Səmərqənd Dövlət Universitetində "Azərbaycan gecəsi"

 

Səmərqənd Dövlət Universitetində Azərbaycan mədəniyyəti, musiqi və rəqslərinə həsr olunmuş "Azərbaycan gecəsi" keçirilib.

Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı keçirilən tədbirdə çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru Alişer Eştaev iki ölkənin xalqları arasında dostluqdan danışıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov universitetin rəhbərliyi ilə razılaşmaya əsasən burada Azərbaycan mədəniyyəti və ədəbiyyatı guşəsinin yaradılacağını və "Azərbaycanı tanıyaq" layihəsi çərçivəsində ölkəmizin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, ədəbiyyatına dair nəşrlərin universitetə hədiyyə olunacağını bildirib.

Tədbirdə Azərbaycanın təbiəti, mədəniyyəti, turizm potensialı, kulinariyasına dair videoçarx nümayiş etdirilib. Bədii hissədə Özbəkistanın tanınmış sənətçiləri Abdumalik Tatlı, İsroil Saidumarov, Kökəb Əliyeva Azərbaycan musiqilərini ifa ediblər.

Mərkəzin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı "Köçəri", "Tello” və digər milli rəqslərimizi ifa ediblər.

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 7.