Ölkəmiz Litvada Milad bazarında təmsil olunub

 

Vilnüsdə xarici ölkələrin diplomatik missiyalarının dəstəyi ilə 13-cü Milad xeyriyyə bazarı keçirilib. Xeyriyyə bazarında Litvada akkreditə olunmuş 36 ölkənin diplomatik missiya və icmaları, həmçinin Vilnüsün 5 beynəlxalq məktəbi təqdim olunub. Tədbirdə Azərbaycanın Litvadakı səfirliyi də iştirak edib.

Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, şirniyyatlardan paxlava, şəkərbura və qoğal, yuxa, narşərab, həmçinin içkilər, meyvə şirələri, mineral sular nümayiş olunub.

Litvanın sabiq prezidentinin həyat yoldaşı Alma Adamkiene, baş nazirin xanımı Yanina Butkyaviçene və mer Remiqüs Şimaşüs Azərbaycan pavilyonunu ziyarət ediblər. Onlara stenddə nümayiş olunan məhsullar haqqında məlumat verilib.

Azərbaycan səfirliyi hər il olduğu kimi, bu il də xeyriyyə tədbirinə töhfə verib. Satışdan əldə edilən vəsait xeyriyyə təşkilatlarına paylanılacaq.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 15.