

Elşad Rəhimzadə uşaqlarla işin məsuliyyət və çətinliklərindən də danışdı: “Bu iş olduqca çətin, həm də çox maraqlıdır. Onlarla işləyən hər kəs uşaq təfəkkürünü, psixologiyasını bilməlidir. Uşaqlar ən tələbkar və zövqlü tamaşaçılardır. Onlar istəyir ki, səhnədə daxilindəki uşağı, qəhrəmanını görüb, onu tamaşaçıya təqdim etsin”.

Rejissor bildirir ki, uşaqlar üçün tamaşa hazırlanan zaman, istər klassik, istərsə də müasir nümunələrdə vizual elementlərlə yanaşı, uşaq dünyasının rəngarəngliyinə üstünlük verilməlidir. Bu mənada uşaqların kompüter oyunları və müxtəlif cizgi filmlərində adət etdiyi və artıq bezməyə başladığı ultramüasir elementlərdən çox klassik tamaşa üslubu önə çəkilməlidir.

 

Həmidə

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 7.