Səmərqənddə Azərbaycan mədəniyyəti günləri

 

Ölkəmizin Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Səmərqənd vilayət hakimiyyəti və diaspor təşkilatı ilə birgə bu qədim şəhərdə Azərbaycan mədəniyyəti günləri keçirib.

Mədəniyyət günləri çərçivəsində “Əfrasiyab” Dövlət Tarix Muzeyində “Azərbaycan” sərgisi açılıb. Sərgidə ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı eksponatlar, Azərbaycan milli qadın və kişi geyimləri, xalçalarımız, milli musiqi alətləri, kəlağayılar, habelə ölkəmizin mədəniyyətinə, xalçaçılıq sənətinə dair kitablar nümayiş etdirilib.

Səmərqənd Muzey-Qoruğunun baş direktoru Xojakul Muxammediev iki xalq arasında dostluğun tarixindən danışıb, Azərbaycanın zəngin mədəniyyətinin Özbəkistanda həmişə maraqla qarşılandığını söyləyib. O, sərgidə nümayiş etdirilən suvenir və eksponatların muzeyə bağışlanmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. Bildirib ki, eksponatlar müntəzəm olaraq muzeyin ekspozisiyasında nümayiş etdiriləcək.

Mərkəzin direktoru, səfirliyin birinci katibi Samir Abbasov əmin olduğunu bildirib ki, muzeydə yaradılan "Azərbaycan" sərgisi vasitəsilə həm səmərqəndlilər, həm də bu şəhərə gələn turistlər Azərbaycan mədəniyyəti, adət-ənənələri haqqında geniş məlumat əldə edəcəklər.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. AMM adından muzeyə "İrəvan xalçaları" adlı nadir albom və Heydər Əliyev Fondunun nəşri olan "Azərbaycan xalçaları" kataloqu hədiyyə edilib. Mərkəzin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri "Yallı", "Uzundərə" və digər rəqslərimizi ifa edib.

Mədəniyyət günləri çərçivəsində şəhərdəki Puşkin adına Səmərqənd Vilayət Mərkəzi Kitabxanasında "Odlar yurdu - Azərbaycan" adlı sərgi də təşkil olunub.

"Azərbaycanı tanıyaq" layihəsi çərçivəsində kitabxanaya ölkəmiz haqqında kitablar hədiyyə olunub.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 16.