Tofiq Bakıxanovun 85 illik yubileyi qeyd olundu

 

Dekabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, professor Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Gecədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

 

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun bəstəkara ünvanlanan təbrik məktubunu oxudu. Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Tofiq Bakıxanova Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi fəxri adının verilməsi barədə Ali Məclis sədrinin sərəncamı diqqətə çatdırıldı.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək bəstəkarın həyat və yaradıcılığı barədə geniş məlumat verdi. Bildirdi ki, Tofiq Bakıxanov ziyalı bir nəslin nümayəndəsidir. Ulu babası Abbasqulu ağa Bakıxanov Azərbaycanın görkəmli tarixçisi, filosofu, atası Əhmədağa Bakıxanov isə tanınmış tarzən, pedaqoq olub.

Tofiq Bakıxanovun bəstəkar kimi formalaşmasında dahi Üzeyir Hacıbəylinin böyük rolu var. Üzeyir Hacıbəyli ilə Əhmədağa Bakıxanov dost idilər. Üzeyir bəyin məsləhəti ilə Tofiq musiqi məktəbinin skripka sinfinə daxil olur. 12 yaşından konsert salonlarında, radioda çıxışlar edir. Məktəbdə oxuyarkən bəstəkarlığa da meyl göstərir. O, 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının skripka sinfini, 1957-ci ildə Qara Qarayevin bəstəkarlıq sinfini bitirib.

Bəstəkar 3 musiqili komediya, 3 balet, 8 simfoniya, müxtəlif alətlər üçün 25 konsert, 26 sonata, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərlər, süitalar, uvertüralar, mahnı və romansların müəllifidir. Azərbaycanda ilk birpərdəli balet olan “Xəzər balladası” bəstəkarın yaradıcılığının vizit kartıdır. Xəzər neftçilərinə həsr olunan əsər 1968-ci ildə Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub, 1969-cu ildə Parisdə keçirilən VII beynəlxalq musiqi festivalında böyük uğur qazanıb.

Tofiq Bakıxanov Asəf Zeynallı adına Musiqi Kollecində skripka dərsi deyib, həmçinin uzun müddət Bakı Musiqi Akademiyasında kamera instrumental kafedrasında fəaliyyət göstərib.

Qeyd olundu ki, bir neçə gündür Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda sənətkarın yubileyi ilə əlaqədar musiqi festivalı keçirilir. Festival çərçivəsində bəstəkarın yaradıcılığına həsr olunmuş konsertlər təşkil edilir.

Sonra Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert təqdim olundu. Proqramda ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Həmişə bizimləsən” simfonik muğamı, “Dünya durduqca yaşa”, “Vətən nəğməsi”, “Təntənəli uvertüra”, “Bağışla məni”, “Sevən könül” və digər əsərlər səsləndirildi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 6.