Milli ruhlu rəssam

 

Ağa Mehdiyev - 95

 

Onun yaradıcılığı mübaliğəli, dəbdəbəli, bəzədilmiş, süni görünə biləcək mövzulardan çox-çox uzaqdır. Rəsmlərində daha çox sadə məişət mövzuları, gündəlik həyatdan götürülmüş adi səhnələr, milli adət və ənənələr özünəməxsus yaradıcılıq təxəyyülü və müəllif dəst-xətti ilə əks olunub.

 

Xalq rəssamı Ağa Cəfər oğlu Mehdiyev (1920-2003) ölkəmizin dilbər guşələrindən biri olan İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Lahıc göz oxşayan mənzərəli təbiəti ilə seçilən, el sənətkarlığının, adət-ənənələrimizin xüsusi şövqlə yaşadıldığı yurd yerlərimizdəndir. Lahıc ustalarının hazırladığı sənətkarlıq nümunələri hələ illər öncə ölkəmizdən uzaqlarda da şöhrət qazanıb. Təbii ki, rəssamın Tanrının ecazkar gözəlliklər bəxş etdiyi belə guşədə böyüyüb, boya-başa çatması onun sənət seçiminə və sonradan sənət dünyasının formalaşmasına az təsir etməyib.

O, ali rəssamlıq təhsili almamışdır. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra (1938) fəal yaradıcılıq aləminə qədəm basmışdır. Əslində, xüsusi yaradıcılıq bacarığı tələb edən sənət növlərini hər hansı bir məktəbi bitirməklə mənimsəmək olmaz. Bu, sadəcə, sənət adamının yaradıcılıq dünyasını təkmilləşdirmək üçün bir vasitə ola bilər.

A.Mehdiyev dəzgah rəssamlığının bütün janrlarında xüsusi bədii yaradıcılıq təxəyyülü ilə sənət inciləri yarada bilmişdir. Onun istər süjetli tablo və portret, istərsə də mənzərə və natürmort janrlarında yaratmış olduğu sənət nümunələri özünün bədii ifadə həlli, özünəməxsus işlənilmə xüsusiyyətləri, forma-məzmun ahəngdarlığı və bədii təsir qüvvəsi ilə tamaşaçı və mütəxəssislərin diqqətini cəlb edir.

Öz dəst-xət və yaradıcılıq üslubuna malik rəssam kompozisiya quruluşunda əlavə detallardan imtina edir, əksər hallarda qəhrəmanlarını, əşya və predmetləri açıq təbiət fonunda təsvir edirdi. O, kolorit həllində daha çox təmiz rənglərə üstünlük verir və təmiz rəng keçidlərinin kontrastlığı vasitəsi ilə əsərlərində perspektiv və işıq-kölgə münasibətlərini yaradırdı. İstər mövzu seçimində, istərsə də bədii texniki işlənilmə xüsusiyyətlərində ənənələrə söykənirdi. Onun bilərəkdən perspektiv və kolorit həllindən imtinası və eləcə də əyri, dalğalı xətlərlə işləmə xüsusiyyətləri isə qədim miniatür sənətimizdən qaynaqlanırdı.

Bəlkə də A.Mehdiyevin işlənilmə texnikasında mövcud qaydalardan kənar, qədim miniatür üslubuna meylliyi onun sənətinin bir müddət layiqincə dəyərləndirilməsinə mane olmuşdur. Ona 1988-ci ildə, ömrünün 68-ci ilində Əməkdar rəssam fəxri adı verilib. 2003-cü ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə rəssamın yaradıcılığı yüksək qiymətləndirilmiş və o, Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülmüşdür. Rəssamın 1961, 1970, 1981 və 1988-ci illərdə Bakıda fərdi sərgiləri təşkil olunmuşdur. A.Mehdiyevin əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində və eləcə də digər muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

Rəssamın süjetli tabloları yüksək bədii və estetik təsir gücünə malikdir. Təsvir etdiyi hadisələrdə tamaşaçı seyrçi deyil, sanki iştirakçı qisimdə çıxış edir. Süjetli tablolarından “İntizar” (1975), “Xalq bayramı” (1976), “Günəşli gün” (1976), “Eyvanda” (1977), “Yaylaqda” (1977), “Güləş” (1979), “Xalçaçı” (1979), “Lahıc qadınları” (1979), “Nar yığımı” (1984), “37-ci il” (1987), “Bahar” (1987), “Təndir başında” (1988), “Qaçaq Nəbi və Həcər” (1988), “Ailə” (1989), “Qanlı gecə” (1990) və başqalarını qeyd etmək olar. Sadalanan əsərlərin hər birinin ayrı-ayrılıqda bədii təhlilinə ehtiyac duyulur. Rəssam ana məhəbbətini, qadın əməyini, qadınların gündəlik ailə-məişət qayğılarını, xalçaçıların, heyvandarların, digər peşə sahiblərinin iş şəraitlərini müxtəlif məqamlarında, bütün incəlikləri ilə, yüksək yaradıcı zövqlə və xüsusi ustalıqla romantik biçimli lövhələrdə təsvir etmişdir.

