Yuğ Teatrında “Şok”

 

Və ya insan yuxuda etdiyi günaha görə məsuliyyət daşımır

 

Sən nə qədər çalışsan, özünü çiynindəki mələklərdən saf saysan da, içindəki şeytanla bacara bilməzsən. Çünki ondan da güclü nəfsini, batinindəki ehtirasını boğa bilmirsən. O səni ən rəzil arzular qanadında ən ağlasığmaz günahlara batırır və sonra da qəhqəhələri ilə sənin miskin sonuna gülür. Növbəti qurbanı, görk olacaq fədaisi Xaço kimi. Əslində Xaço hər birimizin içindəki şeytanla elə hamımızdan çox mübarizə apardı. Çünki yaşamaq kimi cılız bir arzusu vardı və onu son qorxusu ölümdən ayıra bilmədikcə daha da cılızlaşdırdı.

 

Bu qədər adi həyat həqiqətinin ağır səhnə mətləbləri Yuğ Dövlət Teatrında tanınmış türk yazıçısı Turqay Narın «Zibillik» pyesi əsasında hazırlanan “Şok” tamaşası ilə çözələndi.

Əvvəla deyim ki, 26 illik fəaliyyəti ərzində Yuğ Teatrı ilk dəfədir Turqay Narın yaradıcılığına müraciət edir. Teatrın yaradıcısı Vaqif İbrahimoğlunu ustadı hesab edən T.Nar çağdaş dramaturji metoda uyğun, yeni formalı pyeslərin müəllifidir. Əsərləri Türkiyənin teatrlarında dəfələrlə tamaşaya qoyulub. V.İbrahimoğlunun əziz xatirəsinə ithaf edilən «Şok» tamaşası bu teatrın 94-cü səhnə işidir.

Əslində bu əsəri orijinal adında («Zibillik») və eyni rejissorun quruluşunda öncə də izləmişəm. Bir neçə il əvvəl Mingəçevir teatrında baş rejissor kimi uğurlu fəaliyyət göstərən, özünəməxsus yanaşma metodu olan Günay Səttarın quruluşunda. Amma səhnə əsərini bu dəfə yeni adla bizə təqdim edən rejissor elə yozumu və traktovkanı da tam başqa cəsarətdə vermişdi.

Yuğun hücrəsində baş verənlər aşırı şok effekti yaratdı, desəm, çox olmaz. Bu uğurda rejissora Amid Qasımov (musiqi tərtibatı) və Rəşid Şerif (səhnə dizaynı) də kömək etmişdi. Zibilliyin sakinləri isə Oqtay Mehdiyev, Amid Qasımov (Xaço), Rasim Cəfər, Vüqar Hacı (İsrafil), Təranə Atacan və Zümrüd Qasımova (Aymələk) idi.

Rejissorun eqosentrik transaksiya kimi təqdim etdiyi “Şok”da insan məfhumunun hər şeydən yüksəkdə dayandığını, müxtəlif mədəniyyətlərin vahid universal başlanğıcdan qaynaqlandığını, Allahın təkliyi prinsipinin üstün tutulduğunu görürük. Ona görə də yozumda hadisələr gerçəklikdə deyil, yuxuda insanların başına gəlir və bu ikiləşmə - yəni yuxu və gerçək dialoqu (bir obrazda eyni anda iki aktyorun çıxışı) ümumi ağırlığı aradan qaldırır və tamaşaçını aktyor oyununa yox, əsas ideyaya kökləyirdi. Rejissor bu teatrın “psixosof poetika”sına əsaslanaraq tamaşanı məhsuldar və xoş bir sonluqla bitirir: insanlar yuxuda işlədikləri heç bir günaha görə cəzalandırılmır və məsuliyyət daşımır. Və ya sən özünü günahkar hiss edəcək qədər vicdanlısansa, o günahı harada işlətməyindən asılı olmayaraq, mütləq özün özünü cəzalandıracaqsan.

Bu real və elə bir o qədər də irreal təzahürlərin fonunda tamaşaçı üç doğma insanın, həyat və ölüm zibilliyinə məhkum üç gəncin bütün tabuları pozduğunu görür. Əslində haqlıdırlar. Çünki həyat onlara şərikli zibillikdən başqa heç nə verməyib...

“Şok” müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, nəfəs dərmək, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur. Paradoksal səslənsə də, zibillik həm də təmizliyin rəmzidir. Zibillik təmizliyin doğulmasına kömək edir. Bir yerdə zibillik varsa, deməli hardasa təmizlik də var. Təmizlik zibillikdən doğur...

Xronometrajı 75 dəqiqə olan tamaşada musiqidən tərtibata, aktyor oyunundan rejissor yozumuna hər detal bizə bir yandan zibilliyin gerçəkliyini, bir yandan da elə məhz daxilimizdəki bəd niyyətlərdən təmizlənməyin yollarını göstərdi.

Səhnə əsəri daim Yuğ hücrəsində gördüyüm Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan, Oktay Mehdiyevdən çox Zümrüd Qasımova və Rasim Cəfərin ifasında baxımlı idi.

Amid, Vüqar və Təranənin səhnə azadlığındakı özünəməxsusluğu, bu kiçik məkanda nəfəs-nəfəsə olduğu tamaşaçı ilə him-cimindən məhdud manevrlərinədək hər şeyə bələdliyini nəzərə alsaq, digər üçlükdən daha zəif oyun gözləmək olardı. Amma bu “arzum” ürəyimdə qaldı.

Rasimin İsrafili elə real və bütün qorxu və rəzilliklərində o qədər təbii idi ki, onun bütün cəhdlərini, səhnədən zala səs dalğasından qalma bir-iki qüsurunu da unutdururdu. Bu da təbiidir. Rasim daha çox böyük səhnədə və daha artıq səs yükündə oynadığından bu bir nəfəslik məsafədə bəzən qışqırtı təsiri bağışlayırdı. Zümrüdün Aymələyinə gəlincə, onun gözəllik və cazibəsi, bədən dilindən yaradıcı istifadəsi alqışlanmalıdır. Xüsusən zibillikdən tapılan rezin qadın funksiyasında onun Xaço və İsrafilin kiçik “biznes aləti” kimi haldan-hala düşməsi aktrisanın plastikasını və oyun potensialını göstərdi.

Bir neçə kiçik detal (hərdən ifalar arasındakı harmoniyanın pozulması və replikalarda bir-birini itələmə də gözdən yayınmırdı) nəzərə alınmazsa, ümumən Oktay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımovanın oyununu baxımlı və rejissor diktəsində mükəmməl icra hesab etmək olar...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 6.