Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirildi

 

Dekabrın 7-də Mədəniyyət və Turizm Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirildi.

 

İclası açıq elan edən nazir Əbülfəs Qarayev gündəlik barədə məlumat verdi. Bildirdi ki, kollegiyada IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yekunları, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALİSA) tətbiqi, Gəncə şəhəri və Şəmkir rayonu ərazisindəki tarixi abidələrin vəziyyəti, İmişli, Zərdab və Qax rayonlarının mədəniyyət və turizm şöbələrində nazirlik tərəfindən aparılan yoxlamaların nəticələri müzakirə olunacaq.

Əbülfəs Qarayev bu ilin 16-18 sentyabr tarixində nazirliyin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının uğurla keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, 2017-ci ildə keçiriləcək V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına indidən hazırlıq görülməli, yeni əlaqələr qurulmalı və növbəti sərgi-yarmarkanın əhatəsi daha geniş olmalıdır.

Sonra Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sisteminin (ALİSA) tətbiqi ilə bağlı məsələ müzakirə olundu.

Nazirliyin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bu günə qədər görülən işlər, proqramın işləməsində ortaya çıxan çətinliklər haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, indiyədək 30 şəhər və rayon kitabxanası ALİSA sisteminə qoşulub. Sistem komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat, statistika və digər modullardan ibarətdir.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxışında ALİSA sisteminin tətbiqi, rayon və şəhər kitabxanalarının sistemə qoşulması, digər kitabxana sistemlərinə inteqrasiya məsələləri barədə danışdı.

Sistemin tam olaraq istifadəyə verilməsi üçün ilin sonuna qədər proqram işlərinin yekunlaşdırılması, gələn ilin əvvəlindən isə bütün şəhər və rayonların kitabxana sistemlərinin ALİSA proqramına qoşulması qərar alındı.

Növbəti məsələ olaraq Gəncə və Şəmkir ərazisindəki tarixi abidələrin vəziyyəti müzakirə olundu.

Əbülfəs Qarayev bildirdi ki, ötən ilin dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılıb. Bu xidmət vasitəsilə qədim tarixi abidələrimizin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması ilə bağlı müvafiq işlər həyata keçirilir. Məsələyə dair kollegiyanın qərarı qəbul olundu və bu istiqamətdə zəruri addımlarla bağlı tapşırıqlar verildi.

Daha sonra İmişli, Zərdab və Qax rayon mədəniyyət və turizm şöbələrinin və onların tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərlinin məruzəsi dinlənildi.

İmişli və Zərdab mədəniyyət və turizm şöbələrinin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyətində aşkar edilən nöqsanlar barədə məlumat diqqətə çatdırıldı. Qeyd edildi ki, Qax rayonunda mədəniyyət müəssisələrinin fəaliyyətinin təmin olunması və bölgədə turizmin inkişafı üçün lazımi işlər həyata keçirilir.

Məruzə dinlənildikdən sonra şöbələr və onun tabeliyindəki müəssisələrin rəhbər işçiləri barədə kollegiya qərar qəbul etdi.

Şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirovun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alındı.

Həmçinin qərara alındı ki, 65 yaşının tamam olmasına görə, müvafiq qanunvericiliyin tələbi nəzərə alınaraq, Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixdə xitam verilsin.

Kollegiyanın iclasına yekun vuran Əbülfəs Qarayev müzakirə olunan məsələlər və qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlarını verdi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 3.