Sənətkar “37-ci il” adlı əsərini repressiya qurbanı olan Azərbaycan ziyalılarının ölməz ruhuna ithaf etmişdir. Möhürlənmiş qapının çərçivələrinə yöndəmsiz taxtaların X şəklində mıxlanmış təsviri seyrçidə olduqca ağır hisslər buraxır. Rəssam 1990-cı il 20 Yanvar faciəsinin dəhşətlərinə biganə qalmamış, “Qanlı gecə” adlı əsərində faciənin acılarını bədii biçimdə əbədiləşdirmişdir.

A.Mehdiyev eyni zamanda bir çox portretlər qalereyası yaratmışdır: “Lahıclı qız” (1980), “Qız surəti” (1980), “Çobanın portreti” (1982), “İki ay” (1984), “Kamançaçalan” (1984), “Qoca qadın” (1984), “Dağlı qadın” (1985) və s. Təsvir etdiyi qəhrəmanlarının surətlərini ümumiləşdirilmiş şəkildə, bir növ rəmzi xarakterli yaratmışdır. Bunu rəssam bilərəkdən edirdi. Yalnız rəssamın avtoportretində realistik işlənilmə üslubunu sezmək mümkündür.

O, təbiətin ecazkar gözəlliklərini mənzərələrində təsvir etməkdən yorulmamışdır. Çoxsaylı mənzərələrində ilahi gözəlliklər, Abşeronun, İsmayıllının, Azərbaycanın digər bölgələrinin səfalı təbiəti, əzəmətli dağları, mənzərəli meşələri, çayları rəssamın fırçası ilə əbədiləşdirilərək kətana köçürülmüşdür. Onun mənzərə əsərlərinə "Qayıqlar" (1966), “Bürkü” (1977), “Qızmar gün” (1977), “Keçid” (1978), “Abşeron” (1979), “Dağlarda” (1980), “Günorta. Lahıc” (1982), “Köhnə həyət” (1982), “Yağışdan sonra” (1985), “Sakitlik” (1985), “Şər qarışanda” (1986), “Payız” (1989) və başqalarını qeyd etmək olar.

Avropanın sənət mərkəzində yaşayıb-yaratmış, postimpressionizm cərəyanının məşhur nümayəndəsi olmuş Pol Qoqen (1848-1903) və fovizm cərəyanın banisi olmuş Anri Matiss (1869-1954) yaradıcılıqlarında bilərəkdən perspektiv və işıq-kölgə həllindən imtina edir, kolorit həllində daha çox təmiz rəng yaxılarından istifadə edirdilər. Təbii ki, bu rəssamların üslubunun formalaşmasında, onların yaradıcılığına Şərq incəsənətinin güclü təsiri olmuşdur. Maraqlısı budur ki, Azərbaycan təsviri sənətində bu ənənə sovetlər dövründə unutdurulmağa çalışılmışdır. Buna baxmayaraq, A.Mehdiyev özünün yaradıcılığında bu istiqaməti həmişə ana xətt kimi götürmüşdür. Ömrü boyu öz sənət prinsiplərinə sadiq qalaraq, tamaşaçının zövqünü oxşayan, forma-məzmun dolğunluğu ilə seçilən, güclü bədii-estetik təsir qüvvəsinə malik sənət əsərləri yaratmışdır.

Rəssam həmçinin maraqlı natürmort nümunələri yaratmışdır: “Qəhvədanla natürmort” (1984), “Natürmort palitra ilə” (1984), “Natürmort” (1985) və s.

Rəssam qardaş Türkiyəyə yaradıcılıq səfərində gördükləri, duyduqları və müşahidələri nəticəsində maraqlı tablolar yaratmışdır. Bu əsərlərindən ibarət Bakıda fərdi sərgisi təşkil olunmuş, tamaşaçı və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmişdir. Rəssamın İstanbul mənzərələri tamaşaçının qəlbində xoş hisslər yaradır. “İstanbul duman içində” (1960), “Bosfor yağışdan sonra” (1960), "Axşama doğru. İstanbul" (1961) və s. belə əsərlərindəndir.

A.Mehdiyevin özünəməxsus dəst-xətti və güclü müşahidə qabiliyyəti ilə yaratdığı nümunələr Azərbaycan təsviri sənət tarixində əbədi yaşayacaqdır.

 

Əsəd Quliyev,

sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 15.