Şuşadan qanadlanan arzular

 

Görkəmli bəstəkar Əşrəf Abbasovun 95 illiyi qeyd olundu

 

Dekabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqi xadimi, bəstəkar, Xalq artisti, professor Əşrəf Abbasovun (1920-1992) 95 illiyinə həsr olunmuş xatirə tədbiri keçirildi.

 

Tədbiri ittifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq Əşrəf Abbasovun həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Ə.Abbasov Şuşa şəhərində dünyaya göz açıb. İlk musiqi təhsilini də bu ecazkar şəhərdə alıb. Uşaqlıqdan tar ifaçılığına həvəs göstərir, bu marağı onu gənc yaşlarında tar üçün kiçik həcmli birsəsli texniki pyeslər yazmağa həvəsləndirir. Üzeyir Hacıbəyli Şuşaya səfərlərinin birində gənc musiqiçinin yaradıcılığı ilə tanış olur və onu konservatoriyada oxumağa dəvət edir. Beləliklə, Şuşadan qanadlanan arzular Bakıda reallığa çevrilir.

Qeyd olundu ki, çoxcəhətli yaradıcılığa malik olan bəstəkar gözəl romanslar müəllifi idi. Onun musiqi irsində simfonik əsərlərin də xüsusi yeri var. “Şuşa”, “Gələcək gün”, “Dramatik poema” bəstəkarın ən kamil simfonik əsərlərindən sayılır. O, simfonik orkestr üçün süitalar da yazıb. Yaradıcılığının zirvələrindən biri isə Süleyman Sani Axundovun məşhur hekayəsinin motivləri əsasında yazdığı “Qaraca qız” baletidir. Bu balet həm də uşaqlar üçün yazılan ilk böyük səhnə əsəridir.

Bəstəkarlıqla yanaşı, elmi-pedaqoji fəaliyyətini də davam etdirən Ə.Abbasov 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyli və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsi alıb. Görkəmli sənətkar müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru və Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışıb.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxışında Ə.Abbasovun musiqi mədəniyyəti tariximizdə rolundan bəhs etdi. Bildirdi ki, bəstəkarın “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” komediyalarına yazdığı musiqilər ifadəliliyi, coşqunluğu və lirizmi ilə seçilir. Onun müəllif ideyalarını, obrazların xarakterini musiqinin dili ilə tamaşaçılara və dinləyicilərə çatdırmaq istedadı vardı. Bəstəkarın Molla Pənah Vaqif, Mikayıl Müşfiq və başqa şairlərin sözlərinə yazdığı musiqilər həzinliyi, emosionallığı ilə dinləyicilərin rəğbətini qazanıb. “Heyran olmuşam”, “Oxu, bülbül”, “Qurban olduğum”, “Gözəl yar”, “Qarabağın qızları” və digər romans və mahnıları uzun illərdir ki, tamaşaçı və dinləyicilərin ruhunu oxşayır.

Çıxışlardan sonra söz musiqiyə verildi. Bəstəkarın violin və fortepiano üçün variasiyaları, tar və fortepiano üçün “Gənclik rəqsi”, “Heyran olmuşam”, “Gözəl yar”, “Ceyranım gəl”, “Baxdı mənə” mahnıları, fortepiano üçün 2 uşaq pyesi - “Xalq mahnısı”, “Rəqs”, “Qaraca qız” baletindən “Qaraçılar rəqsi”, “Vals” fraqmentləri ifa olundu.

Tədbirin sonunda sənətkarın oğlu, Əməkdar incəsənət xadimi, bəstəkar Cəlal Abbasov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz təşəkkürünü bildirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 12.