“Doğmalar arasında doğma”

 

Bakıda Nikita Mixalkovun yaradıcılıq gecəsi keçirildi

 

Dekabrın 4-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Rusiya Kinematoqrafçılar İttifaqının sədri, Rusiya Mədəniyyət Fondunun prezidenti, məşhur rejissor, aktyor, ssenarist, Rusiyanın Xalq artisti Nikita Mixalkovun 70 illiyi münasibətilə “Doğmalar arasında doğma” adlı yaradıcılıq gecəsi keçirildi. Gecədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.

Yaradıcılıq gecəsinin adı görkəmli rejissor və aktyorun ən yaxşı ekran əsərlərindən birinə - “Özgələr arasında doğma, doğmalar arasında özgə” filminə bir növ müraciətdir. Xatırladaq ki, kinorejissorun 1974-cü ildə çəkdiyi bu filmin bəzi epizodları Bakı yaxınlığında lentə alınıb. Bu baxımdan tədbirin adı həm də yubilyarın Azərbaycana, paytaxtımıza münsibətinin bir göstəricisidir.

Yaradıcılıq gecəsi Nikita Mixalkovun rejissoru olduğu və aktyor qismində çəkildiyi filmlərin qısa videoçarxının nümayiş etdirilməsi ilə başlandı.

Sonra alqış sədaları altında səhnəyə gələn rusiyalı kinorejissor öncə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

Gecədə rejissor və aktyor kimi çoxsaylı ekran işlərindən söz açan Nikita Mixalkov valideynləri Natalya Konçalovskaya və Sergey Mixalkov barədə xatirələrini bölüşdü. Onlar haqqında çəkdiyi sənədli filmdən fraqmentləri təqdim etdi, gənclik illərindən bu günədək çəkildiyi və lentə aldığı filmlərdən ətraflı söz açdı.

Qeyd edək ki, Nikita Mixalkov “Günəşdən usanmışlar” filminə görə “Əcnəbi dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatı laureatıdır. Görkəmli kino xadimi Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə - “Dostluq” ordeninə layiq görülüb.

Nikita Mixalkov bu il artıq ikinci dəfədir ki, Bakıya gəlir. O, mart ayında Azərbaycan kinematoqrafçıları ilə görüşmüşdü. Rejissor bu səfərində gənc kinorejissor və aktyorlar üçün ustad dərsi keçib.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 6.