“Sənəti qarşıma çıxan yaxşı adamlardan öyrənmişəm”

 

Tanınmış rəssam Fikrət İbrahimli yubiley sərgisinə hazırlaşır

 

İçərişəhər metrosunun qarşısındakı beşmərtəbəli binanın “altıncı mərtəbəsi”ndə 25 rəssamın emalatxanası fəaliyyət göstərir. Bura əslində binanın çardağıdır, ancaq uzun illərdir ki, rəssamların ixtiyarına verilib.

 

Tanınmış rəssam Fikrət İbrahimlinin emalatxanası da burada yerləşir. O, gününün çox hissəsini burada keçirir, yaradıcılıqla məşğul olur. Bugünlərdə Fikrət müəllimin emalatxanasında olduq. İçəri girən kimi emalatxananın yaradıcı, sirli aurası insanı özünə çəkir.

Rəssam emalatxanadakı əsərlərlə məni bir-bir tanış edir. Tələbəlik illərinin işlərindən bu günəcən çəkdiyi əsərlərin hər biri insanda fərqli duyğular yaradır. Əsərlərlə tanışlıqdan sonra Fikrət müəllim özü haqqında danışır:

“Neftçalada anadan olmuşam. Orada məşhur rəssam Adil Hacıyevin dərnəyini bitirmişəm. Adil müəllimin Azərbaycan rəssamlığında çox böyük xidmətləri olub. Neftçalada peşəkar rəssamlığın tədrisi ilə məşğul olub, onlarla rəssam yetişdirib. İndi onun tələbələri tanınmış rəssamlardır. Adil müəllim Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə oğlu Əşrəflə birgə məni də gətirmişdi. İkimiz də qəbul olunduq. Onun Bakıda da evi vardı, tələbəlik illərində oğluyla onların evində qaldım. Təəssüf ki, Əşrəf dünyadan gənc ikən getdi”.

F.İbrahimli bildirir ki, Rəssamlıq Məktəbini bitirdikdən sonra ali təhsilini Sankt-Peterburqda davam etdirmək istəyib, ancaq atası qoymayıb. Bundan sonra 1978-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunub. Rəssamın bəxti onda gətirib ki, təhsil illərində qarşısına gözəl insanlar çıxıb. Rəssamlıq Məktəbində oxuyarkən Xalq rəssamı Səttar Bəhlulzadə ilə, universitetdə oxuyanda isə Xalq rəssamı Toğrul Nərimanbəyovla tanış olub. Hər iki sənətkarın onun taleyində önəmli yeri var:

“Sənəti qarşıma çıxan yaxşı adamlardan öyrənmişəm. Böyük rəssamımız Səttar Bəhlulzadə ilə məni sənətşünas Ziyadxan Əliyev tanış etdi. Sonra Səttarla dostlaşdım. Etüd çantam yox idi. O, məni rəssamlıq mağazasına gətirdi, öz etüd çantasından birini mənə aldı. İçərisini də boyalarla doldurdu. Onu indiyə kimi saxlayıram. Məni Əmircandakı evlərinə də aparmışdı. Səttar Füzulini çox sevirdi. Atamla telefonla danışmışdı, qiyabi dostlaşmışdı. Ona da, mənə də kataloqunu bağışlamışdı. Emalatxanasında çox olmuşdum. Səttar əsərlərini umacaqsız hamıya bağışlayırdı. Mənə də əsərlərini verirdi, götürmürdüm, çünki kirayədə yaşayırdım, qoymağa yerim yox idi. Əsər hədiyyə vermək yaxşı şeydir, ancaq bilmirsən ki, taleyi necə olacaq? Ona necə münasibət göstərəcəklər, qayğısına qalacaqlarmı?”

Həmsöhbətim Toğrul Nərimanbəyovu da sayğı ilə xatırlayır. Mərhum rəssam ona universitetdə bir il rəngkarlıqdan dərs deyib. Xalq rəssamının çoxlu tələbəsi olmasına baxmayaraq, emalatxanasının açarını yalnız F.İbrahimliyə verib və istədiyi zaman orada işləyə biləcəyini söyləyib. Deyir ki, Toğrul müəllimin sifarişləri çox olurdu, hər sifarişdən ona da yardım edirdi. T.Nərimanbəyovun dərs dediyi universitetdən uzaqlaşması isə qızı Əsmərin imtahandan kəsilməsilə bağlı olub. O, acıq edərək müəllimlikdən çıxıb. Əsmər isə rəssamlıq üzrə təhsilini Gürcüstanda davam etdirib.

F.İbrahimli görkəmli sənətkarın ona yaxşılığını belə xatırlayır: “Toğrul müəllim mənə çox qayğı göstərirdi. Tanınmış rəssamlarla kirayə emalatxanama gəlirdi. Gələcəyimə ümidlə baxırdı. Rəssamlar İttifaqına üzv olmağımı, emalatxana almağımı çox istəyirdi. On il gözlədikdən sonra 1988-ci ildə ittifaqa üzv oldum, emalatxana aldım. 1984-cü il idi. Toğrul müəllim istəyirdi ki, Fransada ikimiz birgə sərgi keçirək. Bunun üçün mənə kətan və boyalar da almışdı. Mən sərgi haqqında dostlara söylədim. Sonra onlardan biri məni içkiyə öyrətdi. Düz bir il heç nə işləyə bilmədim. Sonradan məsələnin üstü açıldı, həmin adam paxıllıqdan məni bu yola çəkdiyini boynuna aldı. Bu müddətdə Toğrul müəllim də dəfələrlə məni arayıb, ancaq tapmayıb. Beləcə onun dediyi sərgidə iştirak edə bilmədim. Sonra anladım ki, sənət xəyanəti sevmir”.

Rəssamın dolanışığı ilə də maraqlandıq. Bildirir ki, əvvəllər emalatxanasına xaricilər çox gəlirdilər. Fransanın, Almaniyanın səfirləri də burada olublar. Elə çağlar olub ki, emalatxanada əsərlər tamam azalıb, hamısı satılıb. Beş il öncəyə kimi əsərlərin satışı yaxşı olub. İndi çox zəifləyib. Bu il rəssam 10-a qədər əsər satıb.

F.İbrahimli iki il öncə yaşamaq və işləmək üçün Türkiyənin Qaziantep şəhərinə gedibmiş. Gözlənilmədən sağlıq durumu pisləşib və bir aydan sonra geri qayıtmalı olub: “Orada böyrəklərimdən ağrılar tutdu, xəstəxanaya yerləşdirildim. 20 gündən sonra Azərbaycana qayıtdım. 8 ay dializdən sonra Tehranda əməliyyat olundum, mənə yeni böyrək köçürüldü. İndi sağlığım yaxşıdır, özümü gözləyirəm”.

Bu yaxınlarda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəssamın emalatxanasına gəlibmiş. Nazir müavini onun yaradıcılığı ilə maraqlanıb, 60 illik yubiley sərgisinin nazirlik tərəfindən keçiriləcəyini deyib. Hazırda rəssam yubiley sərgisinə ciddi hazırlaşır, yeni əsərlər üzərində işləyir. Sərgiyə 60 əsər çıxarmaq istəyir. Bu, imzasına məsuliyyətlə yanaşan rəssamın hesabat sərgisi olacaq.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 10.