Haldun Taner pyes müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

TÜRKSOY-un 2015-ci il üçün elan etdiyi “Haldun Taner ili”nin bağlanış tədbirləri dekabrın 8-də Ankarada gerçəkləşdi. Öncə TÜRKSOY-un baş katibliyində Avrasiya Yazarlar Birliyinin (AYB) təşkilatçılığı, Türkiyə Baş Nazirliyi Tanıtma Fondunun dəstəyi, TÜRKSOY və Türkiyə Dövlət Teatrları Baş Direktorluğunun işbirliyi ilə keçirilən pyes müsabiqəsinin yekunlarına həsr edilmiş toplantı keçirildi.

 

Tədbirdə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nihat Gül, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Türkiyə Dövlət Teatrları Müdiriyyətinin rəhbəri Nejat Biricik, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Qazaxıstanın Ankaradakı səfiri Janseyit Tuymebayev, türkdilli ölkələrin yazıçıları, digər qonaqlar iştirak edirdi. Toplantıya Azərbaycandan Milli Dram Teatrın direktoru və pyes yarışmasının jüri üzvü İsrafil İsrafilov, Milli Kitabxananın direktoru Kərim Tahirov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı-dramaturq Afaq Məsud qatılmışdı.

Haldun Tanerin həyat və yaradıcılığından bəhs edən filmin nümayişindən sonra açılış nitqi ilə çıxış edən Düsen Kaseinov bildirdi ki, türk dünyası mədəniyyət və incəsənətinə ölümsüz əsərlər bəxş edən şəxsiyyətlərin yaradıcılığının təbliği məqsədilə hər il TÜRKSOY belə insanların xatirə ilini elan edir. Bildirdi ki, “Haldun Taner ili” çərçivəsində onun əsərlərinin türkdilli ölkələrdə tanıdılması ilə yanaşı, bir sıra tədbirlər keçirilib, Haldun Taner pyes müsabiqəsi də bu qəbildəndir.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu layihənin türk dünyasında həyata keçirilən ilk pyes yarışması olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, müsabiqəyə 18 ölkədən 109 əsər təqdim olunub. Müsabiqəyə hər hansı türk dillərindən birində yazılan, həcmi iki pərdədən çox olmayan, daha öncə çap olunmayan, tamaşaya qoyulmayan pyeslər qəbul olunub. Münsiflər heyətinin dəyərləndirməsinə əsasən, Başqırdıstandan Məryəm Burakayevanın “Kölgə”, Qazaxıstandan Əkrəm Ahmetovun “Kaşğarlı Mahmud”, Azərbaycandan Afaq Məsudun “Mənsur Həllac”, Qaqauziyadan (Moldova) Todur Zanetin “Sistema” və Türkmənistandan Nobatguli Recepovun “Nəsrəddin hoca, sən kimsən?” əsərləri mükafata layiq görülüb.

Münsiflər adından danışan professor İsrafil İsrafilov bildirdi ki, bu xatirə ili sayəsində görkəmli türk yazıçı-dramaturqu Haldun Taneri Azərbaycanda daha yaxından tanıdılar. O, müsabiqənin əhəmiyyətini qeyd etdi: “Sevinirik ki, türk dünyasını əhatə edən ilk pyes yarışması uğurla başa çatdı”.

Digər çıxışlardan sonra qalib müəlliflərə mükafatlar təqdim edildi.

Həmin gün axşam “Haldun Taner ili”nin son tədbiri kimi Kiçik Teatrın səhnəsində dramaturqun “Gözlərimi qaparam və vəzifəmi yaparam” pyesi nümayiş olundu.

 

Mehparə Sultanova,

Ankara

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 11.