Müasir Azərbaycan Heydər Əliyevin əsəridir

 

Şəhər və rayonlarda xatirə tədbirləri

 

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları tərəfindən 18 saylı orta məktəbdə, fars və ingilis dilləri təmayüllü internat məktəbində səyyar sərgi təşkil edilib.

Sumqayıt şəhər F.Əmirov adına uşaq incəsənət məktəbində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Ulu öndərə həsr olunmuş şeirlər ifa edilib, mahnılar oxunub.

Ümummilli liderin xatirəsi şəhərdəki “28 May” diyarşünaslıq evində də anılıb. Ulu öndərin həyat və fəaliyyəti haqqında məruzə dinlənilib, bədii qiraət dərnəyinin üzvləri dahi şəxsiyyətə həsr olunmuş şeirlər səsləndiriblər.

* * *

Sumqayıt şəhərində yerləşən Qubadlı rayon mədəniyyət müəssisələri və Mərkəzi kitabxananın təşkilatçılığı ilə xatirə tədbiri keçirilib. “28 May” mədəniyyət evinin əməkdaşı Ulduz İsayeva, rayon MKS-nin direktoru Müşgünaz Muradova, Mahmudlu kənd mədəniyyət evinin müdiri Ziba Kazımova çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən söz açıblar.

* * *

Oğuz rayon MKS-nin Mərkəzi kitabxanasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim keçirilib. Çıxış edənlər müstəqil Azərbaycan dövlətinin qurucusunun siyasi fəaliyyətinə nəzər salıb, ölkəmizin sabitliyi və inkişafı naminə gördüyü işlərdən danışıblar.

* * *

Şirvan şəhər Mərkəzi kitabxanasında keçirilən tədbirdə MKS-nin direktoru İltifat Nəbiyev, direktor mavini Vəzufə Xudiyeva, xidmət şöbəsinin müdiri İlhamə İmanova ulu öndərin Azərbaycan mədəniyyətinə, milli mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. MKS-nin baş biblioqrafı Alma Cəfərova kitabxananın fondunda olan Heydər Əliyev haqqında nəşrlər barədə məlumat verib.

* * *

Qazax rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” adlı anım mərasimi keçirilib. Mərkəzin baş mühafizi Ceyhunə Allahquluyeva Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan danışıb. Şagirdlərlə diskussiya xarakterli söhbət aparılıb. Sonda uşaqlar mərkəzdə nümayiş olunan fotosərgiyə baxıblar.

* * *

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Salyan rayon Heydər Əliyev Mərkəzində "Qalx ayağa, Azərbaycan!" adlı tamaşa nümayiş etdirib. "Heydər Əliyev irsini öyrənirik" layihəsi çərçivəsində reallaşan tamaşa ümummilli liderin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edir.

* * *

Biləsuvar rayon Mərkəzi kitabxanasında keçirilən anım tədbirində Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəfiqə Cəfərova dahi rəhbərin ömür yolundan söz açıb.

Vurğulanıb ki, Heydər Əliyevin vəfatından illər ötsə də, yaşadığımız hər gündə biz müdrik liderin uzaqgörən ideyalarının təntənəsini görürük. Onun ideyaları Azərbaycanın inkişafında təcəssümünü tapır. Tədbirin sonunda ulu öndər haqqında sənədli film nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 18 dekabr.- S. 7.